Öz vətəndaşlarına 100 manata satdığı qazı hökumət xaricə 50-55 dollara satır
Məhəmməd Talıblı: «Azərbaycanın Türkiyəyə etdiyi qiymət güzəştləri hər hansı strateji münasibətlərin ifadəsi, bu münasibətlərə sadiqlik deyil»
«Avropaya ixrac üçün nəzərdə tutulan qazın qiymətinin bu həddə olması tamamilə yolverilməzdir»
Türkiyə ilə Azərbaycan arasında çoxdandı gözlənilən qaz anlaşması imzalandı. Sazişdə əsas diqqət çəkən məsələ isə qazın qiyməti ilə bağlıdır. “BTC Co.” BOTAŞ-ın ucuz təbii qazla təmin olunması və kəmərin fəaliyyət göstərdiyi dövrdə Türkiyə şirkətinin məruz qaldığı 100 milyon dollar məbləğində zərərin kompensasiya edilməsi barədə rəsmi Ankaranın istəklərini qəbul edib. Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. Türkiyə mətbuatının açıqlamasına görə, BOTAŞ BTC üçün alacağı təbii qazın hər 1000 kubmetrinə bundan sonra 50-55 dollar ödəyəcək. Eyni zamanda Türkiyənin Azərbaycandan aldığı qazı digər ölkələrə satmaq hüququ da var.
Xatırladaq ki, Azərbaycanda yerli istehlakçılara qazın 1000 kubmetri 100 manata satılır. Təbii ki, Türkiyə strateji müttəfiq və qardaş ölkədir. Bu səbəbdən də qazın qiymətində güzəşt başadüşüləndir. Ancaq bununla belə, qiymətin əhaliyə satılandan iki dəfədən çox ucuz olması da diqqəti cəlb edir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, digər konsorsium üzvlərinin Türkiyəyə güzəştə gedəcəyi real görünmür. Bu baxımdan Azərbaycan tərəfinin onlarla da müəyyən razılığa gələcəyini, daha doğrusu, güzəştə gedəcəyini ehtimal etmək olar.
Belə olan halda, Azərbaycanın Türkiyəyə bu qədər güzəştə getməsinin arxasında hansı səbəblər dayanır?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı ortada iki yanaşmanın olduğunu deyir. Bir tərəfdən Azərbaycanın öz qazını Türkiyəyə digər ölkələrdən xeyli ucuz satması normal görünmür. Bu baxımdan qiymət fərqlərinin olması mümkündür. Ancaq söhbət məhz Türkiyənin daxili tələbatı üçün nəzərdə tutulan qazın həcmindən gedir: “Bu zaman təbii ki, güzəşt limiti var. Ancaq Türkiyənin başqa ölkələrə satmaq üçün Azərbaycandan qazı eyni qiymətə alması doğru olmazdı. Bu, reallığı əks etdirmir. Çünki Türkiyə həmin qazdan ticarət, kommersiya məqsədi ilə istifadə edəcək”.
Ekspertin sözlərinə görə, bu baxımdan Azərbaycanın Türkiyənin daxili tələbatı üçün nəzərdə tutulan qazı aşağı qiymətlərlə satması başadüşülən olsa da, ümumilikdə Avropaya ixrac üçün nəzərdə tutulan qazın qiymətinin bu həddə olması tamamilə yolverilməzdir. Əksinə, burada dünyadakı qiymət fərqinə uyğun olaraq satışdan söhbət gedə bilər.
Ekspertin fikrincə, Azərbaycanın Türkiyəyə etdiyi qiymət güzəştləri hər hansı strateji münasibətlərin ifadəsi, bu münasibətlərə sadiqlik deyil. Bu, sadəcə olaraq Azərbaycanın fakt qarşısında qalıb qazı ucuz satmağa razılaşmasıdır.
Fizzə


