Yeni Əshabül-Kəhf möcüzəsi
Naxçıvanlılar Türkiyənin müxtəlif şəhərlərinə, Bakıya, Sumqayıta, Xızı rayonuna və Abşeron kəndlərinə köçür.
Kimsənin şəkki və şübhəsi varsa, uzaq Istanbula yox, yaxındakı Binə və Ramana qəsəbələrinə baş çəksin.
Bakıda, Sumqayıtda, Abşeron yarımadasına köçən naxçıvanlıların Türkiyədə məskunlaşan naxçıvanlılardan bir üstünlüyü var. Onlar Türkiyədəki naxçıvanlılar kimi “qaçaq” deyillər. Istədikləri vaxt, daha dürüstü əllərinə pul keçən kimi Naxçıvana gedə bilirlər.
Türkiyədə bir aylıq viza müddəti bitmiş naxçıvanlıların doğma yurd-yuvalarına dönüşü isə onlara çox baha başa gəlir. Ya Türkiyənin üzünə beşillik həsrət qalırlar, ya da 1000 manatdan artıq cərimə ödəməli olurlar. Köçün qarşısı nədən alınmır? Nədən Azərbaycan vətəndaşları üçün açılan vizanın müddəti artırılmır? Nə üçün Türkiyədə qaçaq yaşayan naxçıvanlıların taleyi bu iqtidarı maraqlandırmır? Əfsuslar olsun ki, bu suallara cavab verən bir iqtidar yetkilisi tapılmır. Əvəzində Naxçıvandan bir alim zəng edib iradını bildirir. Ki, mənim Naxçıvanın cənnətə çevrilməsini gözüm götürmür.
Adama anlatdım ki, Naxçıvandakı səliqə-sahmanı, abadlıq işlərini gözə soxmağa lüzum yoxdur, nədən ki, bu işlər üçün Azərbaycan dövlətinin büdcəsindən vəsait ayrılır. Kimsə atasının pulu ilə yol çəkmir, məktəb tikmir, körpü salmır.
Məni maraqlandıran insan amilidir. Sabah Vasif Talıbov əmr edər və Naxçıvanın küçələrini fransız sabunu ilə yuyarlar. Istəsə, vilayətin hər kəndində Heydər parkı saldırar, parkın ortasında da “Barı Naxçıvan” havasına musiqili fontan quraşdırar… Bunların hansı biri o köçün qarşısını ala bilər ki? Naxçıvanı cənnətməkana tay tutan zatlar, lütfən cavab verin, kim cənnətdən qaçıb Abşeron kəndlərində, Türkiyə şəhərlərində kirayə yaşayar?
Istanbulda qohum-qardaş da daxil yüzlərlə naxçıvanlı ilə söhbət etdim, onların kirayə qaldıqları evləri gördüm, ağır şərtlər altında sənaye müəssisələrində çalışdıqlarının şahidi oldum. Və o qaçaq həmyerlilərimin hər biri Naxçıvanda iş tapacağı təqdirdə geri dönməyə, doğma ocağının işığını yandırmağa hazır olduğunu dilə gətirdi.
Bütün bunlardan sonra adamın içində suallar baş qaldırır.
O necə cənnətməkandır ki, orada adamlar iş tapa bilmir? O necə cənnətməkandır ki, kəndlərdə evlərin az qala yarısının qapısı qıfıllanıb? O necə cənnətməkandır ki, beyət etməyənin evini dağıdırlar, qol-qıçını sındırırlar? O necə cənnətməkandır ki, beş-on nəfərin bir yerə toplanmasını yasaq ediblər, çayxanaları söküb dağıdıblar?
Vasif Talıbov vilayətdə hakimi-mütləqdir. Ona baş əyməyənlərin o vilayətdə yaşaması sadəcə, mümkün deyil.
Müxalif düşüncə sahiblərinin başına gətirilən müsibətləri məgər Bakıda görmürlər? Görürlər, özü də çox yaxşı görürlər.
Azərbaycanın bir iş adamı cəsarət edib vilayətdə bir zavod, bir fabrik, bir istehsal müəssisəsi aça bilmir. Nəyə görə? Səbəbini isə hər kəs bilir, fəhlə də, prezident də.
Bir vaxtlar biz naxçıvanlılara “demoqoq” deyərdilər. Kimsə inciməsin, naxçıvanlılar hər yerdə sözün düzünü deyərdilər, haqsızlığa göz yummazdılar. Bir kolxoz sədri, sovxoz direktoru, idarə müdiri, lap belə vilayətin rəhbərləri həddini aşa bilərdi?
Bir bisavad vəzifəyə təyin oluna bilməzdi. Bakıya, Moskvaya şikayət məktubları yazılardı. Bu gün vilayət əhli üzüyola olub sanki. Kəndlər boşalır, yüzillərlə kənd camaatının toplanıb dərdləşdiyi çayxanalar dağıdılır, təhsil bərbad vəziyyətdədir, narkomaniya yayılır, ancaq kimsənin səsi eşidilmir.
Son iyirmi ildə passionar insanlar vilayəti demək olar ki, tərk edib vilayət əhlinin üzüyola olmasında bu faktorun da önəmi böyükdür. Orada qalanlar isə çörəkpulu qazanmağı hər şeydən üstün tutanlardır…
5 ildir Bakıda kirayədə qalan bir naxçıvanlı müəllim nədənsə hər dəfə görüşəndə deyir ki, yeni bir Əshabül-Kəhf möcüzəsini gözləyir. Bildiyiniz kimi, Naxçıvanda belə bir ziyarətgah var. Xristianlığın ilk illərində Roma imperatoru bütpərəst Dakyunus Allaha inanmadığı üçün insanları zülmə məruz qoyur, hər kəsi özünə baş əyməyə vadar edirdi. Yeddi nəfər Dakyunusun zülmündən baş götürüb qaçır və rəvayətə görə, Naxçıvan yaxınlığındakı dağın bir mağarasında 309 il yuxuya gedirlər…
Ətraflı özünüz oxuyarsınız, məqsədim o ziyarətgah haqqında yazmaq deyil. Bir savadlı teoloq tanıyırsınızsa, xəbər edin, ona bir sualım olacaq. Xəbər alacam ki, naxçıvanlı müəllimin gözlədiyi yeni bir Əshabül-Kəhf möcüzəsi yarana bilərmi?