Tarix Muzeyinin qiymətli “inci dəfinəsi”

Irsimizin itirilməmiş inciləri

Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fondu uzaq əsrlərdən bu günə kimi qorunub saxlanan çox dəyərli bir xəzinəyə sahiblik edir. Bir az əvvəl bu qiymətli sərvət “Irsimizin itirilməmiş inciləri” adı altında tamaşaçılar qarşısında sərgilənmişdi. Həmin sərginin eksponatları arasında nələr vardı?
Başlayaq XVI əsrin II yarısında yaşamış naməlum rəssamın Əbdürrəhman Caminin “Həft Əvrəng”(1556-1565) əsərinə ipək parça üzərində fırça ilə çəkdiyi miniatüründən. Tarixi baxımdan və sənət nümunəsi kimi çox qiymətli olan bu miniatür Yusif peyğəmbərin həyatından müqəddəs kitablarda və müxtəlif farsdilli əsərlərdə təqdim olunan mövzunu əks etdirir. Kompozisiyanın mərkəzində düşərgə salmış karvanın təsviri verilir və iki nəfər çadırın içərisində söhbət edir. Yuxarıda sağ tərəfdə budaqlarına quşlar oturmuş böyük ağac, aşağıda isə paxıl qardaşların quyuya atdığı Yusif təsvir olunub. Miniatürdə Yusifin cənab Cəbrayıl tərəfindən quyuya salladığı çəlləyə girməsi təsvir olunmuşdur. Hər iki müqəddəsin başı nuri-atəşlə əhatələnmişdir.
Numizmatika fondunu zənginləşdirən maddi-mədəniyyət nümunələri arasında Qəbələ, Lənkəran, Zaqatala və Şəki bölgələrindən tapılmış sikkə dəfinələri xüsusi önəm kəsb edir. Lənkəran bölgəsinin Kənarmeşə kəndində tapılmış mis sikkə dəfinəsi (231 ədəd) Azərbaycan Atabəyləri dövlətinin zərbinə mənsub olub, Əbubəkr (1191-1210) və Özbəyin (1210-1225) mis felslərindən ibarətdir. Zaqatala bölgəsində  tapılmış gümüş sikkələr dəfinəsi Səfəvi şahı I Təhmasibin (1524-1576) dövrünə aid ilk tapıntı kimi xüsusi əhəmiyyətə malikdir.
Şirvanşahlardan Fərrux Yəssar (1466-1500), Soltan Mahmud (1501) və II Ibrahimin (1502-1524) Zaqatala bölgəsində  tapılmış gümüş təngələrdən ibarət dəfinə (1237 ədəd) tapıldığı yeri və xronoloji çərçivəsi baxımından önəmlidir.
Şəki bölgəsində tapılmış və Şəki xanlarının adsız gümüş abbasilərindən ibarət dəfinə (474 ədəd) Muzeyin Şəki xanlığı sikkə kolleksiyasını xeyli zənginləşdirən ilk iri dəfinədir.
Muzeyin fond – satınalma komissiyası tərəfindən qəbul edilən numizmatik materiallar arasında çox nadir sikkə nümunələri – Makedoniyalı Isgəndərin gümüş tetradraxmalarına bənzədilərək kəsilən gümüş suyuna tutulmuş mis sikkə-unikum və Sasani şahənşahı II Bəhramın (274-293) gümüş draxması da vardır. Cənub zonasında tapılmış bu sikkə vaxtilə Qəbələ bölgəsində tapılmış və əsasən II Bəhramın gümüş sikkələrindən ibarət dəfinədən sonra Azərbaycanda ikinci tapıntıdır.
Mosul atabəylərindən Bədrəddin Lulunun (1233-1259) adı zərb edilmiş, muzeyin kolleksiyasında olmayan 8,0 və 5,4 qramlıq sikkə nümunələri numizmatika fondumuzu zənginləşdirmişdir. Rusiya imperatoru II Nikolayın 1899-cu ildə zərb edilmiş 8,6 qramlıq qızıl sikkəsi isə muzeyin kolleksiyasında olmadığı üçün xüsusi əhəmiyyət kəsb edir.
