İlqar İbrahimoğlu: «Ən loyal və ictimai-siyasi proseslərə ən laqeyd dindarlar belə, narazı duruma gətirilib»
“Ştrasseri ölkəyə buraxmamaq Azərbaycanı geriyə sürükləyən addımdır”
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, tanınmış hüquq müdafiəçisi Hacı İlqar İbrahimoğlu ictimai-siyasi, həmçinin dini sahədə son günlərin ən aktual məsələləri ilə bağlı “Azadlıq”ın suallarını cavablandırıb.
– “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə münasibətinizi bilmək istərdik. Azərbaycanın Şərqi Avropa ölkəsi kimi tanınmasına dair Avropa Birliyi ilə deklorasiya imzalaması və demokratikləşmə ilə bağlı əlavə öhdəliklər götürməsindən, ümumiyyətlə Azərbaycandan demokratikləşmə istiqamətində tələblərin artdığı bir vaxtda bir baş redaktorun həbsi necə şərh oluna bilər?
– İlk olaraq “Azadlıq”ın oxucularını salamlayıram. Yaşadığımız mübarək zilhihiccə ayının ilk ongünlüyündə Uca Rəbbimizdən hər birimiz üçün mənəvi uğurlar diləyirəm. Sualınıza gəldikdə, sualın özündə mahiyyətcə artıq cavab var. DEVAMM olaraq, bir insan haqları müdafiə qurumu kimi özünüifadəyə, xüsusən də mətbuat azadlığına qarşı basqıları mənfi dəyərləndiririk. Qeyd etdiyiniz məsələ ilə bağlı da DEVAMM-ın xüsusi açıqlaması olmuşdur. Birmənalı hesab edirik ki, özünüifadə azadlığı insan şəxsiyyətinin və ləyaqətinin bariz təcəssümü olaraq, məhdudlaşdırıla bilməz. Təbii ki, bu azadlıqlar, mətbuat adamları üçün də eyni zamanda ciddi mənəvi təhəddüdlərin yaranmasına gətirib çıxarır. Amma bu, artıq başqa bir mövzudur. Hər halda görünən budur ki, Azərbaycan mətbuatının iki “sonuncu moqikanlar” sırasının artırılmasına imkan verilmir. Yəni bunun, “Yeni Müsavat” və “ Azadlıq” qəzetlərinin olduğu formata keçmək prosesində baş verməsi xüsusi diqqət çəkir.
– Ola bilərmi ki, hakimiyyət daxilində hansısa qruplaşma bu cür hərəkətlərlə rəsmi Bakını demokratik dünya ilə üz-üzə qoymaq marağı güdür. Yoxsa bu, ümumi dövlət siyasətidir?
– Bilirsiniz, illərdir ki, müxtəlif ekspertlər, politoloqlar bu kimi konstruksiyaların mövcudluğu ehtimalları əsasında müxtəlif təhlillər və proqnozlar veriblər. Amma zənnimcə, burada faktiki durum dəyərləndirilməlidir. Və faktiki durum – insan haqları və azadlıqlarının məhdudlaşdırılması ilə səciyyələnir. Bunun izahı müxtəlif cür ola bilər. Amma hər bir halda, bunlar – Azərbaycan dövlətçiliyi üçün mənfi bir haldır və ölkəni real inkişafdan saxlayan amildir.
– Milli Məclis xaricdə dini təhsil alanların dini ayinləri icra etməsinə, eləcə də dini ədəbiyyat və s. materiallar yaymağa qadağa qoyan qanun qəbul etməyə hazırlaşır. Bunu necə şərh edərdiniz? Məqsəd nədir və hansı nəticələri ola bilər?
– Bilirsiniz, şərh etmək – adətən hansısa rasional əsası olan məsələlərlə bağlılıq tələb edir. Burada sürrealistik notlarla assosiasiya olunan mövcud durumu bəlkə hermenevtik (mətnin açılışı) metodologiyası ilə anlamağa cəhd etmək olar. Dediyimi aşağıdakılarla bir qədər aydınlaşdırmaq istərdim:
a) Orta-statistik ölkə dindarı illərdən bəri ölkədə baş verən müxtəlif siyasi-ictimai proseslərin gedişində xüsusi olaraq hər hansı aktivlik göstərməmişdir. Son iyirmi ilin hər mərhələsində bu müddəa öz təsdiqini tapmışdır. Və bu durum son 3 ilə qədər sabit olaraq qalmışdır.
