Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov İlham Əliyevi eks-spikerlə şantaj edir
Hakimiyyət daxilində 2013-cü il prezident seçkiləri ilə bağlı baş qaldıran ziddiyyətlərdə sabiq spiker Rəsul Quliyevin adının hallandırılması Naxçıvan klanının planıdır. Hakimiyyətə yaxın mənbənin “Azadlıq”a bildirdiyinə görə, Naxçıvan klanı bununla Ilham Əliyevin növbəti prezident seçkiləri ilə bağlı mövqeyini dəyişməsinə nail olmağa çalışır.
Oxucuların diqqətinə çatdıraq ki, Ilham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində 2013-cü ildə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə qeyri-müəyyən danışıb. Dövlət başçısı bildirib ki, hələ ki, onun belə bir qərarı yoxdur. Ilham Əliyevin bu açıqlaması hakimiyyət daxilində ciddi təlatümə səbəb olub. Xüsusilə, Naxçıvan klanı dövlət başçısının bu qeyri-müəyyən açıqlamasından təşvişə düşüb ki, bu da səbəbsiz deyil.
Naxçıvan klanı hesab edir ki, Ilham Əliyevin növbəti prezident seçkisində namizədliyini irəli sürməməsi iqtidardakı Bakı-Şirvan klanının Mehriban Əliyevanın timsalında hakimiyyəti tamamilə ələ keçirməsini şərtləndirə bilər. Bu isə Naxçıvan klanı üçün ölümə bərabər haldır. Ona görə də Naxçıvan klanı növbəti seçkidə də Ilham Əliyevi hakimiyyətin vahid namizədi kimi görür və ölkə başçısını da bu barədə qərar verməyə məcbur etməyə çalışır. Ilham Əliyevin məlum açıqlamasından sonra YAP rəhbərliyinin “Bizim namizədimiz Ilham Əliyevdir” şəklində ultimativ bəyanatlar səsləndirməsi də buna hesablanmışdı. Lakin hələ ki, Naxçıvan klanı istəyinə nail ola bilməyib. Yəni, Ilham Əliyev açıqlamasına düzəliş etməyib. Naxçıvan klanı düşünür ki, ölkə başçısı sona qədər dirəniş göstərə bilər. Bu baxımdan da sözügedən klanın başbilənləri Rəsul Quliyev faktorundan istifadə etməyə başlayıblar. Hakimiyyətə yaxın mənbə deyir ki, burada söhbət Naxçıvan klanının eks-spikeri həqiqətən də Ilham Əliyevə alternativ görməsindən getmir. Sadəcə, klanın başında duran Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov özlərinin Ilham Əliyevə alternativ kimi göstərilməsinin qarşısını almağa çalışırlar. Axı Ilham Əliyev qərarını dəyişməyəcəyi təqdirdə, Naxçıvan klanının onun yerinə öz namizədi olmalıdır. Klan daxilində Ilham Əliyevə alternativ namizəd məsələsi gündəmə gəldikdə isə, təbii olaraq, Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun adı hallandırılacaq. Çünki Naxçıvan klanında məhz bu iki şəxs ölkə başçısına alternativ hesab edilir. Adı çəkilən məmurlar isə Ilham Əliyevin hələ də prezident postunda əyləşdiyi bir vaxtda adlarının hallandırılmasını istəmirlər. Çünki bu, onlar üçün ciddi problemlərə səbəb ola bilər. Bu baxımdan da onlar Ilham Əliyevi Rəsul Quliyevlə şantaj etməyə başlayıblar.
Analitik informasiya şöbəsi