Keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Musa Rahim 13 nəfərlə birlikdə Xalq Cəbhəsinə müraciət etdi
Bir müddət əvvəl AMIP-dən istefa vermiş keçmiş siyasi məhbus, hüquq mudafiəçisi Musa Rahim AXCP-yə üzvlüklə bağlı müraciət edib. Xatırladaq ki, Musa Rahim 2007-ci ildə “ölkədə insan haqlarının pozulmasına və korrupsiyaya son qoyulsun!” tələblərinin əks olunduğu şüarlarını yazıb evinin damına yapışdıraraq etiraz aksiyası keçirəndə medianın gündəminə çıxmışdı. Az sonra isə onu polisə müqavimət ittihamı ilə həbs etmişdilər. Imişli Rayon Məhkəməsi ona beş il iş vermişdi. Amma M.Rahim 2009-cu il dekabrın 25-də imzalanan əfv sərəncamı ilə azadlığa çıxmışdı.
M.Rahimlə yanaşı 13 nəfər Imişli sakini də AXCP-yə üzvlük üçün müraciət edib.
Dünən AXCP-nin müvafiq strukturlarına ərizə ilə müraciət edən bu şəxslər ölkədə demokratiya uğrunda gedən mübarizəyə öz töhfələrini vermək niyyətindədirlər.
M.Rahim “Azadlıq” qəzetinə açıqlamasında bildirdi ki, onun bu addımı atmasına səbəb hazırda rejimə qarşı mübarizə aparan əsas müxalifət təşkilatı kimi AXCP-ni görməsidir: “AXCP-nin keçdiyi şərəfli yol, hakimiyyətlə mübarizədə prinsipial və ardıcıl olması hamıya bəllidir. Iqtidarın yürütdüyü çirkin siyasət AXCP və onun lideri Əli Kərimlini xalqın gözündən sala bilməz. Əksinə bu siyasət bumeranq effekti verərək hakimiyyətin özü üçün ciddi fəsadlar yaradacaq. Xalqın hüquqlarının bərpası uğrunda AXCP-nin prinsipial mübarizəsi məni həmişə cəlb edib”.
M.Rahimin sözlərinə görə, hakimiyyət hazırda dünyada gedən proseslərdən, Yaxın Şərqdəki dəyişikliklərdən nümunə götürməlidir. Çünki demokratikləşmə dalğası qarşısıalınmaz prosesdir və Azərbaycan Avropanın bir parçası olmağa məhkumdur. “Hakimiyyətin yürütdüyü siyasət hazırda dünyada qəbul olunmur. Xalqlar ayağa qalxaraq demokratik cəmiyyətdə yaşamaq arzularını ifadə edirlər. Azərbaycan xalqı da ölkəmizdə hüquqi dövlətin qurulmasını istəyir”,- deyə M.Rahim vurğuladı.
M.Rahim onu da bildirdi ki, yaxın zamanlarda Imişli rayonundan daha onlarla vətəndaş AXCP sıralarına üzvlüklə bağlı müraciət edəcək.
Informasiya şöbəsi
Musa Rahim və onun təşkil etdiyi orijinal etiraz aksiyalarından ikisi



İnformasiya şöbəsi


