Bu günlər bir sıra mətbuat orqanlarında gedən “flaş” xəbər gözünüzə dəyib yəqin. “Azərbaycanda ”Eurovision” həyəcanı başlanır”! Söhbət beynəlxalq musiqi yarışmasının seçimlərinə start verilməsindən gedir hər halda. Mən bu an özümdə elə bir həyəcan hiss etməsəm belə, tədbirin əleyhdarı da deyiləm. Dünyanın gözü hansı işıqlı pəncərədən bizə baxacaqsa, mən o pərdələri açmağın tərəfindəyəm. Amma məsələ bir az başqadır.
Nüfuz barədə geniş müzakirə açmadan qeyd edim ki, hazırda “Eurovision” dünyanın ən populyar yarışmalarından biri sayılır. O zaman hər il dünyanın diqqətini bu tədbirə ev sahibliyi edən ölkəyə yönəldəcəyi də şübhə doğurmur. Azərbaycandakı hazırlıq təlaşı, yeni tikinti işləri, bahalı dekorasiyalar və s. haqqında xəbərimiz var. Bəs masanın üstündəki vicdan məhbuslarının adı sıralanmış uzun siyahı necə olsun?.. Dünya bizə hansı gözlə baxacaq?
Etiraf edək ki, sovet müstəmləkəsindən 20 ildən bəri qurtulmuş bir ölkə kimi hələ də Avropaya gedib çıxa bilməmişik. Avropa Şurasına üzv olmuşuq, “Eurovision”a səs salmışıq, rəngarəng beynəlxalq konvensiyalara qoşulmuşuq, qlobal layihələrə imza atmışıq, amma mahiyyət heç dəyişməyib. Azərbaycan bu gün yeni bir ölkə kimi idarəetmə baxımından özümüzə bir köynək yaxın olan qardaş Türkiyədən və ya hər hansı Avropa ölkəsindən daha çox Rusiyaya bənzəyir. Keçmiş sovet təfəkküründən xilas ola bilməyən Azərbaycan hökuməti demək olar ki, bu ölkənin atdığı hər bir antidemokratik addımı təkrarlayır…
Illər öncə Bakıda bir afrikalı caz sənətçisi ilə tanış olmuşdum. Ecazkar səsli bu xanım “caz bizim azadlıq arzularımızın, haqsızlığa qarşı üsyanımızın, milli mübarizəmizin ifadəsi olaraq meydana gəlib” demişdi. “Siz oxuyarkən hər zamanmı ağlayırsınız?” sualıma da, “əlimdə deyil, bu musiqinin notlarına göz yaşları qarışıb” deyə cavab vermişdi.
Bəli, musiqinin belə bir gücü və sehri var. Elə bu gün bizim qapımıza gəlib çıxan “Eurovision” da hər şeydən öncə azadlığa meydan açan bir yarışmadır. Hər halda musiqi bütün xalqlar arasında anlaşılan incə bir ünsiyyət vasitəsi olduğuna görə onu azadlıq dili adlandırırlar. Qəribədir ki, “Eurovision”un 1956-cı ildə San-Remo musiqi festivalından başlandığı tarixdə də iştirakçıların qarşısındakı yeganə əngəl dil məsələsi olmuşdu. Ilk mərhələdə hər bir ölkənin musiqi nömrəsini yalnız öz dilində təqdim etməsi şərtini irəli sürən jüri sonradan qərarına düzəliş etmişdi. Bu qərardan sonra yarışmanı ilk qazanan 70-ci illərdə dünyanı populyar hitləri ilə yerindən oynadan ABBA olmuşdu – məşhur “Waterloo” mahnısı ilə…
Napoleon Vaterlooda təslim olduğu kimi,
mən də taleyimə elə təslim oldum…
Qrupun 1974-cü ildə qazandığı bu uğuru həm də “söz azadlığı”nın qələbəsi kimi dəyərləndirmək olardı. Çünki bundan bir az öncə yarışa tələb olunan dildə yazılmış mahnıyla qatılan qrup yalnız üçüncü yeri qazana bilmişdi.
Bizdə söz azadlığına olan münasibət isə ədalətsiz həbslərdən, amansız təqiblərdən, mürtəce qadağan rejimindən bəsbəlli. Heç şübhəsiz, onlarca Avropa ölkəsinin təmsil olunduğu musiqi yarışmasında birinciliyi qazanmaq gözəldir. ABBA-nın qələbəsindən uzun illər sonra o uğur bizim də qapımıza gəlib çıxıb. Amma dünyəvi dəyərlərin rədd olunduğu yerdə o musiqinin verdiyi zövq, yaşatdığı həyəcan nə olacaq?..