Ekspertlərə görə, Azərbaycan Irana qarşı mübarizədə beynəlxalq normaları əlində rəhbər tutmalıdır
Azərbaycanın Təbrizdəki baş konsulluğunun binası qarşısında noyabrın 4-də planlaşdırılan etiraz aksiyası sonda konsulluğa hücumla nəticələnə bilər. Belə bir sonluğun olacağını “Hizbullah”ın Iran qolu olan “Hizbullah Ənsarı” təşkilatının Təbriz nümayəndəliyinin baş katibi Höccətülislam Ruhulla Becani bildirib. Becani deyib ki, Təbriz gəncləri sionizmin istiqamətilə icra olunan Azərbaycan Respublikasının antiislam siyasətinə etiraz olaraq bu respublikanın Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar.
Maraqlıdır ki, artıq bununla neçənci dəfədir ki, Iran tərəfindən Azərbaycana hədə dolu bəyanat səslənir. Iranın sərt ritorikası özünü gah generalların, gah da dindarların timsalında göstərir. Hər bir sərt mesajda isə Azərbaycan hakimiyyəti inqilablarla, çevrilişlərlə hədələnir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Iranın Azərbaycana qarşı son zamanlar təhdidlərinin artması təsadüfi deyil. Iranın Azərbaycandan konkret gözləntilərinin olduğunu deyən V.Quluzadə bildirdi ki, Iran Azərbaycanı özünün bir parçası kimi və ya ən yaxşı halda ondan ciddi şəkildə asılı vəziyyətdə görmək istəyir: “Iran Azərbaycanın Qərblə enerji sahəsində əməkdaşlığından narahatdır. Amma hər bir halda Iranın bu cür bəyanatları, aqressiyası bir daha Tehran rejiminin mahiyyətini dünyaya göstərir”.
Azərbaycana olan hədələrlə bağlı hansı addımların atılmasına gəlincə, V.Quluzadə bildirdi ki, Azərbaycan Irana qarşı mübarizədə beynəlxalq normaları əlində rəhbər tutmalıdır. Çünki onsuz da Iranın hazırkı beynəlxalq imici onun Azərbaycana qarşı açıq addımlar atmasına imkan verməyəcək. Irandan gələn təhdidlərlə bağlı XIN-dən münasibət öyrənmək cəhdlərimiz isə gün ərzində nəticə vermədi.
Hikmət