Əleyhinə danışıb lehinə səs verənlər

Bilirsiniz ki, bu həftə Milli Məclis uzun həngamədən sonra eks-prezidentlər haqqında qanunu birinci oxunuşda qəbul etdi. Qanunun müzakirəsi zamanı yenə də onun Elçibəylə Ayaz Mütəllibova şamil edilib-edilməməsi mübahisə mövzusu oldu.
Mən bunu keçənlərdə də yazmışdım, əslində durum çox iyrənc, çox əcaibdir: Azərbaycanda yalnız Mütəllibovla Elçibəyin seçilmiş prezidentlər olduğuna dair yekdil fikir var, ancaq məhz onlara eks-prezidentlik statusunun verilib-verilməməsi dartışılır. Adam bilmir, gülsün, yoxsa ağlasın.
Qayıdaq qanunun qəbuluna. Milli Məclisin iclasından reportajları oxudum, ən azı 6 deputat çıxışlarında qanunun qəbul edilməsinə qarşı çıxıblar – Əli Əhmədov, Zahid Oruc, Fəzail Ağamalı, Elmira Axundova, Məlahət Ibrahimqızı, canım sizə desin, Elman Məmmədov. Amma səsvermə zamanı qanunun əleyhinə cəmi 3 nəfər səs verib.
Bu, bir daha Azərbaycanın təyinatlı, saxta parlamentinin gerçək üzünü, əsl mahiyyətini göstərir: orada oturanların şəxsi düşüncəsi, iradəsi yoxdur, onlar hansısa qanunun əleyhinə danışa bilərlər, amma düyməni basmaq zamanı gələndə qəfildən çevrilib lehinə olurlar.
Sonra da utanmadan jurnalistləri onlara hörmətlə yanaşmamaqda günahlandırırlar. Ayıbdır, ayıb! Adam özünə qoymadığı hörməti başqasından gözləməz.
Sözü düz yazırlar, amma düz sözü yaza bilmirlər
Iqtidar saytlarından birində bir dilçinin açıqlaması yerləşdirilib, dünən təsadüfən gözümə sataşdı. Deyir ki, müxalifət qəzetlərində Azərbaycan dilinin durumu çox bərbaddır, onlarda redaktor və korrektor işinin yaxşı qurulmadığı hiss olunur. Guya iqtidar qəzetlərində vəziyyət daha yaxşı imiş.
Mən adını ilk dəfə eşitdiyim bu dilçi-alimin dediklərini o qədər də ciddiyə almazdım, əgər onun özünün də məhz müxalifət qəzetlərinin oxucusu olduğuna əmin olmasaydım. Bəli, mən əminəm ki, o, köşkdən qəzet alarkən satıcıdan sözləri düz yazan qəzeti yox, düz sözü yazan qəzeti istəyir.
Ümumiyyətlə, bu da təzə qafiyədi – qəzetlərin üzərinə dilçiləri salmaq. Dilimizin qayda-qanunlarına əməl olunmamasından şikayətlənib qəzetləri gözdən salmağa çalışmaq.
Lap deyək ki, iqtidar qəzetlərində sözləri düzgün yazırlar. Nə olsun? Düz yaza ki, bilmirlər. Həqiqəti ki, yaza bilmirlər. Düz sözü yaza bilməyəndən sonra, həqiqəti yaza bilməyəndən sonra bunun nə mənası qalır? “Korrupsiya” sözündə “r” hərfinin birini “yemək” şübhəsiz, qüsurdur, amma əgər sən korrupsiyanın özünün ölkəni yeyib-taladığını yaza bilmirsənsə, “korrupsiya” sözünü düzgün yazsan nə olacaq, yazmasan nə olacaq? Düzgün yaza bilərsən, amma düz yazmırsansa, doğru yazmırsansa, düzgün yazmağının nə xeyri, nə faydası?
Əgər bir jurnalistin rejim qarşısında dili pəltək vurursa, kəkələyirsə, sözləri istədiyi qədər muncuq kimi düzsün, mənası nədir?
Bəli, bu gün Azərbaycan qəzetlərində dil problemi var, amma bu, yazı dilindən əvvəl, ölkədəki siyasi sistemin qəzetlərlə zor, zopa, işgəncə, həbs dilində danışması problemidir. 
Bu gün Azərbaycan jurnalistinin dil problemi var, amma bu, yazı dilindən əvvəl, o jurnalistin aldığı qəpik-quruş müqabilində ailəsinin, uşaqlarının yanında dilinin gödək olması problemidir.
Ən nəhayət, bizdən sözləri düzgün yazmağı tələb etmək asandır. Amma biriləri bizdən sözləri düzgün yazmağı tələb edərkən hakimiyyətdən də düz işləməyi, düzgün olmağı tələb etməyi bacarmırlarsa, dillərini qoysunlar dinməz yerlərinə.
Amaşovun və Zeynallının dili
Madam ki, söhbət dil mövzusundan düşüb, bunu da yazım: dünən bizim antiMətbuat Şurasının sədri Əflatun Amaşovu Türkdilli ölkələrin Media Birliyinə sədr seçiblər. Öz ana dilində bir dənə istedadlı cümləsi olmayan adamı bütün türkdillilərin media patronu eləmək unikal hadisədir. Sevinmək lazımdır.
Elə mən də sevinməklə məşğul olarkən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının oğurlanaraq “Bandotdel”ə aparıldığı xəbəri gəldi. Bu da dilini dinc qoymamağın axırı!