Yaşa dolduqca adamı təəccübləndirmək çətinləşir, çünki həyatın hər üzünü görürsən, elə həyatdakıları da yaxşı tanıyırsan. Amma siyasətə düz 23 il əvvəl hansı gözlə baxırdımsa, elə indi də həmin gözlərlə baxıram. Gözlərimdə 23 il əvvəl hansı təlaş və heyrət vardısa, indi də həmin o hisslər üstünlük təşkil etməkdədir. Bu illər ərzində siyasəti sevə bilmədim, çünki o, mənim təsəvvür və arzu etdiyimdən çox-çox fərqlidir. Əgər təkcə bir ölkənin siyasətindən söhbət getsəydi hər şey qat-qat asan olardı, lakin dünyanın da dərdi-səri var, heç bir yerdə tam azad olmaq mümkün deyil, hətta o yerləri ki, azad ölkələr qismində təqdim edirlər, oralarda da azadlıq yox, lap fizikada deyildiyi kimi, kvazi-azadlıq var.
Hətta görürsən ki, özünü ən azad hesab edən insanlar belə, ya ideya köləsi, ya da ki, elə qrup köləsi olurlar. Qrup köləsi aydın məsələdir. Burada qrup marağı, hətta qrup əxlaqı və bir də büt – lider olur… Ideya köləsi bir qədər təzə anlayışdır. Mənə belə gəlir ki, insan hansısa bir ideyanın əsirinə çevrilirsə, elə bu halda da özünün azadlığını itirir. Azad insan həmişə ürəyində şübhə üçün bir yer saxlayır və elə bu səbəbdən vaxtaşırı sevdiyin və tapındığın ideyanı da təftiş etmək elə də gərəksiz məşğuliyyət deyil, necə ki, Popper deyirdi: hər bir alim özünün nəzəriyyəsini təkzib edən dəlillər axtarmalıdır. Əvvəllər mən də bir azca bəsit düşünürdüm və zənn edirdim ki, öz ideyam uğrunda, hətta canımı qurban verə bilərəm. Amma artıq xatırlatdığım kimi, B.Rassel fərqli düşünür. Deyir ki, əqidəm uğrunda heç vaxt canımı qurban vermərəm, çünki mən səhv edə bilərəm. Ilk dəfə bunu oxuyanda heyrət məni bürüdü. Jannalar, Brunolar və Nəsimilər necə olsun? Elə həmin anda vaxtilə akademik Y.Zeldoviçin dediyi bir fikir yadıma düşdü: “Hər şey belə idisə, bəs Bruno niyə tonqalda yandı?”. Söhbət ondan gedirdi ki, həyat ən azı Kainatın görünən hissəsində unikal və təkrarsız bir hadisədir…
Nə isə. Mətləbdən uzaqlaşmayaq. Hər halda, mənə belə gəlir ki, Rassel bu fikri elə-belə deməyib. Güman etmirəm, biz ondan ağıllı və cəsarətliyik. Marks da bir dəfə demişdi ki, o, yeganə antimarksist tanıyır, bu, da onun özüdür! Bəs onda ideya və ideyalılıq necə olsun? Mənə belə gəlir ki, bəzi insanlar ideyanı özləri üçün əsl boyunduruğa çeviriblər və ən qorxulu cəhət də budur ki, onlar bu boyunduruğu başqalarının boynuna keçirməyə çalışırlar. Buna məhz elə ideya köləliyi deyilir. Indilər bir neçə əsr bundan geriyə dönəndə görürsən ki, Nəsiminin dərisinin soyulmasına ciddi ehtiyac yox idi, çünki onun iddia etdiyi fəlsəfi və bədii təsəvvürlər indilər ancaq ən romantik ədəbiyyat həvəskarlarını vəcdə gətirə bilər. Təbii, bunu, ümumiyyətlə, prinsipsizliyə çağırış kimi yozmaq lazım deyil, sadəcə insan həmişə ürəyində şübhə üçün bir yer saxlamalıdır. Hamımız qeyri-ardıcıl və qeyri-sabit (fikir və əqidə baxımından) görünməyə qorxuruq. Amma Qandi ərz edirdi ki, onu ardıcıllıq maraqlandırmır, çünki o, həqiqət axtarışındadır…
Mən liberalizmin ifrat tərəfdarı olmuşam. Amma bu ölkədə kapitalizmi – əgər buna kapitalizm demək mümkündürsə – görəndən sonra məndə liberalizmin bir qədər mötədil formasına – sosial liberalizmə maraq artdı, çünki anladım ki, biz sosial hüquqları çox ucuz tuturuq, amma onlar buna layiq deyil. Indi mən nə edim? Bunu yazmayım ki, məni qeyri-ardıcıllıqda qınayarlar?
Kiçik sözardı
Hə, yenə də azadlıq mövzusu məni çəkib apardı. Əslində biz belə mövzulara daha çox baş vurmalıyıq, özümüzü və ətrafımızı başa düşmək üçün. Mən də çox çalışıram ki, “iqtidar və müxalifət” mövzusunda bir yazı yazım. Amma o yazıları yazmaq elə çətinlik kəsb etmir. Onsuz da nə yazırıq, bu qəbildən alınır. Düzdür, fikirləri necə var formalaşdırmağa vaxt olmur. Amma qorxulu bu deyil. Mənim istədiyim budur ki, intellektual baxımdan bu hakimiyyətdən, ən azı iki addım qabaqda olaq. Vaxtilə bunu bacarmışıq. Deməli, istəsək, elə indi də bacararıq, sadəcə istəmək lazımdır, elə də çətin deyil.


