«İzmir anlaşmaları Ermənistana da ciddi siqnal idi»
Elxan Şahinoğlu: «Türkiyə hökuməti Ermənistanla münasibətləri qeyd-şərtsiz bərpa etməyə və sərhədi açmağa hazırlaşmır»
Istanbulda Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ), Türkiyə Odalar və Borsalar Birliyi Universitetinin (TOBB) birgə təşkilatçılığı və Türkiyə Xarici Işlər Nazirliyi nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi: yenidən canlandırma perspektivi” adlı beynəlxalq tədbir keçiriləcək.
Bu gün və sabah davam edəcək konfransda Azərbaycan, Türkiyə, Ermənistan və müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin mövcud durumu və inkişaf perspektivləri müzakirə ediləcək. Türkiyə rəhbərliyi dəfələrlə bildirib ki, Ermənistanla sərhədlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı problem çözülməyənə qədər açılmayacaq.
Amma bir sıra ekspertlərin fikrincə, bu tip müzakirələr Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını yenidən gündəmə gətirə bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikrincə, Türkiyədə Ermənistanla münasibətlər mövzusunun daim gümdəmdə saxlanılması və buna aid konfransların keçirilməsi həm Türkiyə, həm Ermənistan, həm də Azərbaycan üçün bir neçə aspektdən vacibdir. E.Şahinoğlunun sözlərinə görə, birincisi, bu konfranslar və tədbirə dəvət edilən beynəlxalq ekspertlərin varlığı o anlama gəlmir ki, Türkiyə hökuməti Ermənistanla münasibətləri qeyd-şərtsiz bərpa etməyə və sərhədi açmağa hazırlaşır: “Əgər belə olsaydı, bu beynəlxalq konfransa azərbaycanlı ekspertlər dəvət edilməz və onların bəlli rəylərinin bir daha dinlənilməsinə ehtiyac duyulmazdı. Əksinə, bu kimi beynəlxalq konfranslar Ermənistanın siyasi və ictimai dairələrinə ünvanlanıb. Yəni Irəvana növbəti mesaj yollanır ki, işğala son qoyacaqları halda bundan Ermənistan da udacaq, Türkiyə və Azərbaycanla münasibətləri normallaşacaq, enerji layihələrinə qoşula biləcək, dünya bazarlarına çıxış imkanı əldə edəcək. Başqa sözlə, bu gün Gürcüstan Azərbaycan və Türkiyənin imkanlarından necə geniş yararlanırsa, işğal siyasətindən geri çəkiləcəyi halda Ermənistan da yararlana biləcək”.
E.Şahinoğlu hesab edir ki, digər tərəfdən bu kimi konfranslar Türkiyə, Ermənistan və Azərbaycan ekspertlərinin canlı fikir mübadiləsinə yol açır. Ekspertin fikrincə, hazırkı şəraitdə bu da çox vacibdir. Çünki belə konfransların Rusiya və onun təbliğat maşınının, o cümlədən ekspertlərinin nəzarəti altında Moskvada keçirilməsindənsə, Istanbulda keçirilməsi daha məqsədəuyğundur: “Istanbul konfransının Izmirdə imzalanan anlaşmalar fonunda keçirilməsinin bir başqa əhəmiyyəti var. Nəhayət, rəsmi Bakı daşı ətəyindən ataraq, Türkiyə ilə strateji münasibətləri keyfiyyətcə yeni mərhələyə keçirməyə qərar verdi. Görünür, rəsmi Bakı qonşularla manevr imkanlarının tükəndiyini anladı. Iranın hədələri artır, Rusiyada isə Putinin yenidən hakimiyyətə gəlişi Cənubi Qafqaz uğrunda siyasi və diplomatik savaşın daha mürəkkəb fazaya sürüklənməsi deməkdir. Bunun isə Azərbaycana heç bir xeyri yoxdur. Odur ki, rəsmi Bakının Türkiyəyə istinad etməkdən başqa alternativi qalmayıb”.
E.Şahinoğlu onu da bildirdi ki, doğrudur, Azərbaycanla Türkiyə arasında viza məsələsi hələ tam həll olunmayıb və oliqarxik sistemin varlığı ucbatından qardaş ölkənin iri kapitalının Azərbaycana girişinə qoyulan qeyri-rəsmi yasaq da hələ qüvvədədir. Amma hər bir halda Izmirdəki qaz anlaşmaları irəliyə doğru addım sayıla bilər. Çünki bundan sonra Kremlin “Şahdəniz” yatağının qazı uğrunda mübarizəsi əhəmiyyətini itirdi. Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının fəaliyyətə başlamasını da ciddi hadisə sayan E.Şahinoğlu vurğuladı ki, hazırda önəmli olan bu Şuranın yalnız kağız üzərində deyil, reallıqda da fəaliyyətini gücləndirməkdir: “Azərbaycanın Türkiyənin ”Petkim” şirkətinin layihəsinə 5 milyard dollar yatırım qoymasını da ciddi hadisə saymaq olar. Növbədə Türkiyə ilə Azərbaycan arasında yeni qaz xəttinin çəkilişi gəlir. Yəni Izmir anlaşmaları Ermənistana da ciddi siqnal idi ki, Irəvan Türkiyə və Azərbaycanın əleyhinə siyasət yürütdükcə itkiləri artacaq. Bu baxımdan Istanbul konfransının əhəmiyyəti var və bu təşəbbüslərin davamı zəruridir”.
Xəyal



