Yeni kəmər “Nabukko”nu ləngidə bilməyəcək

Hakimiyyət «Nabukko»ya yaşıl işıq yandırmaq məcburiyyətində qalacaq

Elxan Şahinoğlu: «Nabukko» ilə bağlı məsələni yubatmaq Türkiyənin maraqlarına uyğun deyil»

Azərbaycanla Türkiyə arasında yeni qaz kəmərinin tikintisinə dair razılaşma əldə olunub. Bu günlərdə iki ölkə arasında imzalanan qaz sazişinə yeni kəmərin inşa edilməsi də daxil edilib. Razılaşmaya əsasən, yeni kəməri Azərbaycanla Türkiyənin özü çəkəcək, amma başqa xarici mənbələrin də bu işdə iştirakı mümkündür. Kəmərin tikintisini 2017-ci ildə başa çatdırmaq planlaşdırılır.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə yeni kəmərin güclü bir alternativ olduğunu, lakin “Nabukko”ya qarşı yönəlmədiyini deyib.
Xatırladaq ki, Azərbaycan hökuməti “Nabukko” layihəsinə qoşulmaqla bağlı qəti qərarını açıqlamayıb. Hətta rəsmi Bakının bu layihədən yayınmaq istəyində olduğu da bildirilir. Belə olan halda yeni kəmərin çəkilişinə razılıq verən Azərbaycan tərəfinin bu məsələdə Ankaraya güvəndiyini də ehtimal etmək olardı. Lakin Taner Yıldızın açıqlaması Türkiyənin “Nabukko” məsələsində rəsmi Bakıya dəstək verməyəcəyini deməyə əsas verir. Bəs Ilham Əliyev yeni kəməri bəhanə edib “Nabukko”dan imtina edə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yeni qaz kəməri ideyasının “Nabukko”nun əleyhinə olacağını ehtimal etmir. Çünki Azərbaycan hakimiyyəti “Nabukko” ilə bağlı məsələni yubatmaq istəsə də, bu, Türkiyənin maraqlarına uyğun deyil. “Nabukko” layihəsi tranzit ölkə kimi Türkiyənin statusunun artırılmasına yol açacaq.
Ekspertin fikrincə, əksinə, yeni kəmər “Nabukko”nun işə düşməsini daha da sürətləndirə bilər: “Avropa Birliyi rəsmilərinin açıqlamalarından da bəlli olur ki, onlar Türkiyə ilə Azərbaycan arasında yeni qaz xəttini alqışlayırlar. Onlarda belə bir fikir yaranıb ki, artıq Azərbaycan hakimiyyəti ”Nabukko”ya dəstək verməyə hazırlaşır. Çünki artıq Azərbaycan hakimiyyəti də başa düşdü ki, Iran və Rusiyanın təzyiqlərindən qorxmaq ölkəmizə heç bir uğur gətirməyəcək. Görünür, artıq Azərbaycan hakimiyyətinin manevr imkanları tükəndiyindən Türkiyədə çox böyük anlaşmalara imza atıldı”.
Ekspertin sözlərinə görə, Izmirdə imzalanan son anlaşmalar ondan xəbər verir ki, sonda Azərbaycan hakimiyyəti “Nabukko”ya yaşıl işıq yandırmaq məcburiyyətində qalacaq.

Fizzə