“Ərəb baharı”ndan neçə mövsüm irəli, hələ bahara zərrəcə ümid olmayan əski çağlarda yazmışdım ki, heydərizmin çox gözəl, əvəzolunmaz bir xüsusiyyəti var – öz-özünü məhvetmə. Bizim bacarmadıqlarımızı bu rejim özü eləyir öz məhvi üçün. Əvəz Zeynallının həbsi növbəti, üzdə adi görünən, mahiyyətdə böyük olan addım.
Sanki bu rejimin içində biriləri bu həbsin əleyhinədi. Ona görə yox ki, o kəsim demokratiya tərəfdarıdı, iyrənc oyunları xoşlamır. Yox. Bu tip rejimin içindəki istənilən vintcik zərərli ünsürdü. Sadəcə, o kəsim bu tip addımların sonu nə qədər yaxınlaşdırdığını bilir və bacardıqca bundan qaçmaq istəyir. Istəyir ki, rejimin ömrü daha da uzansın. Ama yox. Mümkün deyil. Rejimin içində elə bir adam yoxdu ki, bu rejimdən güclü olsun. Hətta onun başında dayanan Ilham Əliyev özü belə, rejim qarşısında acizdi. Çünki rejimin yaradıcısı o deyil, yaradıcı dünyasını dəyişib və bütün açarları, kodları da özüylə aparıb…
Fikrimi az da olsa əsaslandırım. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsinin eyforiyası hələ Azərbaycan tevelərinin üzündən-gözündən yağmaqdaykən Əvəz Zeynallı, oxunaqlı, artıq gündəlik çapa keçmiş “Xural” qəzetinin baş redaktoru həbs edildi. Şuraya seçilən dövlətimiz bəzi öhdəliklər götürüb. Birincisi demokratiya, insan hüquqları, söz-mətbuat azadlığıdı. Guya bu dövlət dünyanın başqa dövlətlərində də insanların maddi və mənəvi hüquqlarının təhlükəsizliyinə çalışacaq. Halbuki bu dövləti özəlləşdirmiş Əliyev hakimiyyəti nəinki başqa dünya dövlətləri və insanlarının, öz vətəndaşlarının və elə özünün təhlükəsizliyini qorumağa qabil deyil. Həm də təkcə “qabil” məsələsi deyil, gücü çatmamaq dərd yarıdı. Bu hakimiyyət dünyanın olmasa da, Azərbaycanın və onun biçarə vətəndaşlarının təhlükəsizliyinə bir başa təhlükədi. Ən sıradan bir işdi – bir nəfər qəzet buraxır, oxucu toplayır, bir gün dövriliyini gündəliyə qədər artıra bilir və budu ha, qara buludlar başının üstünü alır, qəzetinin mülkü yağmalanır, özü isə həbsə atılır. Dünən Avropada təhlükəsizlik qarantı olacağına dair and içib, ağu yalayan hakimiyyət üstündən beş gün ötməmiş öz doğmaca vətəndaşını qanlayır. Həm də hansı yollarla! Ən iyrənc, ən çirkin və təəccüblü də olsa qıcqırmış, boyat çirkinliklə. Şərləmə!!!
Bir iş var ki, qabaqlar bu işi bir küçə qadınına, bir əyyaşa, narkomana, ana-bacısının əmcəyini kəsənlərə, polisin axtarışında olanlara gördürərdilər. Indi artıq biz küçə dövləti deyilik. BMT kimi bir təşkilatda TŞ-nin üzvüyük. Deməli, işlər daha yuxarı ranqda aparılmalıdı. Bu dəfə şərləyən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, özü də qəzet sahibi olan biridi. O, həm də xanımdı. Ən azı xanım deyirlər ona. Görəsən, bu cür boyat yollarla jurnalisti həbs eləyənlər heç olmasa dünyadan utanırlarmı? Axı dünya az şahid olmayıb belə şərləmələrə. Məgər şərləməni deputata icra etdirəndə o modern forma alırmı? Ya dünya belədə işin nə qədər dürüst və qanuni olduğunumu düşünəcək? Guya, imic qayğısına qalıblar… Yeməzlər…
Dünən biri Fb-də yazıb: “Əvəz Zeynallının haqqında tələm-tələsik həbs-qətimkan tədbirinin seçilməsi Azərbaycan hökumətinin imicinə zərbə vuracaq!? Görəsən, hansı imicdən söhbət gedir? Elmar Hüseynovu qətlə yetirməklə, Bahəddin Həziyevi yarıcan eləməklə, ziyalılarının ağzına güllə sıxmaqla, tində, dalanda güllələməklə, Aqil Xəlili döyməklə, bıçaqlamaqla, Qəniməti şərləməklə (…) qazanılan imicdənmi söhbət gedir? Elə isə, narahat olmayaq, o imicə zərbə vura biləcək elə bir yapist hələ dünyaya gəlməyib. Imic sarıdan arxayın olmaq olar. Irəli, heydərizm, irəli!