İran zindanlarında misli görünməmiş dəhşətlər

Siyasi məhbuslar Islam Respublikasında başlarına gətirilən tükürpədici işgəncələrdən danışıblar

“Məni 18 saat ayaq üstə saxladılar. Günlərlə yatmağa qoymadılar. Iran rejimi üçün qadın-kişi fərq etməz. Fəridə adlı bir siyasi məhbus da var idi. Ona da ağır işgəncələr verilmişdi. Ümumi zindanda milli fəalları canilərlə, ağır narkomanlarla bir yerdə saxlayırlar. Siyasi məhbusların həyatı hər an təhlükədə olur. Zindanda bizə insanlığa sığmayan işgəncələr verir, sonra da islamın əmridir deyib, oruc tutmağa məcbur edirdilər. Günlərlə yemək vermirdilər. Siyasi məhbuslar edam intizarında qalırdılar. Zindanda məhbusun pulu olmasa, acından ölər”. Bunu APA-ya Iran həbsxanasında dustaqlıq yaşamış, 1979-cu ildə Arazbar bölgəsinin Sarıcalı kəndində doğulan, 2009-cu ildən Türkiyədə siyasi mühacir həyatı yaşayan Elçin Hatəmi deyib.
E.Hatəmi deyib ki, həbsxanada hər cür işgəncə üsulunun şahidi olub: “Ağla gələn bütün işgəncələri siyasi məhbuslara tətbiq edirlər: siqaretlə dağlamaq, əl-ayağı sındırmaq, dırnaq çəkmək, ölümlə təhdid etmək, bədəninə və başına elektrik cərəyanı vermək, huşu itirənə qədər şallaqla döymək və s. Bu əziyyətlərlə sağlam insan ağlını itirə bilər. “Ettelaat”da olanda işgəncə verilən dostlarımızın fəryadını, çığırtılarını eşidirdik. Elektrik verdikləri dostlarımdan biri infarkt keçirdi. Sonra da qışda başına buzlu su tökərək 20 gün oyaq saxladılar. Başqa bir dostumu o qədər döydülər ki, dişləri və qabırğaları sınmışdı”.

Qanlı yaralara duz səpirdilər

1965-ci ildə Muğanda anadan olmuş, hazırda Azərbaycanda yaşayan siyasi mühacir Babək Muğanlı deyib ki, yazdığı şeirlərə görə, onu dəfələrlə həbs ediblər:”Ərdəbil, Təbriz, Muğan zindanlarında 3 il qaldım. 6 ay ailəm məndən xəbər ala bilmədi. Burnunu divara söykəməklə lüt saxlamaq, təcavüz etmək, tavandan başı üstə saatlarla asılı saxlamaq zindanda məhbuslara verilən işgəncələrin bir qismidir. 1979-cu il inqilabının ilk illərində ayətullah Xomeyninin verdiyi fətvaya görə, məhbusları danışdırmaq üçün ölənə qədər işgəncə etmək olar, işgəncəylə məhbusu öldürən məmur axirətdə sorğu-sual olunmayacaq”.
B.Muğanlı məruz qaldığı işgəncələrdən də danışıb: “Zindanda işgəncə üçün otaqlar var. Muğan zindanında əlimi, qolumu stola bağlayıb huşumu itirənə qədər şallaq vurdular. Şallaq avtomobil təkərinin materialında olan möhkəm və yoğun kabellərdir. Bir şallaq dəyən yerə ikinci dəfə vuranda ət partlayır. Ona görə də şallaqdan çıxan adamın bədəni yara olur. Sonra yaralarıma daha çox əziyyət vermək üçün vannaya duzlu su töküb məni vannaya saldılar. Duz qanlı yaraları daha da göynədir. Kameraya apararkən isə üstümə buzlu su tökdülər. Qış olduğu halda elə sulu paltarla da gətirib kameranın beton döşəməsinə atdılar. Bu işgəncə dəfələrlə təkrar olunurdu. Tək mənə yox, zindandakı bütün məhbuslara belə əziyyətlər verirdilər”.

