At aldıq, atlet aldıq, amma atlantik olmadıq…

Bolqarıstandan 400 min avroya iki atlet almağımız barədə xəbəri oxuyanda, sadəcə, matım qurudu. Ulu Tanrı, kim qarğayıb bu ölkəyə? Nə baş verir burada? 3 milyona at alan zaman ortaya çıxan biabırçılıqdan, boks qalmaqalından – medal üçün 10 milyon rüşvət verilməsi rəzalətindən sonra da dərs almayıblar bu adamlar…

Bolqarıstanlı atlet bizə qızıl medal gətirəndə nə beş verəcək görəsən? Ağlımızmı artacaq? Qarabağmı qayıdacaq? Qəlbimizmi coşacaq? Bunu kommersiya marağı olan bir idman klubu etsəydi, heç söhbətini etməzdik. Amma vətəndaşının keçəlinə dərman sürtə bilməyən bir dövlət gör nə ilə məşğul olur. Xalqın pullarını azarta, azara xərcləyirlər. Adama sual verərlər ki, hanı idmana xərclədiyiniz pulların nəticələri, olimpiya komplekslərinin yaratdığı imkanlar, idmançılara atalıq qayğıları ki, Bolqarıstandan atlet alırsınız?
Təsəvvür edin ki, sabah xarici idmançı medal alır, sən də bununla fəxr edirsən. Bərəkallah, Azərbaycan. Dünən BMT Təhlükəsizlik Şurasının üzvü olmağımızla fəxr edirdik, bu gün əcnəbi atletlərlə milli komanda düzəldib, yarışa çıxırıq.
Haçansa 3 milyona aldığımız atdan hələ də bir xəbər yoxdur, yazıq at yarışa çıxan kimi yıxıldı. Mistika deyil, amma quyuya su tökməklə dolmaz axı. Indi o atın harada olduğunu bilmirik. Çünki onu burada bəsləyə bilmirdilər deyə, Belçikaya aparmışdılar. Orada da 50 ailənin xərcinə saxlayırdılar. Qazanmayıblar, zəhmət çəkməyiblər, necə istəyirlər səpələyirlər…  
Ən pisi odur ki, ətək-ətək avro verib Avropadan at alırıq, atlet alırıq, amma avropalı, yaxud avroatlantik olmuruq. Bu məsələyə gələndə, demokratiyaya, azadlığa, haqqa-hüquqa çatanda dərhal şərqli, fərqli oluruq, bizim öz yolumuz, öz demokratiyamız, öz taleyimiz olur. Amma caz festivalı, qaz festivalı, saz festivalı olanda bütün Avropanı yığırıq bura, göstəririk ki, biz də avropalıyıq.
Vidadi bəyə…
Dünən Şəki Apelyasiya Məhkəməsi hüquq müdafiəçisi Vidadi Isgəndərlinin şikayətini təmin etməyib. Şərlənərək tutulan Vidadi bəy bizim ölkədə hüquq müdafiəçiliyinin simvolu sayılacaq bir adamdır. Başqalarının haqqı uğrunda şir kimi döyüşürdü, şir kimi də qəfəsə salındı. Indi də qəfəsdə var-gəl edən cəngavərə bənzəyir…
Təəssüf ki, biz jurnalistlər uzun müddət Vidadi bəyin fəaliyyətini dəyərincə işıqlandıra bilməmişik. Ağ əlcəkli QHT-çi hüquq müdafiəçilərindən, iki cəbhədə meydan sulayanlardan fərqli olaraq, Vidadi bəy gördüyü işi təbliğ etmədən işləyirdi. Mətbuatdan yalnız  müdafiə etdiyi adamların xeyrinə istifadə edirdi.
Şəxsən mən onu son bir ildə maraqla izləyirdim. Həmkarlarıma da deyirdim ki, belə bir adam var, tank kimi işləyir. Emosionaldır, amma olduqca səmimi, hiyləsiz, sadə bir adamdır. Ürəyindəki sözləri olduğu kimi söyləyir. Yanğısı isə hər kəlməsində bilinir. 
Kifayət qədər səviyyəli bir peşəkar olan Vidadi bəy hüquqçuluğu hüquq-mühafizə orqanlarında işləməkdə görənlərdən deyildi. Elə bu cəhəti onu prokurorluq orqanlarından uzaqlaşdırmış, əsl hüquq adamı – haqq adamı etmişdi.
Indi Vidadi bəyin çıxışlarını oxuduqca bir şeyi hiss edirəm. Ölkədəki qanunsuzluğa heç cür dözümü yoxdur. Hər bir hüquq pozuntusu onu elə təəccübləndirir, sanki ilk dəfə görür belə halı. Bu, onun yüksək keyfiyyətlərindən xəbər verir. Indi belə adamlar azdır bizim cəmiyyətdə. Əksər hallarda baş verən iyrəncliklərə adamların tükü tərpənmir. Odur ki, bunun əksini görəndə adam çox təsirlənir…
Deməyə bir sözümüz qalır: Vidadi bəy, çox sağ olun!