İngiltərə Vaşinqtona hərbi dəstək üçün hərəkətə keçdi; İran İsraili hədələdi
Avropanın nüfuzlu qəzetlərindən “The Guardian” xəbər verir ki, Ingiltərə öz silahlı qüvvələrini Irana qarşı mümkün hərbi əməliyyata hazırlayır. Məlumatda deyilir ki, Ingiltərə hərbçiləri Iranın nüvə obyektlərinə mümkün hücum üçün Yaxın Şərqdə öz donanmasını, həmçinin “Tomahawk” qanadlı raketlərinin olduğu sualtı qayıqlarını yerləşdirməyi planlaşdırır.
Yayılan məlumatlara görə, buna Tehranın nüvə proqramı ilə bağlı yayılan yeni məlumatlar əsas verib. Həmin məlumatların isə ABŞ-ın Iran ərazisində bəzi obyektlərə raket zərbələri endirmək qərarı çıxarmasına səbəb ola biləcəyi vurğulanır. Londonun da bu addımı dəstəkləyəcəyi bildirilir.
“The Guardian”, Obama administrasiyasının gələn ilin noyabrında keçiriləcək prezident seçkilərinə qədər Irana qarşı hərbi əməliyyatlar variantını gündəmə gətirməyi planlaşdırmadığını, ancaq diplomatik yollarla Tehran rejimini küncə sıxışdırmağa çalışdığını yazıb.
Yeri gəlmişkən, Ingiltərə mətbuatı sözügedən xəbəri Israil mediasında Irana qarşı mümkün əməliyyatla bağlı məlumatlar çıxdığı bir vaxtda yayıb.
Bu arada, Israilin baş naziri Benyamin Netanyahu hökumət üzvlərini Irana qarşı mümkün əməliyyatları dəstəkləməyin vacibliyinə inandırmağa çalışır. Israil mətbuatı xəbər verir ki, Benyamin Netanyahu ilə Ehud Barakın xarici işlər naziri Aviqdor Libermanı Irana mümkün hərbi müdaxiləyə razı salıb. “Haaretz” qəzeti buna işarə kimi Libermanın iki gün öncə “Iran dünya nizamına ən ciddi təhdiddir. Beynəlxalq birliyin Tehran rejiminə qarşı hərəkətə keçəcəyinə inanıram” fikirlərini manşetə çıxarıb.
Iran isə bu iddialara cavab olaraq Israili hədələyib. Iranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində ölkəsinin Israillə müharibəyə hazır olduğunu söyləyib: “Israil daim Iranı hədələyir, burada yeni heç nə yoxdur. Iran istənilən təcavüzkar cəhdə sərt cavab verəcək. Biz özümüzə çox əminik və ölkəmizin müdafiəsinə hazırıq”.