Tanrı ata-oğul Əliyevlərə Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan dövlətinə doğru-düzgün qulluq yoluyla bir çox suçlarını yumaq şansı vermişdi. Tanrının yaratdığı bu şansdan yararlanmaq onlara da böyük uğur qazandırardı, bizə də. Onlar bu şansdan yararlana bilmədilər. Bu şansdan nə ata Əliyev yararlana bildi, nə də oğul Əliyev. Onlar ölkə, millət, dövlət üçün uğurlu MILLI strategiya yerinə, özləri üçün “uğurlu neft-qaz strategiyası” düzəltdilər. Bu strategiya əliyevçi Qarabağ strategiyası ilə birlikdə onları hakimiyyətə gətirdi, demək olar, iki on il hakimiyyətdə saxladı, daha saxlaya bilmir, saxlaya bilməyəcək – limit tükənib!
Əliyevlər özümlü Qarabağ, neft-qaz strategiyası üzərində OYUN qurmaqla hakimiyyətə gəldilər, hakimiyyətdə qaldılar… daha qala bilmirlər, qala bilməyəcəklər. Bunu onların özləri də, onlara (Əliyevlər hakimiyyətinə) qulluq eləyənlər də bilməlidirlər. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə çıxışçısı, Almaniya Bundestaqının deputatı Kristofer Ştrasser indi Azərbaycanda ən çox tanınan avropalılardandır. Başqa bir sıra avropalılar Azərbaycana çox gəlib-getdiklərinə görə ölkəmizdə tanınmış avropalıya çevrilmişdilər. Ştrasser Azərbaycana gələ bilmədiyinə görə bizdə çox tanınan avropalıdır. Əliyevçi rejim oğru rejimi olaraq bütün doğru-düzgün kimsələri sevmədiyindən, belərini düşmən gczündə gördüyündən, Ştrasserin Azərbaycana yolunu bağlayıb, gəlişini yasaqlayıb. Uzun sürə demokratik dözüm örnəyi sərgiləyən Ştrasser daha dözmək istəmədi: əliyevçi rejimin Azərbaycandakı rüşvət-korrupsiya bazarını aparıb Avropa Şurasına çıxardığından danışdı. Əliyevlər hakimiyyətinin xarakteri budur: bu hakimiyyət yaranışından rüşvət-korrupsiya hakimiyyəti olub!
Dünyanın ən gözəl, ən dəyərli avropalılarından olan Andreas Qross da Azərbaycandan baş götürüb gedənə yaxın bildirmişdi: “Mənə diplomat dolusu dollar vermək istəyirdilər”. Əliyevlər indiyədək ABŞ hökumətini ələ almaq üçün hansı rüşvət-korrupsiya oyunlarından çıxıblar – burası da bəllidir. Ölkəyə böyük axınla gələn neft-qaz pulları, gömrükdən, vergidən gələn milyardlarla manat pullar ən yuxarılardan mənimsənə-mənimsənə gəlir, xalqa çatanda… qurtarır. Sözsüz, belədə hakimiyyətdə qalmaq olmaz. Belə bir total mənimsəmə içində hakimiyyət sürmək, hakimiyyətdə qalmaq üçün dünyanı satın almaq gərəyi yaranır. Əliyevlər indiyədək hakimiyyətdə Azərbaycanı satıb, dünyanı satın almaqla qalıblar. Ancaq Vikiliks saytı ilə Ərəb ölkələrindən başlayan demokratikləşmə prosesləri Əliyevlərin PLANETAR bazarlarının bağlanmasına gətirib çıxarıb. Buna görə Ilham Əliyev bu gün dünənədək saymadığı, saymaq istəmədiyi, administrativ-filosof komandası ilə birlikdə bizə yad, yaddilli dövlət adlandırdığı, çağırışlarını saymazlıqla qulaq ardına vurduğu Türkiyəyə qaçıb dil qəfəsə qoymadan Türkiyəni “qardaş ölkə”, Türk xalqını “qardaş xalq”, Ərdoğanı “qardaşım” adlandırır.
Dünənədək “Yunanıstana qazı hansı qiymətə satırıqsa Türkiyəyə də o qiymətə satacağıq” deyən bir hakimiyyət başçısı bu gün “Şahdəniz” yatağının ardınca bütün Xəzər dənizini Türkiyəyə vermək istəyində bulunur. Bizlər Türkiyəyə qardaş dövlət olaraq baxmışıq, baxırıq, ancaq Əliyevlər hakimiyyətinin qazı bizə 100 manata, qardaşımıza 50 dollara satmasını bu hakimiyyətin Azərbaycana daha bir DÖNÜKLÜYÜ sayırıq. Ortada Türkiyə sevgisi olsaydı, bu fakta anlayışla yanaşmaq olardı. Ortada Türkiyəyə sevgi faktı yoxdur, Azərbaycanı Xəzər qarışıq bazara çıxarmaqla hakimiyyəti qoruyub saxlamaq istəyi var!
I.Əliyevin Neft Fondu ilə bağlı yeni qərarı da son sığınacaq yeri olaraq baxdıqları Rusiya ilə Türkiyə arasında Azərbaycanı bazara çıxarmaq deməkdir. Qəzzafinin başına gələnlər bunların kürkünə birə salıb. Ancaq bunlar o “birədən” ən azı bundan sonra Azərbaycanı sevməklə deyil, satmaqa can qurtarmağa çalışırlar. Yazıqlar!