“Bəşər Əsədin sonu Qəzzafi kimi olacaq”

Suriya diktatoruna qarşı savaşan ordunun komandanı danışdı

Suriyada “Hür Suriya” ordusunun rəhbəri müxalifətçi polkovnik Riyad əl Əsəd “Haberturk”ə müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik.

“Türkiyədən silah almırıq”

– Türkiyə sizə silah verirmi? Bu ölkədə hərbi təlim keçirsinizmi?
– Xeyir. Belə bir şey qətiyyən yoxdur. Biz Türkiyənin qanunlarına hörmət edirik. Türkiyə bizə sadəcə insani yardımı təmin edir və bizi qoruyur. Türkiyəyə və türk insanlarına sonsuz minnətdarıq.

– Bugünə qədər nələrə nail olmusunuz?
– “Hür Suriya” ordusunu qurmuşuq. Ordudan ayrılanlar bizə gəlir. Dəqiq rəqəm deməyəcəm, amma 10 mindən artıq əsgər gəlib. Hər vilayətdə, bütün Suriyada sistemli şəkildə  rejimə, onun silahlı dəstələrinə qarşı savaşırlar, hücumlar təşkil edirlər. Allaha şükür, mücadiləmiz uğurlu gedir. Əsəd Suriyaya öz bağ evi kimi baxır, xalqa da qiymət vermir. Öldürsələr də, mübarizəmizi davam etdirəcəyik.

“Dünya Suriyada baş verənlərə seyirci qalır”

– Qəzzafinin ölümü sizə ümid verib. Amma sizin vəziyyətiniz Liviyadan daha mürəkkəbdir.
– Bəşər Əsədlə Qəzzafi arasında fərq yoxdur. Qəzzafi xalqına “siçan” dedi və Allah onu cəzalandırdı. Lağım borusunda bir siçan kimi inlədi. Bəşərin sonu da eyni olacaq, hər bir zalım kimi cəhənnəmə gedəcək. Qəzzafinin ölümü Suriyada bayram havası əsdirdi. Liviyada həqiqətən də xarici qüvvələr prosesə müdaxilə edib üsyançılara dəstək verdi. Amma təəssüf ki, Suriyada baş verənlərə seyirci qalırlar.

– Dünyadan gözləntiləriniz nədir?
– Suriyada uçuşa qadağa qoyulan təhlükəsiz bölgə yaradılmasını, dəniz blokadasının olmasını istəyirik. Çünki rejim həm havadan, həm dənizdən bizlərə və xalqa hücum edir. Biz hərbi gücük və hərəkata hazırıq. Bunun ən bariz nümunəsi rejimə qarşı hər gün düzənlədiyimiz hücumlardır. Beynəlxalq aləm bizi silahlandırsa, ən qısa zamanda rejimi devirərik.

– Suriyaya hərbi müdaxiləni dəstəkləyirsiniz?
– Təhlükəsiz bölgə qurmaq istəyirik. Bundan sonra qərargahımızı qura bilərik. Təhlükəsiz bölgə olsa, ordudan qopmalar artacaq və bizə axın edəcəklər. Dəstələrimiz Suriyanın hər nöqtəsində savaşır. Rejim də təyyarə və tanklarını işə salmaq məcburiyyətində qaldı. Hazırda həqiqi bir savaş gedir. Rejim ən balaca kəndə hücum edəndə də dörd ayrı dəstədən istifadə edir. Bu, onların psixoloji çöküşlərinin ən bariz sübutudur. Sıfır nöqtəsindədilər. Biz kiçik qruplarla böyük dəstələrə hücum edirik, onlar da silahlarını atıb qaçırlar.

– Fəaliyyətinizi bugünlərdə Istanbulda müxalifətin elan etdiyi Suriya Beynəlxalq Şurası ilə əlaqələndirirsiniz?
– Bəli, şura üzvləri ilə təmaslar qururuq. Hədəflərimiz eynidir. Beynəlxalq aləmlə, Amerika ilə əlaqələrimizi bu şura həyata keçirir. Onlar qərar verir, biz də tabe oluruq.

– Bu vaxta qədər suriyalı kürdlər müxalifətlə məsafə saxlayırdılar. Bunun bir səbəbi də muxtariyyət tələbi idi.
– Kürdlərdən bizə dəstək gəlmir. Amma onlar da Suriyanın bir parçasıdılar. Hər cür demokratik haqqa onlar da sahib olmalıdılar. Amma kürdlərə muxtariyyət və ya Iraqdakı kimi status verilməsinə əsla izin vermərik.

Suriya PKK-nı dəstəkləyir?

– Suriyanın yenidən PKK-nı dəstəklədiyi doğrudurmu?
– Doğrudur. Türkiyə rejimdən üz çevirəndən sonra onlar da PKK-ya maliyyə və silah ayırmağa başladılar. Bundan əmin ola bilərsiniz.

– Rejimlə razılığa gəlmək kimi bir planınız varmı?
– Bu qədər qandan sonra mümkün deyil. Xalq bunu qəbul etmez. Əsəd və dəstəsi getməlidir. Onlara bütün dünyanın gözü önündə ədalətli mühakimə vədi vermişik. Körpələr öldü, qadınlara təcavüz edildi… Bu halda rejimlə uzlaşmaq mümkün deyil.

Gültəkin