b) Son üç ildə ardıcıl olaraq azan qadağasına cəhd, məscildərin bağlanması və sökülməsi, “zərərli” İslami ədəbiyyatla bolşeviksayağı mübarizə, bütün bu illər ərzində hicabı məhddlaşdırmağa yönəlik ardıcıl cəhdlər – sanki, orta statistik dindardan zorla və israrla etirazçı düzəltmək proqramının həyata keçirilməsini görürük. Burada xüsusi qeyd etmək lazımdır ki, son bir il ərzində forma tətbiqi bəhanəsi ilə yaranan hicab problemi, artıq hər bir dindarın evinə daxil olmuşdur. Bunun nəticəsində bəlkə də ən loyal və ictimai-siyasi proseslərə ən laqeyd dindarlar belə, narazı duruma gətirilib çıxarılmışlar. Və bu narazılıq ən azı daxillərdə özünə yer etmişdir. Bu sıraya hətta rəsmi dini məmuriyyəti də aid etmək olar. Çünki inanca qarşı basqılar o qədər aşkardır ki, hətta onlar da, buna heç bir bəraət qazandıra bilmirlər. Söz o adamlardan gedir ki, vaxtilə “hakimiyyətə qarşı çıxan – dinə qarşı çıxmışdır” tezisini cəsarət və məmnuqla deməni özləri üçün şərəf bilirdilər. İndi onlar ən yaxşı halda susurlar. Bu, dinlə bağlı siyasətə cavabdeh olan məmuriyyətinin ən böyük “nailiyyəti” hesab edilə bilər.
c) Bütün baş verənlərin hamısı dövlətin fündamentlal sütununun mühüm ünsürlərinin davamlı təbliği fonunda baş vermişdir və verməkdədir. Bu ünsürlərdən biri – tolerantlıq, ikincisi – xarici siyasətdə müsəlman ölkə kimliyidir. Mahiyyət etibarilə, b) bəndində vurğulanan, məmuriyyətin dinə qarşı son üç il ərzində qeyri-peşəkar və bolşeviksayağı davranışı nəticəsində illərdən bəri böyük səylər hesabına formalaşmış tolerantlıq imici ciddi devalvasiyaya məruz qalmışdır. Çünki, dini çoxluğun ən elementar hüquqlarını təmin etmədən, dini azlığa qarşı diqqətlilik iddiasını heç kim səmimi qəbul edə bilməz. Bunun nəticəsində, xarici siyasəti həyata keçirərkən, islam identikliyinə vurula biləcək davamlı və gerçək ziyanların hesablanmasını mütəxəssilərin öhdəsinə buraxırıq.
Beləliklə, sözügedən son qanun dəyişikliklərinin bu kontekstdən baxılması qaçılmazdır. Təəssüflə qeyd etmək lazımdır ki, dindar kəsimi özgələşdirmə prosesi davam etməkdədir və deməli, zorla və israrla dindar insanı narazıya, etirazçıya çevirmək xətti – nə qədər absurd görünsə də (belə ki, məmuriyyət hər zaman əslində sabitliyin ardınca olmağın qayğısındadır) – davam edir. Bu mənada vəziyyət gerçəkdən də sürrealistikdir.
– Hansısa xaricdə təhsil almış azərbaycanlı din adamının ölkədə fəaliyyəti nə dərəcədə təhdid mənbəyi sayıla bilər? Xaricdə təhsillə bağlı belə bir məhdudlaşdırıcı addım niyə başqa sahələrə yox, məhz dini sahəyə tətbiq edilir?
– Bu mövzu ilə bağlı mətbuatda kifayət qədər açıqlamalarımız olub. Sadəcə birini xatırlatmaq istərdik. Bu məntiqlə, əziz Məhəmməd Əmin Rəsulzadənin atasını, Əlibəy Hüseynzadənin babasını, Hacı Zeyalabdin Tağıyevin mənəvi ustadları – Mir Məhəmməh Kərim Qazı Ağa və Hacı Turab Ağanı, eləcə də, böyük islami akademiyalarda təhsil almış və Azərbaycan insanının kimliyini və çövhərini formalaşdıran yüzlərlə, minlərlə ruhani alimimizi qanundan kənar elan etmiş oluruq. Üstəlik, burada da absurdlar yığımı çoxdur. Ölkənin birinci rəsmi dini şəxsi də xaricdə dini təhsil almışdır. Ölkənin rəsmi dini qurumunda təmsil olunan ciddi ruhani savada malik olan insanlar – xaricdə təhsil almışlardır. Zatən, ölkədə savadlı ruhanilərin əksər hissəsini belələri təşkil edir. Əslində başqa real imkan da yoxdur. Bu, təkcə Azərbaycan üçün səciyyəvi deyil – bütün dünyada savad dalınca harasa gedirlər. Üstəlik, elm və savad sərhəd tanımır. Bu, istər humanitar, istər texniki, istərsə də ilahiyyat elmlərinə aiddir. Məncə, bu hamı üçün aydındır. Sadəcə, yeni “velosiöped ixtira etmək” iddiaları ara-sıra yer alır.
