Sülhəddin Əkbər: «Həmin şəxslərin hakimiyyətə qarşı birləşməsinin və müxalifətə keçməsinin hər hansı əlamətləri görünmür»
Ermənistanda hakimiyyətdə təmsil olunan şəxslərin ardıcıl istefaları davam edir. Ermənistan baş nazirinin müavini, ərazi idarə olunması üzrə nazir Armen Gevorkyan istefa verib. Həmçinin Ermənistanın daxili işlər naziri Alik Sərkisyan vəzifəsi ilə vidalaşıb. Eyni zamanda Irəvanın polis rəisi Armen Akopyan da istefa verdiyini açıqlayıb. Bu arada parlamentin spikeri Ovik Abramyan da bu ayın ortalarında rəsmi şəkildə istefaya gedəcək. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın da vəzifədən azad edilməsi ilə bağlı məlumatlar yayılsa da, bu xəbərlər hələlik təsdiqini tapmayıb.
Istefalarla bağlı müxtəlif fikirlər özünə yer alıb. Bəzi ekspertlər istefaların Ermənistan hakimiyyətinin güclənməsinə hesablandığını desə də, fərqli mövqedə olanlar da var. Belə ki, dünyada baş verən inqilabi proseslərin postsovet məkanına gəlmə ehtimalının artması Ermənistan hakimiyyətində də müəyyən çaxnaşma yaradıb. Bu səbəbdən istefa verən məmurların hakimiyyətə qarşı birləşməsi mümkündür. Bu versiyalardan hansı daha real görünür?Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər həmin şəxslərin hakimiyyətə qarşı birləşməsinin və müxalifətə keçməsinin hər hansı əlamətlərinin görünmədiyini deyir. O baxımdan hadisələrin inkişafını gözləmək lazımdır.
Digər tərəfdən, ekspert Ermənistan müxalifətinin geniş potensialı olduğunu və bir komanda halında öz liderini müəyyən etdiyini bildirdi. Bu baxımdan Ermənistan demokratik dəyişikliklərə siyasi cəhətdən hazırdı. Eyni zamanda Ermənistan müxalifətinin aktiv ictimai dəstəyi də var. Istədiyi zaman Azadlıq meydanında mitinq keçirməyə qadir olan müxalifət hakimiyyəti dialoqa məcbur edəcək ictimai təzyiq gücünə də sahibdir. Lakin ekspert Rusiyanın geopolitik məkanı hesab edilən Ermənistanda siyasi dəyişiklik üçün hələlik beynəlxalq şərtlərin yetişmədiyini də qeyd etdi. Bu baxımdan əsas diqqəti ərəb dünyasındakı proseslərdə olan Qərb Ermənistanı “unudub”. Bu baxımdan də düşmən ölkədə dəyişiklikləri izləmək üçün bir qədər gözləmək lazım olacaq.
Fizzə