Misilsiz dəyər daşıyan əlyazmalar
Zəngin tarixi irsimizin nümunələri – əlyazmalarımız da Azərbaycanın maddi və mənəvi sərvətlərinin qorunaraq gələcək nəsillərə çatdırılmasında əvəzsizdir. Tarixə şahidlik edən yazılı mənbələr onun açılmamış səhifələrinin öyrənilməsində bəzən ən qiymətli yaddaş rolunu oynayır. Bu gün muzey bir sıra qiymətli əlyazmalarına sahib olmuşdur. Müxtəlif mövzulu bu əsərlər arasında Quran, onun təfsirləri, tibbə, fiqhə və başqa elmlərə aid orta əsr əlyazmaları üstünluk təşkil edir.
Katib Seyyid Məhəmməd əl-Hüseyni Əbu-l-Qasim tərəfindən 1220/1805-ci ildə üzü köçürülmüş nəfis Quranın qızılla işlənmiş naxışları göz oxşayır.
Tarixi Muzeyinin Qaraqoyunlu dövrünə aid eksponatları digər dövrləri təmsil edən eksponatlara nisbətən azlıq təşkil edir. Yeni əldə olunmuş belə bir əlyazma Azərbaycan tarixinin bu dövrünü öyrənmək üçün xüsusi önəm daşıyır. Əbülhəsən ən-Nəsəfi tərəfindən yazılmış fiqh kitabı və sufi ədəbiyyatına məxsus Şihabəddin Sührəverdinin “Əvarif əl-məarif” adlı ərəb dilində yazılmış əsəri muzeyin fondlarını zənginləşdirmişdir.
Qazı Bəyzavi və Mövlanə Hüseyn əl-Kaşi əl-Vaiz tərəfindən ərəb dilində yazılmış əlyazmaları XVII əsrə aiddir.
Əlyazmalar arasında XVIII əsrdə yazılmış “Hədiqət əs-süəda” (“Xöşbəxtlər bağçası”) kitabının içəri hissəsində Şəki xanı Hüseyn xanın möhürünün də olması əsərin qiymətini daha da artırır.
Molla Əbdürrəhman Caminin XIX əsrdə üzü köçürülmüş fars dilində “Yusifi-Züleyxa” adlı şeirlər toplusu, Nizami Gəncəvinin XIX əsrin sonlarında çap olunmuş miniatürlü, üzəri gül ləçəkləri ilə bəzədilmiş təsvirli cildi olan  “Xəmsə” əsəri və Məhəmməd Füzulinin XX əsrin əvvəllərində əski türk dilində çap olunan divanı da kolleksiyada özünəməxsus önəmli yer tutmuşdur.
Şəkinin Zeyzid kəndində hicri təqvimi ilə 1322-ci ildə şeyx Əbu əş-Şərifuddin Ismayıl ibn Əbu əl-Muqri tərəfindən tərtib olunmuş miras cədvəli formasına və tarixi əhəmiyyətinə görə  maraq doğurur.
Molla Məhəmməd Kərim Haputi tərəfindən ərəb dilində yazılmış əlyazması müxtəlif xətt nümunələri haqqındadır. Muzeyin fondlarını zənginləşdirən yeni əlyazmaları Azərbaycan elm, mədəniyyət və incəsənət tarixinin təkrarsızlığını bir daha təsdiq edir.
Bir-birindən unikal eksponatlar
Muzeyin fond-satınalma komissiyasının qəbul etdiyi əşyaların böyük qismini Etnoqrafiya fondunu zənginləşdirən qiymətli maddi-mədəniyyət nümunələri təşkil edir. Onlardan ipək üzərində işlənmiş XVI əsrə aid miniatür xüsusi əhəmiyyət kəsb edərək ən uğurlu mənəvi mədəniyyət nümunəsi sayıla bilər.
