Mənzil fırıldağının qurbanları telekanallara etiraz etdi; Əliyevlərin şəkilləri ayaq altına atıldı
“Kamran-B.Ə.” MMC-nin aldatdığı vətəndaşlar ötən gün aksiya keçirdilər. Tikinti şirkətinin dələduzluğu nəticəsində pulları batan qurbanların hüquqlarını qoruyan hüquq müdafiəçisi Ələkbər Məmmədov bir neçə şəxsə cinayət işi qaldırılmasını yetərli saymır.
“Efirə verilməsə, yenə burada toplaşacağıq”
Ona görə də aldadılan vətəndaşlar “Şərur” tikinti şirkətinin tikdiyi evlərin ATV və “Xəzər TV”də reklam olunmalarına etirazlarını ifadə etmək üçün saat 12-də ATV-nin önündə toplaşdılar. Vətəndaşlar əraziyə gələnə qədər artıq polis hadisədən xəbərdar olub oranı mühasirəyə almışdı. Əllərində Heydər və Ilham Əliyevlərin portretləri, “Isfəndiyar Axundov ya pulumuzu, ya da evimizi ver” plakatları tutan qurbanlarla bir az mülayim rəftar edildi. Onlar telekanalın rəhbərliyində təmsil olunan şəxslərdən biri ilə görüşüb dərdlərini işıqlandırmağı tələb edirdilər. Fikirlərini isə belə əsaslandırdılar: “Biz ATV və ”Xəzər” televiziyalarından “Kamran-B.Ə.”nin reklamını görüb mənzil almışıq. Hamı telekanallara inanır. Indi də bunun ağrısını çəkirik. Isfəndiyar Axundov təkcə “Kamran-B.Ə.”dən 6 milyon manata yaxın pul mənimsəyib. Bu pullar bizim hesabımıza əldə edilib. Indi tələb edirik ki, ya pullarımız, ya da mənzillərimiz qaytarılsın. ATV və “Xəzər”də onları reklam edib bizi dərdə saldıqları kimi, bizi də dinləyib problemlərimizi işıqlandırsın. Istəyimiz həm haqqımızı almaq, həm də digər vətəndaşların bizim kimi qurbana çevrilməməsinin qarşısını almaqdır”.

Az keçmədən ATV-nin müxbir personajı şikayətçilərin yanına düşüb onların dərdlərini dinlədi. Bir neçə dəqiqəlik olan bu çəkiliş sakinlərin etirazına səbəb oldu. Onlar bu çəkilişdən “gözlərinin su içmədiyini” dedi. Bildirdilər ki, lentə aldıqları efirə verilməyəcək. Müxbirlərdən qəti söz aldıqdan sonra ATV-dən getdilər. “Əgər efirə verilməsə, biz yenə burada toplaşacağıq” deyib, “Xəzər”ə üz tutdular.
“Biz ATV və ”Xəzər” TV-yə etiraz etdik ki, bizi aldadan şirkəti niyə yenidən reklam edirsiz. Halbuki “Xəzər” 10-15 gün əvvəl həmin tikinti şirkətinin adamları necə aldatdığı barədə reportaj verib, ancaq indi həmin şirkət o televiziyada reklam olunur. Şirkət rəhbəri adamları yenidən onlardan ev almağa çağırır” – deyir qurbanlar.

Nədənsə bu dəfə polislər adıçəkilən telekanalın qarşısında gec göründülər. Daha doğrusu, gəlmədilər. ATV-də olduğu kimi, burada da əllərində portret və transporant tutan vətəndaşlara kanalın məsul işçilərinin qəzəbi tutdu. Onlar plakatın qaldırılmasının və şüarların səsləndirilməsinin əleyhinə olduqlarını dilə gətirdilər. Sakinlər isə fikirlərində israrlı olduqlarını nümayiş etdirdilər. Onlar çəkiliş üçün müxbir tələb etdilər. Telekanalın əməkdaşlarının çəkiliş edəcəyini bildirən “Xəzər”in sözçüsü də fikrində qəti idi. Onun əsas diqqəti plakat və şüarlara yönəlmişdi. Yalnız vətəndaşlar dillərini qıfılladıqdan sonra onları dinləyə biləcəklərini söylədi. Bu isə mümkün deyildi. Vətəndaşlar haqlı tələblərini ifadə edir, “Xəzər”in onları çəkməsini istəyirdilər. Bu zaman kanalın işçilərindən biri polisə xəbər verdi. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına telekanalın rəhbərliyində təmsil olunan şəxslər “aksiyaçıları dağıt!” əmrini verdi. Polislər şüar səsləndirən aksiya iştirakçıları ilə kobud davrandılar. Əllərindəki transporant və portretlər alınaraq cırıldı. Vətəndaşları qovaraq ərazidən uzaqlaşdırdılar.

Isfəndiyar Axundov 103 nəfərlə anlaşıb?
Düzdür, polis aksiyaya müdaxilə etməzdən öncə üç zərərçəkən “Xəzər”in studiyasına daxil olub fikirlərini dedi, ancaq söylədiklərinin efirə gedib-getməyəcəyinə arxayın olmadan oranı tərk etdilər.
Vətəndaşlar şirkətin daha bir “oyunu” haqda jurnalistlərə məlumat verdilər. Onlar bildirdilər ki, bu işlərin arxasında duran Isfəndiyar Axundov mənzilin qiymətilə müqayisədə məbləğin yarısından az hissəsini verən vətəndaşlara verilən puldan 1000 manat mənimsəməklə qalan məbləği qaytarmaq təklifini irəli sürüb. Yəni 56 min manatlıq mənzilin 20 min manatını ödəyən şəxsə ən yaxşı halda 19 min manat ödənilə bilər.
Zərərçəkənlər “Xəzər”dən çıxıb Respublika Prokurorluğuna üz tutdular.
Şikayətçilərdən 15 nəfərini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev qəbul etdi. Görüşdən çıxıb açıqlama verən sakinlər dedilər ki, Kamran Əliyev 260-a yaxın zərərçəkəndən 103 nəfəri ilə problemin həll olunduğunu bildirib: “Problemin necə həll olunduğu hələlik məxfi saxlanılır. Ehtimal olunur ki, mənzillər birinci alıcılarına veriləcək. Digər zərərçəkənlər pullarını alacaqlar. Kamran müəllim dedi ki, sonuncu zərərçəkən pulunu aldıqdan sonra bu iş bağlanacaq”.
Qurbanlar ötən gün əslində 4 aksiya keçirməli idi. Sonuncu aksiya Prezident Administrasiyasının (PA) qarşısında olmalı idi. Ancaq Respublika Prokurorluğundan çıxan vətəndaşlar PA-ya getməyə lüzum bilmədilər. Ancaq problemləri həll edilənə qədər gedəcəklərini söylədilər. Yaxın günlərdə onlarla danışığa gəlməyəcəyi təqdirdə yenidən aksiya keçirəcəklərini bəyan etdilər.
Ramin DEKO