Yalandan məhkəmə qurub edam hökmü çıxarırdılar

B.Muğanlı məhbusların üzləşdiyi digər işgəncələrdən də söz açıb: “Gecə saat 4-5-də məhbusu oyadıb yalandan məhkəmə qururdular. Amma məhbus bunun gerçək olmadığını bilmirdi. Sonra da edam hökmü çıxarıb güllələmək üçün aparırdılar. Nişan alıb məhbusun başının üstündən atəş açırdılar.
Sonra da zarafat etdik deyib, təkrar kameraya aparırdılar. Öldürməsələr də, həmin məhbusun nələr çəkdiyini təsəvvür etmək olar. Insana bu cür ruhi işgəncələr də verilirdi. Onlar üçün bu, adi əyləncə idi. Mənim də başıma buna oxşar oyunlar gəlib”.
B.Muğanlı deyib ki, 1982-83-cü illərdə edama məhkum olunanlar da onlarla birlikdə saxlanılıb: “Sonralar onları ayrıca saxladılar. Hər səhər saat 4-5 arası güllə səsləri eşidirdik. Elə gün olmurdu ki, kimisə edam etməsinlər. ”Evin” zindanında hər gün 10-15 məhbus edam olunurdu. Hər kəs ölümünü gözləyirdi. Bəzən səhv salıb günahsız adamları da edam edirdilər. Şeyx Sadiq Xalxali fətva vermişdi ki, kimsə səhvən edam olunarsa, yeri behiştlikdir. Yəni narahat olmayın, kimsə yalnışlıqla öldürülərsə, cənnətlik olacaq”.

Dayımın kürəyinə ütü basmışdılar

1986-cı ildə Urmiyada anadan olan, 2011-ci ilin mart ayından Türkiyədə yaşayan siyasi mühacir Nəvid Sultani deyib ki, Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Milli Hökumətin 2007-ci ildə ildönümünə hazırlaşıblar: “Urmiyada dostlarımla birgə bu mərasim üçün elan hazırlamışdıq. Elanda Pişəvəri haqqında məlumat və Milli Hökumətin ildönümü ilə bağlı təbrik yazmışdıq. Elanları əhaliyə paylamamış, axşam saat 21:00-da ”Ettelaat”ın məmurları evimi basıb, məni həbs etdilər. Axtarış zamanı 4000 ədəd həmin elandan tapdılar. O gün mənimlə birgə 6 dostumu da tutdular. Bizi “Ettelaat”a apardılar. Məni 25 gün tam qaranlıq otaqda saxladılar. Gün üzü görmürdük. Nə zaman səhər, nə vaxt axşam olduğunu bilmirdim. Yemək isə suda bişmiş 4-5 noxud idi. Hazırda
ABŞ-da yaşayan Həsən Əsədi var. Onun dırnaqlarını çəkib çox işgəncə verdilər. Hətta özü danışırdı ki, sağ qaldığına inanmayıb, öldüyünü zənn edib. Bundan əlavə, Qulamhüseyn Rüstəmi adlı dayım var idi. Zindanda ütü ilə kürəyini, ayaqlarını yandırmışdılar. Sonuncu dəfə tutulanda “Evin” zindanına saldılar. Orada işgəncə ilə öldürüldü.

Bədənimə yağ vurub, üstümə siçovullar buraxdılar

1969-cu ildə Tehranda doğulan, hazırda Danimarkada yaşayan siyasi mühacir Əhməd Qaşqay isə deyib ki, Qarabağ müharibəsi başlayanda Tehranda aksiyalar keçiriblər: “Tələbimiz o idi ki, Iran dəhlizi açsın, Qarabağdan köçən qaçqınlar bizə də gələ bilsinlər. Iranda 4 milyon əfqan, 1 milyon kürd qaçqın olduğu halda, nə üçün öz qardaşlarımıza qucaq açmayaq? Bu tələblə keçirilən aksiyalara mən də qoşuldum. Sonra 1993-cü ildə Qarabağa döyüşə getdim. Kəlbəcərdə döyüşdüm. 6 aydan sonra Irana qayıdanda həbs olundum. Şiraz və Isfahan zindanlarında 10 ay yatdım. Çox işgəncə gördüm. O qədər döyürdülər ki, tərləyirdim, sonra venama 2 iynə vurub, cərəyan verirdilər. Cərəyandan sonra saçım, qaşım, qollarımdakı tüklər buz bağlayırdı. 16 gün gecə-gündüz yatmağa qoymadılar. Bu işgəncələri özü çəkməyən anlaya bilməz. 16 gün hündürlüyü yarım metr olan yerdə saxladılar. Ancaq oturmaq olardı, qalxanda başım tavana dəyirdi. Tualet də, yemək-içmək də ora idi. Bədənimə heyva yağı sürtüb, üstümə siçovulları buraxırdılar. Bədənimdə siçovulların dişləmədiyi yer qalmırdı. Başqa bir işgəncə isə bu idi ki, gen şalvar geyindirərək şalvarın içinə pişik salıb suya atırdılar. Pişiyə su dəydikcə bədənimi cırmaqlayırdı. Həbs ediləndə 75 kilo idim, 10 ayın içində 42 kiloya düşdü. Ən pisi isə məni həmin vəziyyətdə anama göstərmələri oldu.

