Qarabağ məsələsinin dini rəhbərlərlə nə əlaqəsi?

«Həmsədrlər ictimaiyyət nümayəndələri əvəzinə Azərbaycan və Ermənistanın dini rəhbərlərilə görüşür»

Zərdüşt Əlizadə: «Hökumət istəyir ki, münaqişə qalsın. Münaqişədən hakimiyyət resursu kimi istifadə etsin»

Demokratik dövlətlərdə ölkənin taleyüklü məsələləri bir qayda olaraq müxalifətlə iqtidar arasında birgə müzakirə olunur. Dağlıq Qarabağ kimi münaqişələrin həllində isə eyni zamanda xalq diplomatiyasından istifadə olunması təcrübəsi mövcuddur. Ancaq Azərbaycanın demokratiyadan uzaq olması bu məsələdə də özünü göstərir. Hətta ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri zamanı ictimaiyyət və aparıcı müxalifət partiyaları nümayəndələri ilə görüş keçirmir. Əvəzində həm Azərbaycanda, həm də Ermənistanda ali dini qurumun rəhbərləri ilə görüşlər keçirir. O da məlumdur ki, hər iki ölkədə din dövlətdən ayrıdı. Üstəlik, dini qurumların xarici siyasətə təsiri sıfra bərabərdir. Belə olan halda, həmsədrlərin hakimiyyət təmsilçilərindən başqa yalnız dini rəhbərlərlə görüşü nədən xəbər verir?
Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadənin fikrincə, Qərb yanaşmasında münaqişələr təkcə dövlətlər arasında deyil, həm də xalqlar arasındadır. Onlar hesab edir ki, münaqişənin yaşama səbəblərindən biri də xalqların arasında dərin kök salmış qarşılıqlı inamsızlıqdı. Bu inamsızlığı etimadla əvəz etmək üçün onlar bütün imkanlardan istifadə edirlər. O cümlədən dini rəhbərlərə müraciət edirlər ki, ardınızca gələn insanlara barışmağın, güzəştlərə getməyin lazım olduğunu izah edin.
Ekspertin sözlərinə görə, Azərbaycanda və Ermənistandakı xalq diplomatiyası yalnız Qərbin maddi dəstəyi hesabına həyata keçirilir. Lakin Azərbaycanda hökumət xalq diplomatiyasına dəstək vermir. Əksinə, bütün imkanlarını səfərbər edib buna mane olur: “Təxribatlar törədir, qadağalar qoyur. Təqiblə nəticələnən kampaniya təşkil edir. Müəyyən pullu təbəqəni qısqırdır onların üstünə. Bu ilin əvvəlində erməni fəal Türkiyədə Azərbaycan və Türkiyə filmləri festivalı keçirmək istəyirdi. Bunun üçün ABŞ səfirliyinin maliyyə dəstəyini almışdı. Neçə zalı kirayə götürdü. Axırıncı anda ”erməni vətənpərvərləri” gəlib mane oldular. Ermənistanda da hakimiyyət istəmir ki, xalqlar barışsın. Azərbaycanda da hökumət istəyir ki, münaqişə qalsın. Münaqişədən hakimiyyət resursu kimi istifadə etsin. Qərb bunları çox gözəl görür, anlayır”.

Fizzə