“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı millət vəkili, “Mərkəz” qəzetinin baş redaktoru Gülər Əhmədovanın Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə verdiyi şəxsi (!) ərizə əsasında həbs edilib. Gülər xanım ərizəsində yazıb ki, Əvəz Zeynallı əlində olan faktlarla onu şantaj edib, materialların çap olunmaması müqabilində 10 min manat pul istəyib.
Sual: Nə imiş Əvəzin əlindəki faktlar? Gülər xanım niyə bu şantaja reaksiya verib?
Əvəz Zeynallının telefonunun yaddaşında millət vəkilinin nömrəsindən gələn 14 mesaj var və bu mesajlar hazırda Korrupsiyaya qarşı Mübarizə Idarəsindədir. Mesajlarda hörmətli millət vəkili Gülər Əhmədova Əvəz Zeynallıdan zənglərinə cavab verməyi israrla xahiş edir. Belə çıxır ki, Əvəz Zeynallı Gülər xanımdan qaçır, onun xahişini eşitmək istəmir və materialların dərcində maraqlıdır.
Sual: Yazının çap olunmaması müqabilində pul istəyən bir şəxs “pulverəndən” niyə qaçmalı və onun israrlı xahişlərini niyə qulaqardı etməlidir?
Gülər Əhmədova xahişlərinin bir nəticə vermədiyini görüb, Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərini, nüfuzlu qəzetçilərini Əvəz Zeynallıya minnətçi salıb. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dünən bu barədə geniş açıqlama da verdi. Bəlli oldu ki, Əvəz Zeynallının kimsənin xahişini eşitmədiyini görən Gülər Əhmədova son ümid yeri kimi Rauf bəydən təvəqqe edib. Xanım deputatın 8 günlük (!) təkidlərindən usanıb-bezən Rauf bəy Əvəz Zeynallıya telefon açıb, onun zənglərini cavablandırmağı istəyib. Yalnız bundan sonra Əvəz bəy Gülər Əhmədova ilə danışıb.
Rauf bəy bir məsələni də açıqladı: “Gülər Əhmədova mənə zəng etdi, dedi, ”Əvəzlə danışdım və materialın çapını bir həftə yubatmağa nail oldum. Bir həftədən sonra görüşüb hər şeyi yoluna qoyacağam”.
Sual: O nə materialdır, axı? Gülər xanım o materialların çapından niyə bu qədər həyəcanlanıb ki, ölkənin ən nüfuzlu adamlarını Əvəz Zeynallının üstünə minnətçi salıb?
“Xural” qəzetinin əməkdaşı Nurəddin Xocanın açıqlamasında da çoox maraqlı məqamlar var. Nurəddin bəy deyir ki, Gülər Əhmədova ona zəng edib və bu zəng də diktofona yazılıb. Diktofona yazılmış həmin telefon danışığında Gülər Əhmədova özünü itirmiş, həyəcanlı və təlaşlı halda deyib: “Əvəz istəyirsə, qulağımın sırğasını, barmağımın üzüyünü verməyə hazıram. Razı olsun, maşınımı sizin adınıza keçirim. Amma noolar, o yazı çap olunmasın!”
Sual: Axı, bu lənətə gəlmiş “material” nədir ki, onun çap olunmaması üçün Gülər xanım boyun-boğazının qızıl-gümüşünü, miniyini Əvəz Zeynallıya fəda edir? Gülər xanım niyə və nədən qorxur? Axı, onu narahat edən nədir?
Bu hadisələr avqust ayında baş verib, Gülər xanım isə Antikorrupsiya idarəsinə oktyabrın 19-da müraciət eləyib. Bu müddətdə Gülər Əhmədova ilə Əvəz Zeynallının arasında hər hansı danışıq olmayıb. Millət vəkili də ondan pul alınmadığını, yalnız “hədə-qorxu” gəlinərək pul istənildiyini yazır.
Sual: Əvəz Zeynallı “heç nə almadığı” materialı 2 ay müddətində niyə çap etməyib? Və yaxud: Gülər Əhmədova niyə bu fakt unudulub gedəndən, yəni 2 aydan da artıq zaman keçəndən sonra Antikorrupsiyaya müraciət eləyib?
Bunlar aydınlaşır, Gülər xanımın siyasi sifariş yerinə yetirdiyi də bəlli olur. Ancaq mən artıq 3 gündür ki, Azərbaycanın ən nüfuzlu yazarlarının sualları ilə qarşılaşıram: “Əvəzdə nə fakt vardı ki, Gülər Əhmədova bu qədər həyəcanlanmışdı? Kimdədir o fakt? Nə var o materiallarda?”
Həəə! Günün sualı budur: Gülər Əhmədovadan Əvəz Zeynallıda hansı “kompromatlar” vardı? Əgər bu mənasız və əsassız material idisə, Gülər xanım niyə narahat olurdu? Yox, əsaslı faktlardısa, bəs, onlar hanı?
Çoxsaylı həmkarlarım kimi, mən də bu faktların peşindəyəm. Biriləri Gülər Əhmədovanın “Mərkəz” qəzetinə bir müddət baş redaktorluq edən Nigar Almanqızının müsahibəsindən və müsahibədə dediyi fikirlərdən danışır. Məncə, bu deyil – çap olunmayan o müsahibə artıq jurnalistlərin ixtiyarına verilib.
Biriləri hansısa video və fotofaktlardan danışır!
Aha! Bu, maraqlı məqamdır və bu foto-video faktların bir gün “Youtube” saytında peyda olacağına şübhə etmirəm. Azərbaycan jurnalistlərinin tam yarısının dəhşətli maraqla axtardığı o fakt ortaya çıxmazmı?
Zatən, bütün ictimaiyyət də Gülər xanımı həyəcanlandıran o faktları oxumaq (görmək) intizarındadır…


