“Səfirin açıqlaması hakimiyyətin ifşası idi”

Gözəl Bayramlı: «Sosial-iqtisadi durumu yaxşı olan ölkədən kim gedər?»

Mehman Cavadoğlu: «Bölgənin lider ölkəsiyiksə, camaat niyə Rusiyaya axın edib vətəndaşlıq alır?»

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun son açıqlaması sözün əsl mənasında böyük səs-küyə səbəb oldu. Səfir Rusiyada 750 min azərbaycanlının vətəndaşlıq aldığı faktını açıqlamaqla Azərbaycan hökumətinin “analoqu olmayan inkişaf” təbliğatına zərbə vurdu. Üstəlik, bu fakt seçkilər vaxtı yüzminlərlə insanın adından istifadə olunduğunu da bir daha ortaya qoydu.
AXCP sədrinin müavini Gözəl Bayramlı hesab edir ki, P.Bülbüloğlunun bu açıqlaması Azərbaycanda sosial-iqtisadi vəziyyətin necə olduğunu göstərir: “Azərbaycan hakimiyyəti həmişə ölkəmizin sürətlə inkişaf etdiyini, hətta inkişaf etmiş ölkələrdən də öndə olduğumuzu iddia edir. Polad Bülbüloğlunun açıqlamasında səslənən rəqəm bu təbliğatın şişirdilmə olduğunu bir daha sübut etdi. 750 min kifayət qədər böyük rəqəmdir. Deməli, Azərbaycan əhalisi ölkədəki acınacaqlı durumdan təngə gələrək öz vətənini tərk edir. Başqa ölkələrə pənah aparır, hətta orada vətəndaşlıq alır. Sosial-iqtisadi durumu yaxşı olan ölkədən hansı vətəndaş gedər? Getməkləri bir tərəfə, hətta vətəndaşlıq alırlarsa, deməli, öz ölkələrindən həddən artıq narazıdılar. Bir sözlə, səfir Azərbaycan hökumətinin ”inkişaf nağılları”nı ifşa etdi”.
Rusiyadakı həmvətənlərimizdən seçki saxtakarlığında  istifadə olunmasına gəlincə, G.Bayramlı bildirib ki, Azərbaycan müxalifəti bu faktı həmişə gündəmə gətirib: “Biz həmişə demişik ki, adları siyahıda olan insanların bir hissəsi ümumiyyətlə ölkədə deyil. Onların sadəcə adı gedir. Əgər səfir 750 min azərbaycanlının Rusiyada vətəndaşlıq aldığını deyirsə, demək, orada olan həmvətənlərimizin ümumi sayı 2 milyondan xeyli çoxdur. Hakimiyyət də seçkiləri saxtalaşdırmaq üçün bu adamlardan istifadə edir. Bu hələ Rusiya ilə bağlı açıqlanan rəqəmdir. Başqa ölkələrə də pənah aparan azərbaycanlılar var ki, onların ümumi sayı çox böyük rəqəm yaradır. Bu da Azərbaycan hakimiyyətinin siyasətinin nə dərəcədə ”uğurlu” olduğunu göstərir”.
Müsavat başqanının müavini Mehman Cavadoğlu hesab edir ki, Rusiyada vətəndaşlıq alan soydaşlarımızın sayı 750 minə çatıbsa, demək, oradakı azərbaycanlıların ümumi sayı 3 milyona yaxındır: “Biz bu faktı dəfələrlə ictimaiyyətin diqqətinə çatdırmışıq. Hakimiyyət iddia edir ki, Azərbaycan bölgənin lider ölkəsidir, varlı dövlətdir və analoqu olmayan inkişaf yolundadır. Amma varlı ölkənin sakinləri nədənsə, ölkədən didərgin düşüblər. Bu, hələ Rusiya ilə bağlı göstəricidir. Bura, Ukrayna, Türkiyə və Avropanı da əlavə etsək, kifayət qədər böyük rəqəm alınar. Bölgənin lider ölkəsiyiksə, camaat niyə Rusiyaya axın edib vətəndaşlıq alır? Aydın məsələdir ki, onlar Azərbaycanı məcburiyyətdən tərk edirlər. Bir parça çörək üçün el-obalarından didərgin düşürlər”.
Lakin M.Cavadoğlu bunun hakimiyyət üçün olduqca sərfəli olduğunu deyir: “Azərbaycanı tərk edən insanların sayı seçki saxtakarlığında çox böyük rol oynayır. Onların adından istifadə edib seçkiləri öz xeyirlərinə saxtalaşdırırlar.