Əliyevlərin favoritləri və acı talelər (II YAZI)

Surət Hüseynov, Rəsul Quliyev, Əli Insanov, eləcə də nazir postuna gəlməmişdən qabaq nüfuzlu biznesmen olan Fərhad Əliyev yetərincə tanınmış simalar idi. Rəsul Quliyev Elçibəy dönəmində hətta baş nazirin müavini kreslosunda oturmağa macal tapmışdı. Surət Hüseynov isə ölkədə ən döyüşkən korpus komandiri olmaqla bərabər əlahiddə səlahiyyətlərə sahib idi. Əli Insanov isə görkəmli alim olmaqla bərabər, Heydər Əliyevin alovlu tərəfdarı kimi tanınırdı və etiraf edək ki, yetərincə nüfuzu da var idi. Surət Hüseynov və Rəsul Quliyev Heydər Əliyev dönəmində vurulmasaydılar, bu gün yəqin ki, biz başqa siyasi mənzərənin şahidi olardıq. Bu baxımdan hazırkı iqtidara favoritləri ictimai keçmişi və onlar qədər nüfuzu olmayan məmurlardan seçmək tələb olunurdu.

Bu gün ölkədə əsasən üç böyük məmurun – Kəmaləddin Heydərovun, Ziya Məmmədovun və Rövnəq Abdullayevin gündəmdə olduğu həqiqətdir. Bu məmurlar, demək olar, ölkəni və onun digər mühüm strukturlarını sanki öz nüfuz və maraq dairələrinə görə bölüşüblər. Bölgələr uğrunda “savaş” artıq bitmiş sayılır, biznes sahələri bölünüb. Artıq sıravi vətəndaşlar, eləcə də yuxarı dairələrdə “dayağı olmayan” və bu səbəbdən biznesi iflasa uğrayan kiçik sahibkarlar, bu üç məmuru “hədəf” seçiblər. Bahalaşma, işsizlik, sosial qeyri-bərabərsizlik, evlərin sökülməsi, amansız gömrük talançılığı və s. səbəblərdən doğan narazılıqların yeganə “ünvanı” əsasən bu məmurlardır. Beləliklə, iqtidar ideoloqlarının (Əli Əhmədov və Mübariz Qurbanlı nəzərdə tutulmur – X.Ə.) istəklərinə çatması haqda fikir yürütmək olar.
“Jalə” şirələri şadlıq evlərində niyə görünmür?
Bu suala cavab verməmişdən əvvəl bir məqamı qeyd etmək yerinə düşər. Lap bu yaxınlarda daxili çempionatda Qəbələ-Qarabağ oyununda birincilərin qapısına bəlkə də futbol tarixinin ən ədalətsiz penaltisi təyin olundu. Bu təsadüfi deyildi, artıq köhnə ssenarinin – favorit ovunun başlandığından xəbər verirdi. Heydərov kimi önəmli fiqurun himayəsində olan bir brendin – “Jalə” şirələrinin bu gəlirli sahədən – şadlıq saraylarından təcridi çox ciddi məsələdir. Buna Vergilər Nazirliyi kimi önəmli bir sahədəki son “yenilikləri” əlavə etsək, yaxın vaxtlarda Azərbaycanın ictimai-siyasi həyatında “sürprizlər” qaçılmazdır. Ziya Məmmədov və Rövnəq Abdullayevdən fərqli olaraq, fövqəlnazirin siyasi ambisiyalarının mövcudluğu haqda bitib-tükənməyən polemikalar, sərvətin daha böyük ölçüdə olması, məhz onu ön plana çıxarır.
Z.Məmmədov və R.Abdullayevə gəldikdə isə, hələlik bu favoritlər toxunulmazdır, ictimayyət və əhali qınaqlara məhəl qoymadan, əzmlə “proyekt” və onlardan irəli gələn tədbirlərlə məşğuldur. Bakı ətrafı ərazilərdə “neft” tapan və on minlərlə əhalini evsiz-eşiksiz qoymaqda israrlı görünən Rövnəq Abdullayev “təmizlənmiş” ərazilərdən neft tapmasa(!), yəqin ki, onun kitabı bağlanacaq. Əslində bu onun üçün düşünülmüş bir ssenaridir, əhalinin narazılıqlarının artması fonunda həm gündəm zəbt olunur, həm də “baiskar” formalaşır. Hər kəsə məlumdur ki, sönmüş quyulara yenidən investisiya qoyulmayacaq, çünki rəsmi olaraq orada neft ehtiyatlarının olması fikrinə ciddi yanaşılmır. Futbol kimi mühüm bir sahəni də onun bərbad etməsini (lap bu yaxınlarda UEFA-nın 13 yaşlılar üçün ayırdığı 1,3 milyonun mənimsənildiyi, eləcə də legionerlərlə bağlı maxinasiyalar ictimaiyyətə açıqlandı) və onun şəxsi biznesindəki inanılmaz “uğurlar”, artıq onun da məlum aqibətdən qaça bilməyəcəyindən xəbər verir.
Ziya Məmmədova gəlincə, hələlik iqtidar bu məmuru “qara gün” üçün saxlayır. Şəxsi taksi istifadəçilərini işsiz qoymaq, eləcə də Koreya və Çindən gətirilən və korrupsiya iyi verən nəqliyyat vasitələri, körpü və keçidlərdən mənimsəmələrin bir ucunun daha yuxarıya bağlanması, onun mövqelərinin hələlik möhkəm olduğundan xəbər verir.
…Bu üç məmur-oliqarxın bir-biri ilə soyuq müharibə şəraitində olması, şübhəsiz, iqtidarın lehinədir. Lakin oxşar favorit ssenarisinin acı təcrübəsi, onlarda birləşmə zərurəti doğura bilər. Diktatura rejimlərinə müharibə elan olunması isə, hər iki tərəfin hesablarını alt-üst edə bilər. Bu isə bizim ehtimalımızdır.