Fındıq satanlar Kəmaləddin Heydərovdan şikayətçidir

«Kəndlərdə postlar qurulub ki, məhsulu 1 manatdan ancaq o adamlara sataq…»

Qəbələnin Mirzəbəyli, Nic və Bum kəndlərində insanlar yetişdirdikləri məhsulu satmaqda ciddi problemlə üzləşiblər. Bu barədə “Azadlıq”a məlumat verən kənd sakinlərinin sözlərinə görə, problem heç də müştəri tapmaqda deyil.  Əksinə, məhsul sahiblərinə fındıq və şabalıdı kəndlərdən kənara çıxarmağa imkan vermirlər. Qəbələlilər deyir ki, hətta kəndlərin giriş-çıxışında xüsusi postlar da qurulub və bu yolla məhsulun kənara çıxarılmamasına nəzarət olunur. Kənd sakinlərinə də çatdırıblar ki, bütün bunlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun göstərişilə həyata keçirilir.
“Deyirlər ki, yerli fındıq və şabalıdı yalnız konkret adamlara sata bilərik. Kəndə gələn həmin adamlar da deyilənə görə, Kəmaləddin Heydərovun adamlarıdır. Bizə çatan məlumata görə, nazirin fındıq zavodu var”, – deyə şikayətçilər bildirib.
Kənd sakinlərini qane eləməyən məqam məhsullarının konkret adamlara satılması məsələsi deyil. Onları narazı salan məsələ məhsula qoyulan qiymətdir: “Kəndə göndərilən o adamlar bizə deyirlər ki, tapşırıq var, heç kim məhsulu kilosu 1 manatdan baha sata bilməz. Halbuki, bazarda fındıq və şabalıdın neçə dəfə baha olduğu hamıya məlumdur. Biz kəndliyik, əgər qane eləyən qiymətə alsalar, bizim üçün nə fərqi var ki, bu adamlara satdıq, yoxsa başqasına… Hər şey insaf çərçivəsində olmalıdır axı…”.
Narazı qəbələlilər onu da qeyd etdilər ki, kəndlərdə post quranlar onları hədələyiblər. Deyiblər ki, əgər harasa şikayət etsələr, bu, onlar üçün yaxşı nəticələnməyəcək.
Bununla belə, onlar dövlət başçısına məktub ünvanlayaraq, ondan kömək istəyəcəklər.

Ramin DEKO