Seçici siyahılarında şübhəli “pripiska”

Rusiyada vətəndaşlıq alan 750 min azərbaycanlının adı seçici siyahısından niyə çıxarılmır?

Bu günlərdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkədə 750 min azərbaycanlının vətəndaşlıq aldığını deyib. O, eyni zamanda 500-700 min arası Azərbaycan vətəndaşının Rusiyaya gəlib-getdiyini də bildirib.
Bu da kifayət qədər ciddi rəqəmdi. Qeyd etmək lazımdır ki, Azərbaycan öz vətəndaşlarının ikili vətəndaşlığını tanımır. Yəni Azərbaycan vətəndaşı öz ölkəsində vətəndaşlıqdan çıxmadan rahat şəkildə başqa ölkədə vətəndaşlıq ala bilər. Ancaq vətənində o, yalnız Azərbaycan vətəndaşı kimi qəbul ediləcək. Bu insanların eyni zamanda Azərbaycanda səsvermə hüququ da var. Lakin Rusiyada vətəndaşlıq alan şəxslərin seçki zamanı Azərbaycana gəlib səs verəcəyi, yaxud yaşadığı ölkədə bu məqsədlə yaradılan məntəqəyə müraciət edəcəyi qətiyyən inandırıcı deyil. Eyni zamanda səfirin qeyd etdiyi kimi, mütəmadi olaraq Rusiyaya gedib-gələn şəxslərin də seçici kimi fəallığını gözləmək olmaz. Belə olan halda, 750 min ikili vətəndaş, eyni zamanda 500-700 min arası Rusiyada müxtəlif fəaliyyətlə məşğul olub vətəndaşlığı olmayan Azərbaycan vətəndaşı seçkidən kənar qalır. Milyon yarıma yaxın insanın səsi isə istənilən seçkidə əhəmiyyətli rol oynayır. Hakimiyyətin seçki saxtakarlığında təcrübəli olması da onu ehtimal etməyə imkan verir ki, bu şəxslər hər seçkidə iqtidarın işinə yaraya bilər. Onu da qeyd edək ki, son illər Azərbaycanda seçicilərin sayında o qədər də ciddi dəyişiklik olmayıb. Əgər yalnız Rusiyada yaşayan azərbaycanlılar seçici siyahısından çıxarılsaydı, bu, seçicilərin sayında özünü göstərərdi. Belə olan halda Mərkəzi Seçki Komissiyası hansı zəruri addımlar atmalıdır və ümumiyyətlə, başqa ölkələrdən vətəndaşlıq alan şəxslərin seçkilərdə iştirakı necə tənzimlənir?
MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev hər il seçici siyahılarında dəqiqləşdirmə aparıldığını deyir. Bu proses məntəqə seçki komissiyası səviyyəsində başlayır. Daha sonra bu proses DSK, sonda isə MSK tərəfindən həyata keçirilir. Prosesdə yerli bələdiyyələr, icra strukturları, MIS-də iştirak edir. Daima öz yaşayış yerində olmayan seçici siyahıdan çıxarılır.
Son illər seçicilərin sayının azalmamasını A.Sarıyev ölkədə ildən-ilə səsvermə hüququ olan vətəndaşların sayının artması ilə izah etdi.

Fizzə