Bizim ağzımızı tikən vaxtımız deyil

Dünən Cənubi Qafqazda ilk müstəqil hərbi informasiya portalı olan “milaz.info” bir xəbər yayıb, oxuyub dəhşətə gəlməmək, hansı təfəkkürdə, zehniyyətdə olan adamların girovuna çevrildiyimizə heyrətlənməmək olmur. Xəbərdə elə beləcə də deyilir: “Ölkənin siyasi rəhbərliyi müdafiə naziri general-polkovnik Səfər Əbiyev qarşısında tələb qoyub: Silahlı Qüvvələrdə əsgər ölümləri minimuma endirilməlidir”.

Bu da bunların əsgər ölümlərinə, anaların göz yaşına, ataların əyilən qəddinə münasibəti!
Tələbə bax ha: əsgər ölümləri minimuma endirilməlidir. Belə çıxır ki, bunların, hətta əsgər ölümlərinə münasibəti də “yumurta müşavirəsi”ndən o yana keçmir. Necə yəni əsgər ölümləri “minimuma endirilməlidir? Bu da qiymətlərin bahalaşması-zaddır, çağırasan bir müşavirə, təpinəsən kimlərinsə üstünə, ertəsi gün də qiymətlər aşağı düşsün? Səfər Əbiyev əsgər ölümlərini hansı yolla “minimuma endirə” bilər? Bəlkə Əzrayılla kontakta keçməlidir? Ya da əsgərlərlə şərt kəsməlidir ki, orduda xidmətinizi salamat başa vurun, tərxis olunandan sonra nə istəyərsiniz, eləyərsiniz. Bu nə məntiqdir, bu nə əxlaqdır?
Axı hər kəs aydın görür ki, orduda ölümlər ölkəni başına alıb gedən korrupsiya, özbaşınalıq, hüquqsuzluqla bərabər artır. Siz bunları ləğv etməyincə, minimuma endirməyincə, əsgər ölümlərini necə azaldacaqsınız?
Azərbaycan cəmiyyətinin gəlib çıxdığı nöqtəyə baxın: intiharlar adiləşib. Silahlı qətllər normaya çevrilib. Məişət cinayətlərinin statistikası fontan vurur. Kriminal xəbərlər informasiya saytlarının ən zəngin bölümünü təşkil edir. Səbəb? Haqsızlıq və hüquqsuzluq. Zorakılığın dövləti idaretmə üsuluna çevrilməsi. Ümidsizlik. Depressiya. Işsizliyin, yoxsulluğun yaratdığı aqressiya. Kütləvi səfalət və cəhalət. Yaxşı, siz bunların hamısını maksimuma qaldırıb, orduda əsgər ölümlərini necə “minimuma endirə” bilərsiniz? Intiharları necə durdura bilərsiniz? Insanların bir-birilə silahların dililə danışmasını necə önləyə bilərsiniz?
Siz hər gün korrupsiyanın dozasını bir az da qaldıracaqsınız… Yalanın, yaltaqlığın, qanunsuzluğun, özbaşınalığın, məmur heyvərəliyinin dozasını bir az da qaldıracaqsınız, sonra da durub əsgər ölümlərini minimuma endirəcəksiniz, eləmi? Ya da intiharları, silahlı-silahsız qətlləri, insanların məhkəmədən sırtını dönüb mübahisəli məsələlərini şəxsi “razborka”larla həll etməsini azaldacaqsınız, eləmi?
Gedin işinizlə məşğul olun!
***
Bir neçə gün əvvəl üzü çürüyüb ölən əsgərimizin atasının açıqlaması vardı xəbər portallarında. Deyirdi ki, oğlunun ölümü ilə bağlı istintaqın yubanmasına etiraz olaraq ağzını tikəcək. Taa o vaxtacan ki, bu ölkənin Ali Baş Komandanı çıxıb övladının qatillərinin cəzalandırılmasına göstəriş verəcək.
Mən o atanı yaxşı başa düşürəm. Hisslərini anlayıram. Bunun çarəsizlikdən doğan bir etiraz aksiyası olduğunu bilirəm.
Amma yenə də və hər nə olursa-olsun, ağzımızı tikməli deyilik. Əksinə, daha yüksəkdən hayqırmalı, danışmağa, ifşa etməyə davam etməliyik.
Zatən bunların ən böyük amacı budur: ağzımızı qıfıllamaq. Dilimizə qıfıl vurmaq. Susdurmaq. Ölkəni dərin bir qəbiristanlıq sükutuna qərq etmək.
Belə bir vaxtda ağzımızı tikmək yox, daha yüksəkdən danışmaq haqqında düşünməliyik. Bu gün danışmaqdan, bütün basqı və təhdidlərə rəğmən danışmağa davam etməkdən, susmamaqdan, Azərbaycanın təslim edilməyə çalışıldığı qəbiristanlıq sükutunu alt-üst etməkdən vacib heç nə yoxdur.