Öncədən izah edim ki, “milli lider”“” anlayışı bütün hallarda mənim üçün şərti məna daşıyır. Təkcə ona görə yox ki, indi biz bu anlayış altında şəxsiyyətə pərəstiş və avtoritarizm təbliğatının gur basqısı ilə əzilən bir cəmiyyətdə yaşayırıq. Müasir xalqlar artıq demokratik idarəçiliyə keçib və onlar seçkili liderlərlə idarə olunmağın faydalarını görürlər. Belə cəmiyyətlərdə “milli lider”“” anlayışı yoxdur və qəbul edilməzdir…
Qonşu Türkiyədə indi ölkəyə çox nüfuzlu bir lider rəhbərlik edir – onun partiyası bir-birinin ardınca seçkiləri udur, təkbaşına hökumət qurur. Amma müxalifət liderləri Ərdoğan haqqında camaatın önündə onu ələ salan lətifələr danışır. Kimsə də Ərdoğana milli lider demir, heç çoxsaylı tərəfdarları da. Tərəfdarları Ərdoğanın seçkini udması ilə öyünürlər və ona meqatitullar uydurmaq ağıllarına belə, gəlmir…
Bəs biz mütərəqqi gələnəklərin əksinə gedib, heç olmasa müəyyən şərtiliklə bu anlayışı qəbul etsək, onda milli lider kimə deməliyik? Kim milli lider sayıla bilər?
Birdən-birə bu suala üz tutmağım səbəbsiz deyil. Bilirsiniz ki, Qırğızıstanda prezident seçkiləri keçirildi. Seçkilərin necə keçməsini, onun nəticələrini hər yerdə maraqla izləyirdilər. Bu ölkədə baş vermiş xalq üsyanı və digər gərgin hadisələrdən sonra seçkilərə böyük diqqətin olması təbii idi. Amma mənim diqqətimi xüsusi bir məqam cəlb etdi. Qırğızıstanın faktiki prezidenti, xalq inqilabının əsas təşkilatçısı olan Roza Otunbayeva seçkidə iştirak etmədi. Yüksək nüfuzuna və hazırda prezident olmasına baxmayaraq…
Budur, bizim ölkədə hakimiyyətdən iki əlli yapışıblar. Bir çox ölkələrdə belədir. Putin hakimiyyəti müvəqqəti olaraq varisinə, Heydər Əliyev oğluna dövr etmişdi. Ilham Əliyev isə iki dəfədən çox prezident olmaq üçün Azərbaycanın Konstitusiyasını dəyişdi. Amma inqilab lideri olan, xalqın böyük sayğısını daşıyan Roza Otunbayeva demokratik seçkilər keçirərək, hakimiyyətdən əl çəkir. O, bunu xalqının xoş gələcəyi üçün edir.
Roza Otunbayeva seçkiləri uda biləcək qədər nüfuza sahib idi. Amma seçkiyə qatılmadı. O, hakimiyyətdən imtina örnəyi gətirdi ölkəsinə. Demokratiya naminə, xalqı naminə…
Mənə elə gəlir ki, müasir dövrdə əsl milli lider belə olar – imtina gücü ilə.
Biz onsuz da millətin gələcəyi naminə səbəblər uydurub hakimiyyəti ömürlük qəsb edənlərin sonunu görməkdəyik. Belələri xalqlarına bədbəxtlikdən başqa heç nə gətirmir. Milləti sevən adam hakimiyyətdən getməyə hazır olan adamdır. Deməli, hakimiyyətdən yapışan adam milli lider ola bilməz.
Roza Otunbayeva isə göstərdi ki, əsl milli liderlər necə olur…
Bizim quyu qazan qadınlar…
Qayıdaq öz xanımlarımıza. Bizim ataların yaxşı bir sözü var. Qazdığın quyuya özün düşərsən. Deputat Gülər Əhmədova həmkarımız Əvəz Zeynallıya qazdığı (yaxud onun əlilə qazılan) quyuya özü düşməkdədir. Əvvəla, üzləşdiyi mənəvi sıxıntılar və ictimai qınaq da ona ağır başa gələcək. Bu hərəkəti ilə tərcümeyi-halına unudulmayan bir sətir yazmış oldu. Ikincisi, Gülər Əhmədova öz şikayəti ilə qanunsuz səs yazısından istifadə etdiyini artıq etiraf edib. Qanunsuz səs yazısı barədə irtica xarakterli dəyişikliyi saxta referenduma çıxaranlar arasında da bu deputat vardı. Həmin quyunu qazanda da Gülər Əhmədova fəal idi…
Əsl milli lider: bir qadın haqqında
•