Məqsəd, nüfuzlu yarışmaya ev sahibliyi etməkdir, yoxsa böyük pullar silmək?
Azərbaycan 2020-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək niyyətində israrlı görünür. Hökumət bu oyunların Bakıda keçirilməsi üçün rəsmi ərizə verərək bütün şərtləri yerinə yetirməyə hazır olduğunu bildirib. Prezident Ilham Əliyev də bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Azərbaycan paytaxtı ilə yanaşı Doha, Istanbul, Madrid, Roma və Tokio da Olimpiadanı keçirməyə iddialıdır.
Ərizələrin verilməsi tarixi sentyabrda başa çatıb. Bundan sonrakı mərhələdə milli komitələr Beynəlxalq Olimpiya Komitəsinə (BOK) iddiaçı ölkə və şəhərlərin Olimpiadanı qəbul etmək və keçirmək imkanları barədə məlumat təqdim edir. BOK da bu məlumatlar əsasında 2020-ci il Olimpiya oyunlarını keçirmək uğrunda mübarizəni davam etdirəcək şəhərləri seçir. Qurumun xüsusi komissiyası bu mərhələdə namizəd şəhərlərə baş çəkərək vəziyyətlə yerində tanış olacaq. 2020-ci il Olimpiadasını qəbul edəcək ölkənin adı isə 2013-cü il sentyabrın 7-də Buenos-Ayresdə açıqlanacaq. Azərbaycan heç vaxt Olimpiya oyunlarını qəbul etməyib. Ölkəmiz bir müddət əvvəl 2016-cı il oyunlarının Bakıda keçirilməsi üçün ərizə vermiş, lakin sonradan adı namizədlərin qısa siyahısına belə, daxil edilməmişdi.
Məlum məsələdir ki, Olimpiya oyunları Azərbaycan hakimiyyətinə iri pullar silmək üçün yaranmış fürsətdir.
Yarışmaya ev sahibi seçilib-seçilməməsindən asılı olmayaraq Azərbaycanın adı namizədlər sırasına düşəndən etibarən ölkə rəhbərliyi genişmiqyaslı işlərə start verməlidir. Aydın məsələdir ki, bu da olduqca böyük pullar tələb edir.
Problem ondadır ki, Azərbaycanın hələ “Eurovision 2012”dən necə çıxacağı sual altında olduğu bir vaxtda hökumət daha ağır yükün altına girir. Nəzərə almaq lazımdır ki, ”Eurovision” miqyasına görə Olimpiya oyunlarından xeyli geridə qalır. Bir həftəlik musiqi yarışmasına görə Bakının altını üstünə çevirən Azərbaycan hakimiyyəti tək paytaxtı yox, bütün ölkə ərazisini əhatə edən Olimpiya oyunlarına necə hazırlaşacaq?
Siyasi ekspert Rahim Hacıyev deyir ki, Olimpiya oyunlarına ev sahibliyi hüququnu əldə etmək üçün hər baxımdan yüksək kriteriya və standartlara cavab vermək lazımdır. Ölkənin bu standartlara cavab verməsi üçün isə çox böyük miqyasda hazırlıq işləri aparılmalıdır: “Telekommunikasiyadan tutmuş, otellərin sayına və vəziyyətinə, eyni zamanda infrastruktura qədər ən müxtəlif sahələr yüksək inkişaf səviyyəsində olmalıdır. Tələblərə cavab vermək üçün on milyardlarla vəsait xərclənməlidir. Bu, miqyasına görə ”Eurovision”dan on qat artıq bir tədbirdir. 2012-ci ilin Olimpiya oyunları Londonda keçiriləcək. London on illərdir bu yarışmaya hazırlıq işləri görür. On illər ərzində görülən işləri qısa müddətə sığdırmaq real görünmür. Söhbət, görüləcək işin miqyasından yox, keyfiyyətindən gedir”.
R.Hacıyev hesab edir ki, hakimiyyətin əsas məqsədi Olimpiya oyunları adı altında iri korrupsiya layihələrini həyata keçirməkdir: “Namizədlər sırasına düşsək, hökumətin əlinə iri layihələrə başlamaq və bu ad altında böyük pullar silmək üçün bəhanə düşəcək. Bu, qanunsuz tikinti və söküntü işlərinə reallaşdırmaq üçün əsas olacaq. Söhbət, kiçik pullardan yox, milyardlardan gedir. Çünki Olimpiya oyunları olduqca nüfuzlu və nəhəng bir tədbirdir. Ona hazırlıq da böyük pullar tələb edir”.


