Əvvəlcə sizi iki gün əvvəl bir oxucudan aldığım məktubla tanış edim: “Belə biabırçılıq hələ görünməyib. Hakimiyyət telekanalları səhərdən axşama kimi Vanda baş verən zəlzələdən sonra Türkiyəyə göndərilən xilasedicilərin şücaəti haqqında reportajlar göstərir, Azərbaycanın qardaş ölkəyə yardımı üzərindən ucuz şoular düzəldirlər. Mən hələ belə biabırçılıq görməmişdim. Adama elə gəlir ki, bizim iqtidardakılar bu zəlzələni dörd gözlə gözləyirmişlər…”.
Mən bu məktubu oxuyarkən vəziyyətin orada yazılan qədər də acınacaqlı olmadığını düşünmüşdüm. Hətta fikirləşmişdim ki, ola bilsin, bir-iki belə süjet-zad göstəriblər, o da bu hakimiyyətin təbiəti üçün xarakterik haldır. Amma minlərlə insanın acısını, faciəsini gündəlik şouya çevirmək, bundan siyasi mənfəət güdmək… Yəni bunlar özlərini bu qədərmi “buraxıblar?”.
Və dünən rejim saytlarında “Türkiyə vətəndaşları Prezident Ilham Əliyevə təşəkkür məktubları göndərirlər” başlıqlı xəbərləri görəndə vəziyyəti aydın təsəvvür elədim. Oxucunun ruh halını anladım. Durum oxucu yazdığından və mən düşündüyümdən də ağır imiş!
Biz hələ Heydər Əliyevin vaxtından xatırlayırıq “zəhmətkeşlərin təşəkkür məktubları” janrında kampaniyaları. Bu, ata Əliyevin sevimli əyləncələrindən biri idi: hansısa Lissabon sammitindən düşük bir qələbə, sonra da bu qələbə ətrafında el şənlikləri düzəldilirdi. Ictimaiyyət nümayəndələrinin yığıncaqları alıb başını gedirdi. Kolxoz iclasları yalan olmuşdu. Əttökən, adamı iyrəndirən təşəkkür nitqlərinin biri bir qəpik idi. 50-60-cı illərin Sovet Azərbaycanı Heydər Əliyevin “Yeni Azərbaycan”ının yanında toya getməli idi.
Biz bunabənzər kampaniyaları Ilham Əliyevin dövründə də tez-tez görürük – amma fərqli məzmunda. Atasından fərqli olaraq, oğul Əliyev daha çox tənqid kampaniyalarına meyllidir. Əstəğfürullah! Söhbət qətiyyən əlahəzrətin tənqidə açıq bir şəxs olmasından, hakimiyyətin tənqidi üçün geniş meydan və yüksək tribunalar verməsindən getmir.
O sadəcə, müxalifəti tənqid etmək lazım gələndə düyməni basır və şou başlayır. Ən çox da mitinq qərarları veriləndə əl-ayağa düşürlər və bir etiraz metodu olan, üstəlik, keçirilməsinə onsuz da icazə verilməyən, yasaq qoyulan mitinqlərin özünə qarşı etiraz kampaniyaları düzəldilir. Rayon icra hakimiyyətlərində “müxalifəti lənətləmə yığıncaqları” bir-birini əvəz edir, hələ görürsən müxalifət partiyalarının binası, liderlərinin isə evi qarşısında mitinqlər keçirilir. Vəziyyətin komikliyini, absurdluğunu təsəvvür etməyə heç bir insanın xəyal gücü yetməz: mitinqi keçirməyə icazə vermirlər, amma mitinqin özünə qarşı mitinq keçirirlər.
Bütün bu komiklikləri, absurdluqları hardasa anlamaq olar. Amma Ilham Əliyevin, – vaxtilə ölkə içindən özünə təşəkkür məktubları yazdırtdıran atasını da vurub keçərək, – özünə Türkiyədən təşəkkür məktubları təşkil etdirməsi – bunun heç bir ağlabatan izahı, heç bir məntiqi və əxlaqi bəraəti yoxdur. Orada dəhşətli bir zəlzələ sonucu minlərlə insan evsiz-eşiksizdir, dərbədər, darmadağındır, can dərdindədir. Amma bizim möhtərəm burda piy axtarır.
Orada yaxınlarını, əzizlərini itirən yüzlərlə insanın gözüyaşlıdır. Bütöv bir ölkə yas, hüzn, kədər içindədir. Soyuqla, aclıqla uğraşmaqdadır. Amma bizimki onlara Azərbaycan dövlətinin cibindən göndərdiyi yardımla özünə siyasi xal toplamaq, özünün “dünya şöhrətli humanist” obrazını yaratmaq, özünü xeyirxahlıq mücəssəməsi kimi təqdim etmək peşindədir. Adam bilmir, nə yazsın ki, ürəyi soyusun.
Hətta o təşəkkür məktubları təşkil edilməmiş, səmimi qəlbdən göndərilmiş olsa belə, onların rejim KIV-lərində belə təmtəraqlı təqdimatı iyrəncliyin, çirkinliyin ötəsində bir şeydir. Mənəviyyatı yerində olan bir sistem də heç insan faciələrindən öz maraqları naminə yararlanmağa çalışarmı? Bundan siyasi şou düzəltməyə çalışarmı? Telekanallarının efirini gecə-gündüz əxlaqsız bir özünütəbliğin meydanına çevirərmi? Ayıb deyilmi? Heçmi utanmırlar bunlar?
Bir o qalıb ki, Ilham Əliyevi “Türkiyənin xilaskarı” elan etsinlər, Vana ilk yardım aparan təyyarənin havaya qalxdığı günü isə Türkiyənin “Qurtuluş günü”nə çevirsinlər.
Mən artıq bunlardan hər şey gözləyirəm. Hər şey!