Səyavuş Novruzov İlham Əliyevi hədələdi

Növbəti prezident seçkisi ilə bağlı hakimiyyət daxilində baş qaldıran ziddiyyətlər getdikcə alovlanır

Hakimiyyətdəki Naxçıvan klanı 2013-cü ildə keçiriləcək prezident seçkisi ilə bağlı Ilham Əliyevə təzyiqləri davam etdirir. Bir müddət əvvəl bu klanın sözçüsü hesab edilən YAP-çı deputat Eldar Ibrahimov növbəti seçkidə də hakim partiyanın namizədinin Ilham Əliyev olacağını bəyan etmişdi. Lakin Ilham Əliyev “Əl Cəzirə” televiziyasına müsahibəsində növbəti seçkiyə qatılıb-qatılmayacağı barədə qeyri-müəyyən danışdı. Bu açıqlama hakimiyyət daxilində növbəti prezident seçkisi ilə bağlı ziddiyyətlərin olması barədə deyilənlərin əsassız olmadığını ortaya qoydu. Eyni zamanda Naxçıvan klanını hərəkətə gətirdi. Çünki bu klanın ideoloqlarının fikrincə, Ilham Əliyevin prezident postundan imtina etməsi hakimiyyətdə başqa bir qrupun – Mehriban Əliyevanın timsalında Paşayevlərin önə çıxmasını şərtləndirə bilər. 
Naxçıvan klanı məhz bu təhlükənin qarşısını almaq üçün yenidən Ilham Əliyevi prezident postunda əyləşdirməyə çalışır.
Bu məqsədlə ölkə başçısına ard-arda ultimatumlar göndərilir. Eldar Ibrahimovdan sonra YAP-ın icra katibi Əli Əhmədov Ilham Əliyevin namizəd olacağını söyləmişdi. Dünən isə hakim partiyanın icra katibinin müavini, deputat Səyavuş Novruzov Əli Əhmədovun fikirlərinə dəstək ifadə edib. O, Modern.az saytına bildirib ki, YAP-ın icra katibi hakim partiyanın 560 mindən çox üzvünün istəyini ifadə edib. Səyavuş Novruzovun sözlərinə görə, YAP-ın yekdil mövqeyi belədir ki, 2013-cü ildə keçiriləcək  prezident seçkilərində Ilham Əliyev vahid namizəd olacaq və bununla bağlı qərar dəyişməyəcək.
Təsəvvür edin, Ilham Əliyev namizədliyini irəli sürmək barədə hələ qərara gəlmədiyini deyir. Səyavuş Novruzov isə artıq bununla bağlı qərar qəbul olunduğunu söyləyir. Və bu qərarın dəyişməyəcəyini Ilham Əliyevə xatırladır. Belə çıxır ki, Ilham Əliyevin nə düşündüyü hakim partiya üçün əhəmiyyətli deyil. Partiya qərar qəbul edibsə, ölkə başçısı namizəd olmalıdır, vəssalam. Bu hədə deyilmi?
Məlumatlara görə, Naxçıvan klanı bu təzyiqləri Ilham Əliyev “Əl Cəzirə”yə verdiyi müsahibədə səsləndirdiyi məlum fikrə düzəliş edənə qədər davam etdirəcək.

Analitik informasiya şöbəsi