Bugünlərdə Bakıda türkdilli ölkələrin və toplumların II media forumu keçirildi. Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Azərbaycanın dövlət siyasəti və media: türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər” mövzusunda çıxış elədi.ÿYanılmırsız, həmin Əli Həsənovdur.
Əliyevlər hakimiyyəti 2008-ci il yanvarın 1-dən türk dilini xarici dil elan edəndə bunu ciddi şəkildə əsaslandıranlardan biri də o idi. Iqtidarın konkret olaraq Türkiyəyə yönəlik antitürk siyasətini də qatı müdafiə edənlərdən birincisi də odur. Çətin post tutur, elə tutduğu posta görə də hakimiyyətin bütün yalan-doğru addımlarını əsaslandırmaq onun öhdəsinə düşür. Insafən işinin öhdəsindən layiqincə gəlir. Danışdığı yalanları sonra malalamaqda da problemi olmur. Bir vaxtlar türkcədən tərcüməni əsaslandıran bu adam heç bir komplekssiz bu gün türkdilli ölkələrin nümayəndələri qarşısında çıxış edir. Təkliflər verir, türk birliyindən, onun vacibliyindən, “Jalə” tamı verən informasiyalardan danışır, “türk təəssübkeşliyimiz olmalıdır” deyir. Maraqlıdır, bu birlik yaranarsa, Əli Həsənov onlarla hansı dildə danışacaq? Nuşirəvan Məhərrəmli onun dediklərini telekanallarda yenə də dublyaj etdirəcək?
Əli Həsənov türkdilli ölkələrdən gələnləri hələ provokasiyaya da çəkib: “Bir ovuc erməninin əlində 70 milyonluq türk, az qala aciz qalıb…”. Bəs türkə, Türkiyəyə qarşı dünənki siyasət necə oldu? Bəs niyə ulu öndəriniz “türk” adını “azərbaycanlı”ya döndərdi? Nədən qəfil mövqe dəyişikliyi baş verib? Türk sevgisi birdən-birə Bakı nefti kimi fontan vurub…
Əli Həsənov türkdilli ölkələrdən gələnlərə “Azərbaycanın dövlət siyasəti və media…” mövzusundan danışanda dövlətin başqa bir qurumu həmin siyasəti – jurnalistləri sözə görə həbsetmə siyasətini uğurla həyata keçirirdi; türk jurnalist, Türkiyədə təhsil alan jurnalist, gündəlik qəzetin baş redaktoru Əvəz Zeynallını türməyə basırdı…
***
Türk seriallarına qadağa qoyulan vaxt Siyavuş Novruzov bunun qəti əleyhinə çıxmışdı və dili bilməyənlərə öz soy-köklərini araşdırmağı məsləhət görmüşdü. Bəzi deputatlar da ona dəstək vermişdi.
“Bəzi millət vəkilləri həmkarları Siyavuş Novruzovun türk seriallarının dublyaj olunmasının əleyhinə səsləndirdiyi fikirləri dəstəklədiklərini bəyan edib. Millət vəkili Məlahət Ibrahimqızı da türkcə efirə gedən veriliş və filmlərin tərcüməsinin tələb edilməsini düzgün saymadığını deyib. Onun sözlərinə görə, ortaq türkcənin yaradılması ideyasının irəli sürüldüyü, türk dünyası ilə əlaqələrin inkişaf etdirildiyi bir vaxtda Milli Teleradio Şurasının belə bir qadağa tətbiq etməsi anlaşılmazdır: ”Digər tərəfdən, biz hamımız türkük. Televiziyaların türk dilində yayımladığı serialları da çox yaxşı başa düşürük. Bu gün nə Azərbaycan prezidenti Türkiyəyə gedəndə, nə də Türkiyə rəhbərləri Bakıya gələndə keçirdikləri görüşlərdə tərcüməçidən istifadə edirlər. Onlar eyni dildə danışdıqlarından bir-birini çox yaxşı başa düşürlər”.
Daha bir deputat Gültəkin Hacıbəyli isə məsələyə münasibətini Mirzə Ələkbər Sabirin yazdığı şeirlə bildirib:
Osmanlıcadan tərcümə türkə, bunu bilməm,
Gerçək yazıyor gəncəli yainki hənəkdir,
Mümkün iki dil bir-birinə tərcümə amma,
Osmanlıcadan tərcümə türkə, nə deməkdir?
G.Hacıbəyli bu gün Azərbaycanda insanların böyük bir hissəsinin onsuz da peyk və kabel televiziyaları vasitəsi ilə əcnəbi kanallara baxdığını deyib. O, “bu cür qadağalar insanları yerli televiziyalara baxmaqdan uzaqlaşdıra bilər. Bir millətin iki dövləti ola bilər, amma bir millətin iki dilinin olması absurddur” deyə sonda vurğulayıb.ÿ
Bu sitat o çağların xəbərlərindəndir.
Gültəkin xanımın sözləri mənim də ilhamımı cuşa gətirdi. Bu balaca təhrifimə görə məncə, böyük şairimiz günahımdan keçər. Tədbir iştirakçılarından bir çoxuna bu şeirdən pay düşdüyü qənaətindəyəm.
…Türkçüyəm söyləyir yerindən duran
Adamın üzündə həya gərəkdir.