Əvəz Zeynallı: «Xahiş edirəm, çıx get, bura elə söhbətlərin yeri deyil!»
Baş redaktorun yaxınları işdən çıxarılır, onun «üzünə durmaq» üçün yeni adamlar axtarılır
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı saxlanıldığı Kürdəxanı təcridxanasından millət vəkili Gülər Əhmədova ilə görüşünün stenoqramını göndərib. Çoxsaylı xahişlərdən sonra Gülər Əhmədovanı qəbul etdiyini xatırladan Ə.Zeynallı millət vəkili ilə aralarındakı söhbətin stenoqramını danışıb.
Baş redaktorla deputat arasında qısa danışıq Ə.Zeynallının otağında baş tutub. Ictimai marağı nəzərə alaraq deputatla baş redaktor arasında keçən dialoqun mətnini təqdim edirik.
G.Əhmədova – Əvəz, sənə nə qədər pul lazımdır, de, mən verim.
Ə.Zeynallı – Sizdən kim pul istəyir? Pulunuz-zadınız lazım deyil!
G.Əhmədova – Mən qəzetin çapına kömək etmək istəyirəm.
Ə.Zeynallı – Bizə sizin köməyiniz lazım deyil.
G.Əhmədova – “Mərkəz” qəzetinin çapını öyrənmək istəyirəm. Sən qəzetin bir nömrəsinin çapına nə qədər xərc çəkirsən?
Ə.Zeynallı – Təxminən 500 manat.
Fasilə yaranır. Gülər Əhmədova hesablayır…
G.Əhmədova: – Mən sənin bir illik yox, 6 aylıq xərcini ödəyə bilərəm. Bu da 10.000 manat eləyir.
Ə.Zeynallı – Xahiş edirəm, çıx get, bura elə söhbətlərin yeri deyil!
Söhbət burda da yekunlaşıb və Ə.Zeynallı G.Əhmədovanı otaqdan çıxarıb.
Dünən o da məlum olub ki, artıq Ə.Zeynallının qohumlarına qarşı da təzyiqlər başlayıb. Baş redaktorun qardaşı Rauf Zeynalov və dayısıoğlu Rəşad Zeynalov uzun müddətdir xidmət etdikləri polis orqanlarından xaric ediliblər. Bu barədə məlumatı “Xural”ın əməkdaşları veriblər. Onların sözlərinə görə, R.Zeynalov Gəncə Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Şöbəsində Yol Patrul Xidməti inspektoru, Rəşad Zeynalov isə Kəpəz Polis Idarəsinin Post Patrul Xidməti Taqımında polis nəfəri vəzifəsində çalışırdı.
Qəzetin əməkdaşları onu da bildiriblər ki, Baş Prokurorluq Ə.Zeynallıya qarşı yeni iddialar əldə etmək üçün müxtəlif şəxslərə təzyiqlər edir. G.Əhmədovanın iddiasının təsdiqini tapmayacağından təşvişə düşən siyasi hakimiyyət alternativ vasitələr arayır: “Son iki ildə ”Xural” qəzetində tənqid edilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə çağırılır. Bu barədə “Xural” qəzetinin redaksiyasına etibarlı mənbələrdən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, idarənin müstəntiqlərinə həmin şəxslərdən Əvəz Zeynallının əleyhinə ifadə almaq barədə göstəriş verilib. Məlumatda həmçinin bildirir ki, hakimiyyət Əvəz Zeynallı ilə tanışlıq münasibəti və qohumluğu olan iş adamlarının aşkar edilməsi barədə qərar qəbul edib. Iş adamlarına təzyiqlər göstərilərək baş redaktor əleyhinə ifadələr alınması nəzərdə tutulur”.
Xatırladaq ki, G.Əhmədova oktyabrın 19-da Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə ərizə ilə müraciət edərək “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallının ondan hədə-qorxu yolu ilə 10.000 manat pul istədiyini bildirib və yuxarıda stenoqrammı verilən lent yazısını sübut kimi təqdim edib. Oktyabrın 28-də Nəsimi Rayon Məhkəməsində lent yazısının dinlənilməsi zamanı Ə.Zeynallının səsi eşidilməsə də, məhkəmə “Xural” qəzetinin baş redaktoruna qarşı 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Ə.Zeynallı barəsində CM-nin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb.