Dünən gecə planetin 7 milyardıncı sakini doğulub. Bu saat onun məhz hansı ölkədə dünyaya gəldiyinə dair qızğın mübahisə gedir. Bir qrup 7 milyardıncı insanın Rusiyada, başqa bir qrup Filippində doğulduğunu iddia edir.
Bunun hamısı Azərbaycan hakimiyyətinin başının BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv olmağımız münasibətilə qurduğu təntənəyə qarışmasına görədir. Yoxsa çoxdan 7 milyardıncı sakinin Azərbaycanda doğulduğunu sübut etmişdilər, üstəlik, ona “Heydər” adı da qoymuşdular.
“Heydər” dedim, yadıma Hesablama Palatası düşdü. Çünki Hesablama Palatasının sədrinin adı da Heydərdir – Heydər Əsədov.
Dünən bu qurumun yaranmasının 10 illiyi qeyd olunub, əlahəzrət, palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə bir dəstə adamı ödülləndirib. Bəzilərini 2-ci dərəcəli “Vətənə xidmət” ordeni ilə, bəzilərini “Tərəqqi” medalı ilə.
Burada iki əcaiblik var:
Bir: mən Ilham Əliyevin təltif qərarı sayəsində öyrəndim ki, Vətənə xidmətin də dərəcələri varmış: 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli… Əsl komediyadır. Vətənə xidmət nə vaxtdan dərəcələrə bölünür? Eyni məntiqlə vətənə xəyanətin də dərəcələri olmalıdır? Bunlardan nə desən çıxar. Bu saat bəlkə də Cinayət Məcəlləsində “Vətənə az ağır xəyanət etmə”, “Vətənə orta dərəcəli xəsarət yetirmə” kimi maddələr var, xəbərimiz yoxdur.
Iki: Bu hakimiyyətin Vətənə xidməti olanları mükafatlandırmasının özü absurddur. Bunlar “Vətən” deyəndə öz ciblərini başa düşürlər, bunlar üçün Vətən kabinetləri boydadır. Deməli, əslində hakimiyyətə xidməti “Vətənə xidmət” adı ilə sığortalayırlar. Bunlar Vətənə xidmət edənləri ödülləndirəcək mərifətə sahib olsalar, Rəsulzadəni niyə düşmən qiyafəsində görsünlər ki? Əlləri Elmarın qanına niyə batsın ki? Bədənində Vətən uğrunda döyüşlərin qəlpələrini gəzdirən, Qarabağ savaşının ön cəbhəsində çarpışmış neçə-neçə “2 aprel”çini niyə şərləyib həbsə atsınlar ki?
O ki qaldı “Tərəqqi” medalına, onunla bağlı hər şey başından bəri aydındır: bu medal ölkədə korrupsiyanın, yalanın, yaltaqlığın tərəqqisinin ekvivalentidir.
Qayıdaq Hesablama Palatasına… Bu Palatanın indiyədək nəyi hesabladığını heç kim bilmir. Iribuynuzlu məmurlar, oliqarxlar onunla ümumiyyətlə hesablaşmırlar. Hesablama Palatasının həddi nədir Kəmaləddindən, Ziyadan, Rövnəqdən icazəsiz onların idarələrindən içəri addım atsın? Hətta yadımdadır, bir neçə il əvvəl gəmiçilik idarəsinin rəisi Aydın Bəşirov Palatanın yoxlamaya gələn əməkdaşlarını bir neçə dəfə qapıdan qovmuşdu. O vaxtlar Hesablama Palatasının sədri parlamentdə yazıq-yazıq deyirdi ki, gəmiçilik idarəsində yoxlama aparmaq istəyirik, amma bizi ora yaxın buraxmırlar. Indi Allah eşqinə deyin, hakimiyyətin təpəsində oturanların, onların himayəsindəkilərin hesablaşmadığı bir Hesablama Palatasının mənası nədir?
Axı hamı bilir ki, bu Palata yalnız arxasız, himayəsiz, onuncu, yüzüncü dərəcəli məmurları görəndə şirə-pələngə çevrilir, onları ifşa etmək zamanı gələndə xoruzlanır.
Indi belə bir dişsiz, gücsüz, sınıq-salxaq qurumun 10 illiyini təmtərağa çevirmələrinin səbəbi də budur: hər halda, başqa ölkələrdəki analoqlarından fərqli olaraq, bizim Hesablama Palatası bunları hesablaya bilmir, üzüyola, başıaşağı, formal bir palatadır. Adı vardır, özü isə faktiki yoxdur.
Üstəlik, Palatanı, vaxtilə AXCP-yə, “Azadlıq” qəzetinə və “Turan” Informasiya Agentliyinə məxsus ofisə yerləşdiriblər. Xatırlayacaqsınız, bir neçə il əvvəl onları zor gücünə, qanunsuz şəkildə “Xaqani-33”dən çıxartdılar. Yerində dəbdəbəli bir bina tikdilər, Hesablama Palatasını da oraya yerləşdirdilər. Yəni, əslində, normal ölkədə dövlət gəlirlərini və onun düzgün xərclənməsini hesablamalı olan qurum bizdə müxalifətlə Hesablaşma Palatasına çevrildi.
Nə isə. Söhbəti çox uzatmaq istəmirəm. Bunu da yazıb nöqtəni qoyuram: hakimiyyətdəkilər tez-tez müxalifətin Ictimai Palatası haqqında ironiyalı açıqlama verirlər, onu “qeyri-ciddi qurum” adlandırırlar. Amma özlərinin tamamən mənasız, dişsiz, kürküyırtıq, sınıq-salxaq palatalarının 10 illiyini bayrama çeviriblər. Təbrik təbrik belində, ödül ödül üstündə…
Adama deyərlər, gedin əvvəlcə öz Palatanızın dərdini çəkin!