Azərbaycan xalçalarının dünya mədəni irs siyahısına daxil olunması muzeyin xalça kolleksiyasının zənginləşdirilməsinə xüsusi diqqət göstərilməsini qarşıya qoyur. Yeni əldə olunmuş materiallar arasında Qarabağ xalça məktəbinə məxsus “Naxçıvan”, “Ləmpə”, Quba-Şirvan xalça məktəbinə məxsus “Şirəlibəy”, “Fındıqan”, “Kilim”, “Qollu çiçi”, Təbriz xalça məktəbinə məxsus “Səttarxan”, “Əhməd bəy” xalçaları, həmçinin məfrəş və xurcunlar bədii və tarixi baxımdan əhəmiyyət kəsb edir.
Muzeyin aldığı materiallar arasında tikmə sənəti nümunələri də öz əhəmiyyəti baxımından olduqca dəyərlidir. Təkəldüz, pilək, güləbətin və doldurma üsulu ilə ərsəyə gətirilmiş  tikmə nümunələri xalqımızın yüksək zövqə, misilsiz qabiliyyətə sahib olmasının sübutudur.
XX əsrin ortalarına qədər xalqın məişətində geniş şəkildə istifadə olunan mis qablar öz aktuallığı baxımından digər nümunələrdən geri qalmır. Vaxtilə məişətdə 80 növə qədər mis qabdan istifadə olunmuşdur, yeni alınan materiallar arasında olan sərpuşlar, qablama qazanlar, hamam sandıqları, hamam tası, tayqulplar, kasalar, dolçalar, aftafa ləyən və başqa misgərlik nümunələri xalq məişətinin bariz göstəriciləridir.
Azərbaycanın milli geyim nümunələrinin toplanması da xüsusi önəm daşıdığı üçün fond-satınalma komissiyası tərəfindən onların alınmasına daim diqqət yetirilir. Yeni alınan materiallar işərisində XX əsrin ilk illərinə aid üç dəst – bir kişi, bir uşaq və bir qadın geyiminin olması xüsusi əhəmiyyəti baxımından böyük maraq doğurur.
2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinə Nərgizava (Ağsu), Meysəri (Şamaxı) abidələrindən, Şəki, Quba və Qusar rayonlarından çox sayda arxeoloji materiallar daxil olmuşdur. Fond-satınalma komissiyası həmin materialları qəbul etmiş, təhvil verən şəxsləri mükafatlandırmışdır.
Əvvəlki illərdə Nərgizava abidəsindən təsadüfən aşkar olunmuş və bu il Muzeyə təhvil verilmiş saxsı antropomorf fiqurlar, maralformalı saxsı riton, saxsı qabların zoomorf hissələri, saxsı asılqan, tunc qolbaq, boyunbağı, üzüklər, muncuqlar nadir arxeoloji materiallardır. Nərgizava arxeoloji materialları e.ə. III-I əsrlərə aiddir.
Şamaxının Meysəri kəndində təsadüfən aşkar olunmuş saxsı və tunc materillar da ilk orta əsrlərə aid olub, qəbirlərdən əldə edlib. Meysəri abidəsində arxeoloji tədqiqat aparılmamışdır.
Yeni qəbul edilən arxeoloci materiallardan tunc xəncər və tunc balta e.ə. XIII-IX əsrlərə aiddir. Həmin materialların aşkar olunduğu yerin bəlli olmaması Quba və Qusar abidələrindən aşkar olunmuş materiallar ilk orta əsrlərə aid olub, əsasən saxsı məmulatından ibarətdir.
Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinin məlumatına görə, Arxeologiya fondu müntəzəm olaraq yeni alınan materiallar hesabına zənginləşməkdə davam edir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir