Əliyev Türkiyəyə ciddi güzəştlərə məcbur oldu

Türk nazir İzmir sazişinin şok detallarını açıqladı

Taner Yıldız: «BOTAŞ 1 milyard dollarlıq itkiyə məruz qalacaqdısa, sazişdən sonra 3,7 milyard qazanacaq»

“Azərbaycanla bölgədəki mövcud balansı dəyişdirəcək anlaşma imzaladıq”. “Habertürk”ün məlumatına görə, bu sözləri Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. O, “Şahdəniz 2″ layihəsi ilə bağlı Azərbaycanla imzalanan sazişin bölgədə indiyə qədər təbii qaz sahəsində imzalanan yeganə real sənəd olduğunu bildirib(APA).
Nazir bəyan edib ki, Türkiyə bu anlaşma ilə Avropaya təbii qaz transferində qərarlı olduğunu ortaya qoyub:”Yeni boru kəmərinin inşa edilməsini də sazişə daxil etdik. Bu xətt güclü bir alternativdir, amma “Nabucco”ya qarşı yönəlməyib”.
T.Yıldız “Şahdəniz” konsorsiumuna daxil olan şirkətlərin bu layihəyə təxminən 22 milyard dollar kapital qoyacağını və ilk qazın 2018-ci ildə nəql olunmağa başlayacağını söyləyib: “Türkiyə bu layihə çərçivəsində 6 milyard kubmetr qaz alacaq. Bu qazı üçüncü ölkələrə satmaq (reeksport) hüququmuz da var. Avropaya isə 10 milyard kubmetr qaz ixrac ediləcək”.
Nazir “Şahdəniz 1″ layihəsi çərçivəsində Türkiyənin Azərbaycandan aldığı təbii qazın qiymətinin reviziyası (dəyişdirilməsi) hüququnun dondurulduğunu və beləliklə, mövcud qiyməti təminat altına aldıqlarını açıqlayıb.
Qeyd edək ki, Türkiyə Azərbaycandan aldığı qazı digər ölkələrdən satın aldığı qazla müqayisədə 30% daha aşağı qiymətə əldə edir.

550 dollardan 50-55 dollara

Taner Yıldız Azərbaycanla imzalanan qaz sazişləri çərçivəsində Bakı-Tiflis-Ceyhan (BTC) boru xəttinin Türkiyədən keçən hissəsinin operatoru olan “BOTAŞ International Limited” (BIL) şirkətini zərərdən qurtardıqlarını da açıqlayıb. Nazir bildirib ki, “BTC Co.” Ankaranın BOTAŞ-ın ucuz təbii qazla təmin olunması və boru kəmərinin fəaliyyət göstərdiyi dövrdə Türkiyə şirkətinin məruz qaldığı 100 milyon dollar məbləğində zərərin kompensasiya edilməsi barədə istəklərini qəbul edib.
Nazir Azərbaycanla enerji sahəsində 6 saziş imzalandığını xatırladaraq bu sənədlərdən birinin BOTAŞ-la bağlı olduğunu söyləyib. O, BOTAŞ-ın indiyə qədər BTC-nin Türkiyə hissəsinin istismarı üçün gərəkli olan təbii qazın hər 1000 kubmetrinə 550 dollar ödədiyini, lakin yeni anlaşmaya əsasən eyni məqsəd üçün bundan sonra “bazar qiymətlərinin çox altında bir qiymətə” təbii qaz alacaqlarını açıqlayıb.
“Habertürk”ün xəbərinə görə, BOTAŞ BTC üçün alacağı təbii qazın hər 1000 kubmetrinə bundan sonra 50-55 dollar ödəyəcək.
Taner Yıldız BOTAŞ-ın məruz qaldığı 100 milyon dollarlıq zərərin də “BTC Co.” tərəfindən 2 il ərzində ödənəcəyini vurğulayıb. Nazir BTC boru kəmərinin 2042-ci ilə qədər istismar olunacağını qeyd edərək deyib ki, əvvəlki razılaşmalara əsasən BOTAŞ bu müddətin yekununda 1 milyard dollarlıq itkiyə məruz qalacaqdı, yeni razılaşmalara əsasən isə 2042-ci ilə qədər 3,7 milyard dollar gəlir götürəcək: “Bundan başqa, kəmərin reabilitasiyası üçün lazım olacaq 250 milyon dollarlıq xərc də bizdən çıxmayacaq”.
Xatırladaq ki, BTC-də BP 31,10%, ARDNŞ 25%, “Chevron” 8,9%, “Statoil” 8,71%, TPAO (Türkiyə) 6,53%, “Eni” 5%, “Total” 5%, “Itochu” 3,40%, “Conoco Philips” 2,50%, “Hess” 2,33% paya malikdir.

Əliyev niyə geri çəkildi?

“Azadlıq” olaraq qeyd edək ki, “Wikileaks”ın açıqladığı sənədlərdən də görünürdü ki, I.Əliyev illər uzunu bu güzəştlərə getməmək üçün ciddi müqavimət göstərib. O, qərb diplomatlarıyla görüşlərdə bu məsələylə bağlı Türkiyənin ünvanına sərt ittihamlar səsləndirməkdən belə çəkinməyib.
Ancaq görünür, regiondakı son hadisələr və bu məsələlərdə Türkiyənin söz sahiblərindən biri olması Əliyevi geri çəkilmək məcburiyyətində qoyub.