Aydın Əliyev iki oliqarxın güdazına gedə bilər

Baş gömrükçü Kəmaləddin Heydərovla Bəylər Əyyubovun arasında qalıb

Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev tutduğu vəzifədən azad edilə bilər. Bu barədə Teleqraf.az saytı məlumat yayıb. Məlumatda deyilir ki, Dövlət Gömrük Komitəsinə nəzarəti əlində saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Aydın Əliyev arasında xeyli müddətdir münasibətlər gərginləşib.
Bunun bir səbəbi komitə sədrinin  “fövqəlnazir”ə gömrüklə bağlı dəqiq məlumatlar verməməsidirsə, başqa bir səbəbi şefinin tapşırıqlarını lazımi qaydada yerinə yetirməməsidir. Bildirilir ki, bir müddət əvvəl Kəmaləddin Heydərov Aydın Əliyevə ölkəyə gətirilən bəzi tikinti materiallarının gömrükdən keçirilməsi qaydaları ilə bağlı müəyyən tapşırıqlar verib. Amma komitə sədri tapşırığa əməl etməyib. Aydın Əliyev bu addımını ölkəyə tikinti materiallarını gətirən şəxslərin kifayət qədər nüfuzlu adamlar olmasını və onlara gücünün çatmaması ilə izah edib. Kəmaləddin Heydərov komitə sədrinin izahatına reaksiyası belə olub: “Məndən güclü kimi hesab edirsənsə, get onun yanında ol”.
Həmçinin qeyd edilir ki, bir müddət əvvəl Maliyyə Nazirliyi də Gömrük Komitəsində yoxlamalar aparıb. Bununla da Aydın Əliyev çıxılmaz duruma düşüb. Hətta onun Bakı Baş Gömrük Idarəsinin rəisi Vüsal Novruzovla əvəzlənməsi söhbəti də gedir. Əgər Aydın Əliyev fövqəladə hallar naziri ilə yaxın vaxtlarda münasibətlərini tənzimləyə bilməsə, çox güman ki, postunu itirəcək.
“Azadlıq”a daxil olan məlumatlara görə, əslində Aydın Əliyev Kəmaləddin Heydərovla Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubov arasında ziddiyyətlərin qurbanına çevrilib. Bəlli olduğu kimi inşaat materaillarının əhəmiyyətli hissəsi, xüsusilə taxta Bəylər Əyyubovun inhisarındadır. Xeyli müddətdir ki, bu sahəni tam ələ keçirmək üçün “fövqəlnazir”lə general arasında mübarizə gedir. Kəmaləddin Heydərovun Aydın Əliyevə tapşırığının kökündə də bu dayanıb. Görünür, baş gömrükçü Bəylər Əyyubovun hədəfinə gəlməkdənsə “fövqəlnazir”in tapşırığına əməl etməməyi üstün tutub.

Informasiya şöbəsi