Turalın yandırılan evi

2 aprel məhbusu Tural Abbaslının evini yandırıblar. Bu başıbəlalı ev son vaxtlar az qala sahibinin özü qədər populyar olub. Görünür, Tural odlu sözləri ilə bəzilərini necə yandırıbsa, onlar da o yanğının acığını eyni şəkildə bu evi yandırmaqla çıxmaq istəyirlər. Amma deyəsən bu evin də təməli çox sağlamdı. Uzun zamandır sahibinə sədaqətlə “evyıxanlar”a dirəniş göstərib durur. Ailə üzvlərinin dediyinə görə, artıq bu, mülkün başına gətirilən dördüncü hadisədir…

Təsəvvür edin, bu ölkədə bir vətəndaşın evini dördüncü dəfə yandırırlar, nə qanun, nə hüquq, nə əlaqədar orqanlar buna əncam çəkir. Belə çıxır ki, şəhərin mərkəzi nöqtələrindən birində yerləşən bu qiymətli evə gözü düşənlər üçün gözəl fürsət yaranıb. Kimlərsə “arzuolunmaz məhbus”un şəxsi mülkünün dəyərini öldürüb onu qəpik-quruşa ələ keçirmək istəyir. Bu təcrübə dəfələrlə sınaqdan keçirilib axı. Bura elə bir ölkədir ki, insanları zorakılıqla evlərindən çölə atıb, mülklərinə sahiblənə də bilirlər. Içərişəhərdə, “Qış bulvarı” layihəsi ərazisində “təmizləmə” əməliyyatı zamanı baş verənləri unutmamısınız ki? O hadisələrdə özbaşınalığa dözməyib infarkt keçirən, ürəyi partlayan  insanlara görə kim cavab verdi? Indi həmin “evyıxanlar” Turalın yaşadığı məhəlləyə gəlib çatıblar. Amma bildiyiniz kimi, daş qayaya rast gəlib, bu evdə də adi bir ailə yaşamır…
Bu gün Tural bağlı divarlar arasına belə haqsızlıqlarla barışmadığı üçün həbs edilib. Onun məhkəmə iclaslarının çoxunda iştirak etmişəm, son sözünü səsləndirdiyi, haqqında hökm oxunan məqamı da buraxmamışam. Indi “nə yaxşı ki, gələcək üçün böyük bir tarixin yazıldığı o anların şahidi olmaq fürsətini qaçırmamışam” deyə düşünürəm. Bu proseslərdə Turalın da o tarixi yazan insanlardan biri olduğuna əmin oldum. “Məhbəsi xoş bir əyləncə saymasam da, bu da getdiyimiz yolun bir dayanacağıdır”- deyirdi Tural. O, bu ölkədəki bütün haqsızlıqların acısını o haqsızlıqlara dəstək verənlərin sırasında yer alan hakimdən də, prokurordan da yetərincə çıxdı. Həm də bizim ürəyimizdən tikan çıxaracaq dərəcədə çıxdı. Onların imza atdıqları ədalətsiz qərarları sillə kimi bir-bir üzlərinə çırpıb, “bundansa, şərəfli bir qazanc yolu seçib, limon satsanız daha yaxşı olardı”- dedi.  “Onlar nə qədər darkafalı olsalar da, baxıb görürlər ki, bütün diktatorların nəfəsini gənclik kəsir. Hakimiyyət gəncləri həbsə salmaqla necə böyük səhv etdiyini hələ dərk etmir. Bu həbslər artıq gənclər üçün yeni simvollar, nümunələr yaradıb. Azərbaycan gəncinə daha Pavlik Morozov nümunələri təqdim etməyə gərək yoxdur. Gəncliyin özünün dönməz nümunələri yarandı…”.
2 aprel məhbuslarının məhkəmə prosesində əvvəldən-axıra Turalın özü qədər qürurlu və möhkəm dayanan bir insan da vardı – anası Başxanım müəllimə. Bu, onun uzun illər siyasi proseslər içində “yanıb-bişməsi”ndən irəli gəlir, yoxsa anadangəlmə xarakteridir, bilmirəm. Amma bir qadın kimi belə qürur və cəsarəti sarıdan ona yalnız qibtə etmək olar.
Tural Abbaslının yanan evinin qəzetdən gördüyüm fotoları mənə həyatımın ən gözəl çağlarını yaşadığım kəndimizdəki evimizi xatırlatdı. Indi uzaq xatirələrdə qalan o “sehirli” evin yanmış “fotoları”nı yuxumda görmüşdüm. Eynilə Turalın yanmış evinə bənzəyirdi. Amma fərqli olan bir şey var – bizim evimizi Qarabağda ermənilər yandırıb, bəs Turalın Bakıdakı evini yandıranlar kimlərdir?..