– Qadağan olunmuş dini ədəbiyyat məsələsi tez-tez gündəmə gətirilir. Ümumiyyətlə qadağan olunmuş ədəbiyyat mövzusu indiki informasiya texnologiyalarının bu qədər gəlişdiyi və istənilən bilgini əldə etməyin asanlaşdığı bir dövrdə nə qədər aktual görünür? Bu, daha çox hakimiyyətin hansısa ictimai qrupları və ya fəalları cəzalandıra bilmək üçün hazırladığı əsasa oxşamır ki?
– Düşünürəm ki, öncəki bəndlərdə sual artıq cavablanıb. Sadəcə, sürrealistik durumu artıran amil – Sizin qeyd etdiyiniz internet və kommunikativ gəlişmərin sürətlə inkişafıdır.
– Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser yenə də ölkəyə buraxılmadı. Hərçənd Ştrasser yenə də öz mandatı çərçivəsində Azərbaycana səfər etməsi üçün ona viza verilməyəcəyi təqdirdə Azərbaycanın sanksiyalarla üzləşə biləcəyi haqda dəfələrlə xəbərdarlıq etmişdi. Azərbaycanı belə bir perspektivə sürükləmək kimlərə və nə üçün lazım ola bilər?
– Bütün bunlar Azərbaycanı geriyə sürükləyən hadisələrdir. Bir tərfəfdən BMT TŞ-da yer tuturuq, digər tərəfdən belə qeyri-diplomatik addımlara rəvac veririk. “Bir addım irəli, iki addım geri” situtsiyası görsənir.
– Ölkədə vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulması artıq normaya çevrilib. Siyasi hüquqlar bir tərəfə, insanların mülkiyyət və bu qəbildən olan sosial haqları da hər addımda tapdanır. Az qala hər gün bir qrup vətəndaşın hansısa dövlət qurumu qarşısında etiraz aksiyasının, şikayətə yığışmasının şahidi oluruq. Amma bütün bunlara hökumət səviyyəsində heç bir əncam çəkilmir, əksinə vəziyyət getdikcə daha da ağırlaşır. Vətəndaşa belə bir münasibət hası hökumət əxlaqına uyğun gəlir?
– Mülkiyyət hüququ – toxunulmaz insan hüquq və azadlıqlarındandır. Əslində, bu hüquq da insanın şəxsiyyət və ləyaqətinin ən ciddi təzahürlrindən, ictimai həyatın ən zəruri və bariz göstəricilərindən sayılır. Təəssüflər olsun ki, hətta Sovet dönəmində itməyən “Halallıq” anlayışı tapdaq altına alınır.
– Hazırda vətəndaşların üzləşdiyi başlıca sosial problem mülkiyyət məsələlərində aldadılmalarıdır. Ya zorla evlərindən çıxarılır, evləri sökülür, ya da pulunu ödədikləri mənzilləri ala bilmirlər. Hətta özəl şirkətlər tərəfindən aldadılmış olsalar da belə, buna görə hökumətin vətəndaşlar qarşısında məsuliyyəti yoxdurmu? Nədən ölkədə dələduzluq bu qədər geniş yayılıb?
– Bu, geniş mövzudur. Qısaca onu qeyd edək ki, butun bunlar mənəvi aşınmanın nəticəsdir. Toplumda halal-haram kimi fundamental sütunlar artıq sarsılmaqdadır. Belə davam edərsə, bu, çox ciddi fəsadlara gətirib çıxara bilər.
-Ümumiyyətlə ölkədəki mövcud mənəvi mühit ona hansı gələcəyi vəd edir və vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
-Qısaca belə cavablandırardım: bütün bunlar bizim içimizə bağlı məsələlərdir. İnsanlar düzəlməyincə, problemlər həll olunmayacaq. Bu, hər bir kəsə aiddir. Zahiri, formal dəyişikliklər əslində toplumu inkişafa aparmır. Toplumun inkişafı – ləyaqət hissinin daşıyıcısı olan savadlı vətəndaşın formalaşdırılmasından keçir. Əslində, gerçək defisitimiz bu müstəvidədir.
Gültəkin Knyazqızı