Kommunistləri “Lənətabad”da basdırırdılar”

1963-cü il Təbrizdə doğulan, hazırda Azərbaycanda yaşayan siyasi mühacir A.Təbrizli deyib ki, 18 ay həbsdə qalıb. Hər gün məhbusların işgəncə səsini eşidirdik. Kameradakı otaq yoldaşım da azərbaycanlı idi. Ayağının altına o qədər şallaq vurmuşdular ki, əti parçalanıb, sümüyü çıxmışdı. Başqa bir məhbusun isə ayağını güllələmişdilər. Tibbi yardım göstərilmədiyindən ayağı çürümüşdü, çox pis qoxu verirdi. Kamerada onun yarasının qoxusundan durmaq olmurdu. Üç yaxın dostumu güllələdilər. Rejim heç kəsə rəhm etmirdi. Zindanda hamilə qadınlar da vardı. Onları da edam etdilər. Məmurlar hər axşam kameraya gəlib təklif edirdilər ki, kim bu gecə öldürüləcək məhbuslara güllə açmaq istəyir? Bizim kamerada Hüseyn Adəm adlı bir fars məhbus vardı. O, razılaşıb getdi. Qayıdanda gördük ki, qolları dirsəyədək qandır. Dedi ki, 4-5 adamın beyninə və ürəyinə atəş açıb. Sonra da cəsədləri yük maşınına yığmağa kömək edib. Hüseyn Adəmi bu əməlinə görə kamerada daha heç kim danışdırmadı. Cəsədləri aparıb gizlincə dəfn edirdilər, məzarı da olmurdu. Ailəsinə isə bir aydan sonra üstündəki əşyalarını qaytarırdılar. Hər güllənin pulunu öldürdükləri adamın ailəsindən alırdılar. Kommunistləri erməni qəbiristanlığının yanındakı “Lənətabad” deyilən yerdə basdırırdılar”.

Bədənimə dağ basdılar, dilimi kəsdilər

1970-ci ildə Ərdəbildə doğulan, hazırda ABŞ-da yaşayan siyasi mühacir T.Bayraqçı isə 3 il, 7 ay, 19 gün “Evin” zindanında qalıb: “Vermədikləri işgəncə qalmadı. 2006-cı ildə ”Iran” adlı dövlət qəzetində azərbaycanlılar tarakana bənzədilərək təhqir olunmuşdu. Təhqirə etiraz edənlərdən biri də mən oldum. Buna görə həbs edib “Evin” zindanına saldılar. Soruşdurma zamanı tanıdığım milli fəalların adlarını istədilər, türkçülüklə bağlı fəaliyyət göstərməməyimi tələb etdilər. Qəbul etmədim. Bədənimə bir neçə dəfə dağ basdılar, 4 dırnağımı çəkdilər. Cinsi orqanlarımı əzdilər, qulağıma yağ tökdülər. Gördülər danışmıram, dilimi kəsdilər. Indi danışa bilmirəm, fikirlərimi ancaq yazaraq bildirirəm. Həbs olunanda 118 kilo olduğum halda, zindandan çıxanda 64 kilo qaldım. Amma ən çətini, dözülməz olan ruhi işgəncədir. Bu qədər əziyyətə dözüb danışmadım, ağlamadım. Amma qulağım eşidə-eşidə namusuma söyəndə dözə bilmədim, danışmasam da, ağladım”.