Vaşinqton İranla müharibəyə hazırlaşır: Küveytlə danışıqlar başlayıb
Bu ilin sonuna qədər Iraqdan hərbi qüvvələrin çıxarılması prosesi başa çatdıqdan sonra ABŞ əsgərlərinin Iran körfəzində yerləşdirilməsinə dair Küveytlə danışıqlar aparır. Bu barədə “The New York Times” qəzetinin yaydığı məlumatda bildirilir ki, bu, Iraqda təhlükəsizliyin təmin edilməsi baş tutmadığı və ya Iranla hərbi münaqişə başladığı halda, ABŞ-ın cəld reaksiya verə bilməsi üçün Körfəz regionunda hərbi mövcudluğunu artırmaq planlarının bir hissəsidir.
Qəzet yazır ki, Birləşmiş Ştatlar Küveytdə hazırkı qüvvələrə əlavə olaraq, regiona daha artıq hərbi gəmilərin göndərilməsi məsələsini nəzərdən keçirir. Planlaşdırılan hərbi qüvvələrin həcmi müəyyən edilməyib. Xəbərdə o da qeyd olunur ki, ABŞ hökuməti Körfəz Əməkdaşlıq Şurasının bütün üzvləri – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omanla hərbi əlaqələrin genişləndirilməsinə çalışır. Hərbi mənbələr və diplomatlara istinadən yayılan bu xəbər hələlik rəsmi səviyyədə təsdiqlənməyib.