Rəqsanə yenə avtoqəzaya düşdü

“Mən əzilmişəm, prodüserimin qolları sınıb”

Müğənni Rəqsanə düşdüyü avtomobil qəzası ilə bağlı “lent.az”a açıqlama verib. “Toydan gəlirdik, hava dumanlı, çiskinli idi. Təranə maşını sürürdü, mən qabaqda oturmuşdum. Gələndə yolda maşın sürüşdü, üç dəfə fırlandı. Nə qədər elədi, maşını saxlaya bilmədi. O vaxta kimi camaat töküldü, mənim əziklərim var, Təranənin qolları qırılıb. Təcili maşın gəldi, bir nömrəli xəstəxanaya gəldik. Təranə gipsdədir, mən də kompres edirəm”, – deyə o bildirib.

Xatırladaq ki, Rəqsanə və onun prodüseri Təranə Səmədova oktyabrın 31-nə keçən gecə Bakı-Şamaxı yolunda ağır yol qəzasına düşüb. Təranə Səmədovanın 10 LK 030 nömrə nişanlı “Nissan” markalı avtomobil Qobustan rayonu ərazisində yoldan çıxaraq, aşıb.

***

Modern.az “Anspress”ə istinadən bildirir ki, ötən gecə müğənni Rəqsanə İsmayılova yol nəqliyyat hadisəsi törədib. Qəza Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində baş verib. Paytaxt Bakı istiqamətində hərəkət edən və müğənninin sükanı arxasında əyləşdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Rəqsanə ilə yanaşı maşında olan iki nəfər sərnişin xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, müğənni Rəqsanə və digər xəsarət alanların vəziyyətləri qənaətbəxş olduğundan onlara lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qəza ilə bağlı münasibət öyrənmək istəyən ANS-in çəkiliş qrupunu görən Rəqsanə heç bir şey demədən başqa bir avtomobilə minrək xəstəxanadan uzaqlaşıb. 
Qəzanın baş vermə səbəbləri baş dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Xatırladaq ki, bu ilin mart ayında da müğənni Rəqsanə ağır yol qəzasına düşmüşdü. Hadisə Heydər Əliyev prospektində müğənninin idarə etdiyi “Mercedes” markalı maşının qarşısına çıxan maşınla toqquşması zamanı baş vermişdi. Həmin qəza nəticəsində isə Rəqsanə xanım ayaqlarından yüngül xəsarətlər almışdı.