Dünən “Vətəndaş fəallığı, siyasi plüralizm və Avropaya inteqrasiya kontekstində toplaşmaq azadlığının rolu” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfrans haqda reportajı oxuyanda bir fikir gəldi ağlıma.
Axır ki, özümüzlə Avropa arasında nəsə bənzərlik tapdım. O bənzərlik də bu: Avropanın dünya siyasəti bizim ədəbi tənqidçilərin, ümumiyyətlə, ədəbi camiənin siyasəti ilə nə qədər də yaxınmış. Ədəbiyyatda sözləşə bilməyənlər sanki siyasətdə sözləşiblər. Hətta and içiblər ki, eyni siyasəti yürütsünlər və bundan bir addım kənara çıxmasınlar.
Demək, bizim ədəbi tənqidçilər üçün də mətndən qabaq mətnin yazarı, onun ictimai fəaliyyəti, səxavəti, qonaqlıqlara münasibəti və təbii ki, hansı cəbhədə yer alması gəlir. Anında vurğulayım ki, fikir bir-birinə müxalif hər iki cəbhəyə aiddi. Hər iki cəbhə də bir-birinə həmin bu prizmadan yanaşır, başqasından yox. O cəbhələr də öz aralarında sözləşiblər – onların heç birindən olmayanları hər ikisi eyni gözdə görəcək. Onlar mətni oxumağına oxuyacaqlar, ama bu, sonrakı mərhələdi. Birinci, əllərini kitaba vurmamış kitaba əl basıb deyəcəklər: bu müəllif və onun əsəri vurulmalıdı. Onun əsəri mütləq zəifdi. Siyasəti müəyyənləşdirəndən sonra başlayacaqlar kitabı oxumağa. Yaxşı heç nə “tapmayacaqlar”, tapsalar belə bu, ictimaiyyət üçün olmayacaq. Ancaq həmin müəlliflə şəxsi görüşlərdə, qonaqlıqlarda, içib içindəkini gizlədə bilməyəndə deyəcəklər. Əsərdə yaxşı nə varsa, onu pis qələmə verəcəklər, hətta ona görə müəllifə iş düşdüyünü deməyə çalışacaqlar, ama ittihama tuş gələn eyni şeyləri başqa bir müəllifdə “məziyyət”, üstünlük, dahilik kimi yozacaqlar. Yəni, hansısa bir cəhətinə görə birinin gözünü çıxaracaqlar, həmin cəhətə görə o birini Nobellik hesab eləyəcəklər. Yəni, həqiqətdən, obyektivlikdən söhbət gedə bilməz. Dostum “a” yazırsa yaxşı, dostum olmayan “a” yazırsa… Rəzalət!
Indi Avropa da. Birdən-birə biri gözündən düşür. Məsələn, Qəzzafi, Mübarək, Əsəd. Demək, bəri başdan onun alnının qızıl gülləsi hazırdı. Lap yaxşı. Haqlı qərardı. Bu adamlar, adları mübarək bəşər olsa da, bəşər düşmənidirlər. Bu cür murdar insanlarla mehribanlığa, dostluğa son verilməlidi. Onlar bir sərçə öldürsələr, bu, cinayətdi. Bu, ekstremal vəziyyətdi. Ancaq başqa biri eyni cinayətləri yürütməkdə ikən, yəni, onun da alnı qızıl gülləni haqq edərkən, alnından öpüb, boynunu qucaqlayıb, yaxasından medal asacaqlar. Şübhə yoxdu ki, bir gün o medal yadlarına düşməyəcək və onu da qaba bir ağacdan asacaqlar. Ancaq hələ siyasətləri belə tələb eləyir. Hələ ki, alnından öpdüklərinin ekstremal vəziyyət yaratmadıqlarını düşünürlər və guya nəyəsə ümid eləyirlər. Guya bir medalla insan xislətində köklü dəyişiklik eləmək mümkün imiş.
Bu, siyasət deyil. Bu, iyrənclikdi. Bu, onların öz siyasətlərində insanı, onun təməl haqlarını birinci yerə qoymadıqlarına sübutdu. Yəni, hələ siz qırılmaqda, ölməkdə, can verməkdə davam eləyin, baxaq, görək, haçansa siyasətimizdə dəyişiklik eləsək, sizi də adam yerinə qoyarıq. Sanki xalqları testdən keçirirlər. Görək siz hələ adam sayılmağı haqq eləyirsinizmi? Azadlıq sizin də haqqınızdırmı?
Xalqların azadlığa haqqı çatıb-çatmadığını sınaqdan çıxarmaq haqqı isə kimsənin haqqı deyil! Əgər bütün insanları Tanrı və ya təbiət yaradıbsa, eyni qaydada yaradıb, eyni sifətləri və eyni haqları verib. Sənə kimsə demir ki, qılıncını çək, hansısa xalqa azadlıq bağışla. Astarı üzündən baha başa gələn “verilən azadlıq” bizə gərək deyil. Ama madam sən sayılırsan, söz haqqın var, onda zəhmət çək, xalqları sınağa çəkməkdən əl götür, sadəcə onun qanını soranların alnından öpmə. Sən heç kimin yox, öz Avropanın təməl prinsiplərinə zidd getmə. Azərbaycan xalqı nələri haqq etdiyini dünyaya çoxdan sübut eləyib, yenə də eləyəcək. Yapçılar demişkən, kişi ol, Avropa!
Kişi ol, Avropa!
•
•