Hamı kimi mən də düşünürəm ki, neft pulları göyə sovrulmaqdansa, Türkiyə iqtisadiyyatına yatırılsa daha yaxşı olar, heç olmasa onlar bunun faydasını görərlər. Amma adamın ürəyində bir nisgil qalır və bunu etiraf etmək lazım gəlir. Azərbaycanın bir çox şəhərləri var ki, sənaye şəhərinə çevrilmək üçün dəridən-qabıqdan çıxır, bir neft-kimya kompleksi də bu şəhərləri sənaye mərkəzi edə bilərdi.
Bunlar zavodları ölkədən kənarda tikirlər. Digər ölkələr üçün bu, göydəndüşmə bir şeydir, onlar heç vaxt bu hakimiyyətə deməz ki, bəs, axı sizin öz vətəndaşlarınız işsizdir! Amma Türkiyə deyə bilərdi… Söz elə bir hakimiyyətdən gedir ki, hələ də sovetlərdən qalma bir ifadədən, bəli, “türkdilli xalqlar” ifadəsindən ayrıla bilmir. Bu ifadəni eşidəndə mən hər an dilxor oluram, bizim təkcə dilimiz türk dili (hərçənd bunun da adını dəyişib “Azərbaycan dili” qoydular) deyil, özümüz də türkük. Bizə “türkdilli xalqlar” deyil, türk xalqları demək gərəkdir. Bəli, dünyada ispandilli, ingilisdilli və fransızdilli xalqlar var. Onların arasında hətta zəncilər də az deyil. Amma o insanlar ingilis, fransız və ispan deyillər. Indi bunu necə başa düşək? Bizlər də türk deyilik? Türk dilini xarici dil səviyyəsinə qaldırdılar – bundan da söz açsaydılar yaxşı olardı. Mən Türkiyə siyasətçilərini qınamıram. Lakin nə baş verir? Biz onlara neft kimyasını öyrədirik, onlar isə dönər satmağı. Hətta bir dəfə ağlıma gəldi ki, bizimkilər Türkiyəyə kvant mexanikasını öyrətməyə və tədris etməyə yollandılar. Amma onlar bura gəlib dönər satmağı öyrətdilər. Nə isə. Dünyanın çox qəliz işləri var. Amma bəlkə dünya da elə ona görə qəlizdir ki, siyasətlə qəliz insanlar məşğul olurlar.
Bir zorakılığın təəssüratı
Bəli, Liviya inqilabı da zorakılıqla bitdi. Mən qiyamçıları qınamıram. Z.Freyd deyirdi, insanın davranışı uşaqlıqda topladığı təcrübədən asılıdır. Bəli, onlar ədalətli məhkəmə və hüquq görməmişdilər, 42 il Qəzzafi onlara bu cür cəza verməyi öryətmişdi. Amma acı həqiqət var və gərək qiyamçılar onu nəzərə alaydılar: heç kim, fərqi yoxdur, adi vətəndaşdır, yoxsa diktator, məhkəməni başa vurmadan, məhkəmə qərarı olmadan cəzalandırıla bilməz. Mən böyük məmnuniyyətlə Qəzzafinin məhkəməsini izləyərdim. Maraqlıdır, bu diktator nələri deyə bilər, nələri uydurardı? Hər halda, çox maraqlı olardı. Qəzzafi o səbəbdən də belə sonluqla bitirdi ki, vaxtında getmədi, vuruşmağa başladı.
Çox qəribədir. Indi Yəmən prezidentinə də deyirlər ki, get, sənə toxunmarıq. Amma getmək istəmir. Deməli, onu da oxşar aqibət gözləyir. Əsəd də həmin xislətə sahibdir. Bunların hamısının bir adı var – diktator… Onlar əslində öz xalqları ilə müharibəni dünən və yaxud bircə il bundan əvvəl başlamayıblar, on illərdir ki, bu diktatorlar öz millətlərilə vuruşurlar. Sadəcə, biz indi gücün bərabərləşməsi fazasını görürük. Əvvəllər güclər bərabər deyildi, xalqın və ayrı-ayrı insanların mücadiləsi gözə görünmürdü. Indi güc bərabərləşib və bundan sonra hər bir zorakılıq faktı diqqətdə olacaq. Elə sonda, finalda baş verən zorakılıq da qeyri-adi görünməməlidir. Diktatorlar bunu on illərlə, ya bir az da çox edirlər, millət isə bir dəfə edir. Kimi qınayaq? Bəli, dünya qəliz dünyadır… Millət bəlkə də ona görə belə edir ki, bu, dərs olsun. Amma mən düşünmürəm ki, Liviya ilə bağlı tükürpədici kadrlar və fotolar bunlara dərs oldu. Çətin. Tarix göstərir ki, diktatorlar tarixdən dərs götürmürlər. Bəlkə də Spartak qiyamından Böyük Fransa inqilabına qədər tarix bir ibrət məktəbidi və ondan çox şey öyrənmək olar. Amma bunlar tarixə də öz prizmalarından baxırlar və hamısı da düşünür ki, tamam-kamal fərqli bir tarix yazacaqlar…
Kiçik sözardı
Adam proseslərdən də yorulur. Ərəb prosesinin də finişə çatması lazımdır.
Sonra bəlkə qısa fasilə olacaq, amma bəlkə də olmayacaq… Mən inqilabları kabus adlandırmaq istəməzdim, çünki onlar dünyanı irəli aparır, öz neqativ cəhətləri, çatışmazlıqları ilə bahəm. Qərəz, indi bu kabus dolaşır. Görən, bəs növbəti ünvanı hara olacaq? Maraqlıdırmı?