Hacıbaqul polisi Ictimai Palata tərəfdarlarına təzyiq göstərdi
Ictimai Palata üçün ötən bazar günü təşkilatlanma baxımından çox məhsuldar olub. Ictimai Palata iki rayonda yerli strukturunun təsis konfransını keçirib. Təsis yığıncaqlarından biri Xəzər rayonunda olub. Ictimai Palatanın Xəzər rayon şöbəsi əsasən AXCP və Müsavat üzvləri, eləcə də bitərəf fəalların iştirakı ilə qurulub. Konfransda dörd nəfər – Şakir Abbasov, Hacı Əmirulla, Niyaz Nəsirov və Əsabəli Həsənov Ictimai Palatanın Xəzər rayon şöbəsinin Əlaqələndirmə Şurasına seçiliblər.
Təşkilati məsələlərin həllindən sonra Ictimai Palatanın fəalları ölkədəki ictimai-siyasi durumu müzakirə ediblər. Ictimai Palatanın regional şöbəsinin üzvləri Rövşən Quliyev, Gülağa Aslanlı bu qurumun missiyası barədə fikirlərini konfrans iştirakçılarıyla bölüşüblər.
Qeyd edək ki, Ictimai Palata Xəzər rayonunda da yerli təşkilatını yaratmaqla atrıq Bakı üzrə tam əhatələnməni başa çatdırdı.
Polis siyasətə qarışır
Ötən bazar günü Hacıqabul rayonunda da təsis konfransı keçirilib. Ictimai Palatanın yüzdən artıq tərəfdarına təsis konfransı üçün rayonun mərkəzində yer verilmədiyindən onlar rayonun kənarındakı qəsəbədə – Qənimət Babayevin evində yığışmalı olublar.
Təsis konfransı yüksək işgüzarlıq şəraitində keçirilib. Ictimai Palatanın Hacıqabul rayon şöbəsinə üçü AXCP-dən (Vadər Məmmədli, Səxavət Quluzadə, Nuramir Məmmədov), üçü Müsavatdan (Qara Qarayev, Zahid Qəhrəmanov, Zahidağa Səmədbəyli), biri isə bitərəf (Mirzağa Cəfərov) olmaqla, yeddi nəfərdən ibarət Əlaqələndirmə Şurası seçilib.
Daha sonra ölkədəki ictimai-siyasi durum müzakirə olunarkən Ictimai Palatanın 2 aprel mitinqilə əlaqədar məhkum olunan fəalların məsələsinə xüsusi diqqət yetirilib. Vicdan məhbuslarının dərhal azadlığa buraxılması tələbini əks etdirən bəyanat da konfransda yekdilliklə qəbul olunub.
Konfransa imkan yaratdığına görə ev sahibi Qənimət Babayev elə həmin gün, eləcə də dünən polis şöbəsinə çağırılıb. Polis rəisi Ramazan Kərimov ona xəbərdarlıq edərək bildirib ki, bir daha evində siyasi tədbirlər üçün imkan yaratmasın.
Ictimai Palatanın Yasamal rayon şöbəsi də bazar günü toplantı keçirib. Təsis konfransından sonra keçirilən bu ilk yığıncaqda təşkilati məsələlər həll edilib. Ictimai Palatanın Yasamal rayon şöbəsinin toplantısına 41 yeni üzv qatılıb.
Toplantıda Ictimai Palata üzvləri Gülağa Aslanlı, Sevinc Hüseynova, Əbülfəz Qurbanlı ölkədəki ictimai-siyasi durum və təşklati işlərin sürətləndirilməsilə bağlı çıxışlar ediblər.
Çıxışlarda, həmçinin daha çox bitərəf şəxslərin Ictimai Palatanın sıralarına cəlb olunması müzakirə olunub. Bundan başqa, qərara alınıb ki, Ictimai Palatanın müxtəlif ictimai-siyasi, sosial problemlərlə bağlı atılan addımların ictimaiyyətə çatdırılması məqsədilə internet vasitəsilə və real həyatda işlər sürətləndirilsin.
Tədbir iştirakçıları, həmçinin vicdan məhbuslarının işi üzrə növbəti məhkəmə proseslərini diqqətdə saxlamaq barədə də qərar qəbul edib.
Natiq