Suriyada daha bir qanlı cümə

Əsəd rejimi yenə dinc etirazçıları gülləbaran etdi

Suriyada Bəşər Əsəd rejiminə qarşı etirazlar davam edir. Ötən gün ölkənin müxtəlif yerlərində ənənəvi cümə etirazları keçirilib. Cümə namazından sonra küçələrə axışan etirazçılar Suriya hakimiyyəti əleyhinə şüarlar səsləndirib, Bəşər Əsədin istefasını tələb ediblər. Hökumət qüvvələri bu dəfə də etiraz aksiyalarını zorakı üsüllarla dağıtmağa çalışıblar.
Müxalif fəalların verdiyi məlumata görə, ölkənin orta seqmentlərində yerləşən Həmavə Humus şəhərlərində keçirilən antihökumət aksiyalarını təhlükəsizlik qüvvələrinin dağıtması nəticəsində 11 nəfər həlak olub. Həma şəhərində əsgərlərin açdığı atəş 9 nəfərin, Humusda isə 2 nəfərin həyatına son qoyub. Yaralıların sayının onlarla olduğu bildirilir. Fəallar bildirib ki, Əsəd rejiminin etirazçılara atəş açmaq əmrini yerinə yetirməkdən imtina edərək müxaliflərə qoşulan əsgərlər etiraz aksiyaları zamanı nümayişçilərin təhlükəsizliyini təmin ediblər.
Bundan başqa, paytaxt Dəməşqin Kabık və Mida bölgələrində də Bəşər Əsəd əleyhinə aksiya keçirilib. Cümə namazı qılan paytaxt sakinləti mərasimdən sonra yaxınlıqdakı meydana toplaşaraq Əsəd rejiminə qarşı şüarlar səsləndiriblər. Onlar Suriya diktatorunu zorakılıqları dayandırmağa və Liviyanın öldürülmüş rəhbəri Qəzzafinin acı sonluğundan dərs götürməyə çağırıblar.
Suriya müxalifəti ölkədə davam edən antihökumət aksiyalarına ümumi tətillə dəstək vermək qərarına gəliblər. Müxalifət sosial şəbəkələr vasitəsilə ölkə vətəndaşlarını ümumi tətilə çağırıb. Çoxları bu çağırışa artıq qoşulublar. Bir sıra şəhərlərdə mağazalar bağlanıb.
Suriya ilə qonşu ölkə olan Livanın bir rəsmisi sensasion bəyanatla çıxış edib. Adının açıqlanmasını istəməyən rəsminin sözlərinə görə, Suriya əsgərləri ölkənin şimal sərhədləri boyunca – Livanla sərhəd ərazilərə – partlayıcı qurğu döşəyirlər. “Əl-Cəzirə” kanalı bildirib ki, əsgərlər Livandakı Nays və Əl Nayder kəndləriylə qonşu Suriyanın Hit və Buveyt kəndlərini ayıran torpaq əraziyə səhər vaxtı mina döşəməyə başlayıblar.