«Saxta diplomların verilmə tarixinə baxın»
Firudin Cəlilov: “AXC hakimiyyəti dövründə yalnız Lənkəran Dövlət Universiteti yaradılıb”
Təhsil naziri Misir Mərdanov ölkədə saxta diplomlu 300-dən çox müəllimin olduğunu deyib. Nazir bunu müstəqilliyin ilk illərində ölkədə siyasi dayanıqsızlıq şəraitində 100-dən çox universitetin yaranması və işbaz adamların bundan istifadə etməsi ilə izah edib.
Hakimiyyət bütün digər problemlər kimi saxta diplomların geniş yayılmasını da özündən əvvəlki iqtidarların adına yazmaq istəyir. Lakin Misir Mərdanovun bu ittihamı cavabsız qalmadı.
Nazirin dediklərinə cavab verən AXC hakimiyyəti dövründə təhsil naziri vəzifəsində çalışmış Firudin Cəlilov həmin vaxt özəl universitetlərin fəaliyyət göstərmədiyini bildirir. Keçmiş nazirin sözlərinə görə, AXC hakimiyyəti dövründə yalnız Lənkəran Dövlət Universiteti yaradılıb. Özəl ali məktəblərin yaradılması isə Əliyev hakimiyyətinin vaxtına təsadüf edib.
F.Cəlilovun sözlərinə görə, saxta diplomların verilmə tarixinə baxılmalı və onu verən şəxslər barədə cinayət işi açılmalıdı: “Baxın diplomların tarixinə, görün o qədər saxta diplomları kim verib. Bunu müəyyənləşdirmək çətin deyil. Özəl universitetlərin bizə aidiyyəti yoxdur”.
Fizzə