“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı Baş Prokurorluq rəsmi məlumat yayıb. Məlumatda deyilir:
“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “Xural” qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlayıb.
İstintaqla müəyyən edilmişdir ki, Əvəz Zeynalov Əhmədova Gülər Mikayıl qızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10.0 min manat pulu rüşvət kimi istəmişdir.
Əvəz Zeynalova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir”.
***
Əvəz Zeynallının ailəsindən verilən məlumata görə gecə hüquq-mühafizə orqanları əməkdaşları onun evində də axtarışa başlayıblar. “Xural” qəzetinin redaksiyasında isə axtarış başa çatıb. Ofisdən doqquz qutuda sənədlər və bir kompyuter yaddaşı götürülüb.
***
Nəsimi rayon Məhkəməsinin qərarı ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında üç aylıq həbs qərarı çıxarlıb. Vəkili Elçin Sadıqovun bildirdiyinə görə Əvəz Zeynallıdan millət vəkili Gülər Əhmədova şikayət edib: “Millət vəkili oktyabrın 19-da verdiyi şikayətdə qeyd edib ki, Əvəz Zeynallı onun haqqında ifşaedici materialların qəzetində yayılmaması üçün Gülər Əhmədovadan 10 min manat tələb edib. Əvəz Zeynallı bu ittihamı rədd edir” (“Azadlıq” radiosu)
***
Hazırda Nəsimi rayon Məhkəməsində Əvəz Zeynallının məhkəməsi başlayıb. Qəzetin əməkdaşlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, baş redaktor haqqında 2 aylın həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. ***
«Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bu dəqiqələrdə «Xural» qəzetinin Arif Hacıyev küçəsi, 1926-cı məhəllədə yerləşən redaksiyasında axtarışa başlayıblar». Bu haqda baş redaktorun xanımı Məlahət Zeynallı “Azadlıq” radiosuna deyib. Məlahət Zeynallı onu da deyib ki, idarə əməkdaşları onun mətbuata bu haqda açıqlama verməsini istəməyiblər.
***
“Xural”ın redaktoru Anar Mahmudoğludan aldığımız məlumata görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən binanın qarşısındakı jurnalistlərə deyiblər ki, Ə.Zeynallı idarəyə gətirilərkən iş gününün sonu olduğundan, idarədə müstəntiqlərdən heç Kim olmayıb və istintaq hərəkəti aparılmayıb. Ə.Zeynallı Nərimanov rayon polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb. Bundan sonra jurnalistlər Nərimanov rayon Polis İdarəsinə gediblər.
***
Əvəz Zeynallının yeri bəlli oldu. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirir ki, baş redaktor Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb. Onu deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs ediblər. G.Əhmədova baş redaktorun ondan rüşvət istədiyi haqda ərizə yazıb.
Amma maraqlı burasıdır ki, Ə.Zeynallı hələ 3 həftə əvvəl Redaktorlar Birliyinin toplantısında məlumat vermişdi ki, deputat G.Əhmədova onun yanına gəlib və ona israrla pul təklif edib, lakin o bu təklifi qəbul etməyib.
Baş redaktorun hüquqlarının müdafiəsi ilə vəkil Elçin Sadıqov məşğul olacaq. E.Sadıqov artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yollanıb.
***
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında deyib ki, Ə. Zeynallının həbsi ilə bağlı nazirlikdə hər hans bir məlumat yoxdur.
***
“Xural” qəzetinin redaktoru Anar Mahmudoğludan aldığımız məlumata görə, Əvəz Zeynallını saxlayanlar iki nəfər olub. Dəvət aldığı “Kanal 13″ün aparıcısı onun gəlişi ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Əvəz Zeynallıya zəng vurub və bu zaman baş redaktor yalnız onu deyə bilib ki, onu iki nəfər həbs edərək maşına basıb və harasa aparır. Baş redaktoru saxlayanların kimliyi və onu hara apardıqları bəlli deyil. Əvəz Zeynallı “Kanal 13″ün ofisi qarşısında axlanılıb.
Anar Mahmudoğlu onu da deyib ki, hadisə ilə əlaqədar redaktorlara və mediaya məlumat verilib, Daxili İşlər Nazirliyinə də müraciət olunacaq. Mətbuat Şurasına müraciətə gəlincə, Mahmudoğlu buna ehtiyac duymadıqlarını deyib.
***
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs olunub. Əvəz Zeynallı təxminən yarım saat əvvəl “Kanal 13” internet televiziyasına gedərkən saxlanılıb. Hadisənin təfərrüatlarını araşdırırıq.


