Qəzzafinin ölümündə rus izi

Yaralı diktatoru hərbi maşına sürükləyənlərin arasında rusdilli şəxslərin olmasıyla bağlı iddialar yayıldı

Polkovnikin varisi qısas alacağına söz verdi

Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin hansı şəraitdə və kimlərin öldürməsiylə bağlı ziddiyyətlər davam edir. Bəzi mənbələr polkovnikin Qərb xüsusi təyinatlıları, bəziləri isə üsyançıların işgəncələrlə öldürdüyünü iddia edir. Rusiya mətbuatında isə daha maraqlı iddia ortaya atılıb.
Rusiyanın aparıcı xəbər saytlarının yazdığına görə, Müəmmər Qəzzafi gizləndiyi kanalizasiya borusundan çıxarılarkən onu mühasirəyə alanlar arasında rusdilli silahlılar olub. Mənbələr bu xəbəri Qəzzafinin əsir götürüldüyünü və onun mühasirəyə alındığını göstərən videokadrlarda rus dilində işlədilən sözlərə istinadla yazıb. “Dojd” telekanalının müxbirləri həmin kadrlara baxarkən, aşkar edib ki, yaralı polkovniki sürüyərək hərbi maşına mindirərkən kimlərsə rusca “Nə oldu? Mindirin aparaq” cümlələri deyilir.

Seyf əl-Islam Qəzzafi: “Hər şey indi başlayır”

Bu arada Müəmmər Qəzzafinin beynəlxalq axtarışda olan oğlu Seyf əl-Islam yeni müraciətlə çıxış edib. Ərəb kütləvi informasiya vasitələrində dərc olunan müraciətdə belə ifadələr yer alır: “Bəzilərinin hər şeyin məhv olduğunu fikirləşdiyi bir vaxtda mən demək istəyirəm ki, hər şey indi başlayır”.
Seyf əl-Islam Liviyanı satanları, ona xəyanət edənləri həmişə cəzalandırdığını vurğulayıb və ölkəni bu hala gətirənlərin həyatını cəhənnəmə çevirəcəyinə söz verib. O, bütün silahdaşlarını itirilmiş Liviyanın qaytarılması uğrunda mübarizəyə və qatillərdən intiqam almağa çağırıb: “Liviya xalqının qurban gedən övladlarının ruhu qarşısında öz borcumuzu yerinə yetirmək üçün qatilləri təhdid və məhv etməliyik”.
Əlavə edək ki, iki gün öncə Seyf əl-Islam Qəzzafinin və Qəzzafi rejiminin kəşfiyyat idarəsinin keçmiş rəhbəri Abdullah əs Sənusinin Lahey məhkəməsinə təslim olmaq istədikləri barədə xəbərlər yayılmışdı. Xəbəri Milli Keçid şurasının hərbi rəsmilərindən biri Abdulməcid Mlecta “Reuters” agentliyinə verdiyi açıqlamada bildirmişdi.
Xatırladaq ki, Qəzzafinin üsyançılar tərəfindən öldürülməsindən sonra Seyf əl-Islam video müraciətlə sağ olduğunu və atasının qisasını alacağını demişdi. Müəmmər Qəzzafinin 10 övladı (2-si götürmə) olub. 1986-cı ildə amerikalılar Müəmmər Qəzzafinin qərargahını bombardman edəndə Həna Qəzzafi həlak olub. Bu ilin mayında Seyf əl-Ərəb Qəzzafi NATO aviasiyasının bombardmanına qurban gedib. Avqustda Xamis Qəzzafi, oktyabrda Mütəəssim Qəzzafi öldürülüb.

Qəzzafinin şəxsi həkimi onun dəhşətli ölümünə inanmır

Diktatorun şəxsi həyatıyla bağlı məqamlar da onun ölümündən sonra daha çox diqqət çəkməyə başlayıb. Polkovnikə yaxın şəxslər, onunla mütəmadi əlaqəsi olanlar Qəzzafinin şəxsi keyfiyyətləri, davranışları və s. qeyri-adilikləri barədə mətbuata açıqlamalar verirlər. Bir neçə gün öncə Rusiyanın “Komsomolskaya Pravda” qəzetinə danışan Qəzzafinin şəxsi həkimi polkovnikə 3 il tibbi qulluq göstərən Oksana Balinskaya diktatorun ölümünə münasibət bildirib.
Balinskayanın sözlərinə görə, o, heç vaxt Qəzzafinin belə acınacaqlı və dəhşətli ölümlə həyatdan gedəcəyinə inanmayıb. Diktatorun keçmiş həkimi əlavə edib ki, Qəzzafi onunla söhbət zamanı nə baş verməsindən asılı olmayaraq xalqını və vətənini tərk etməyəcəyini, doğma torpağında öləcəyini söyləyirmiş: “Sanki həyatdan necə köçəcəyini hiss etmişdi. Ancaq mən hələ də bu böyük insanın acınacaqlı ölümünə inanmıram”.
Oksana Balinskaya Qəzzafinin həddindən artıq bacarıqlı,  diqqətli və düzgün qərarvermə qabiliyyətli insan olduğunu söyləyib. Tibb bacısı bu qənaətə Qəzzafinin Kiyevdə özü üçün xanımlardan ibarət tibbi heyət seçməsi zamanı gəldiyini bildirib. Balinskayanın sözlərinə görə, Qəzzafi seçim turu ərzində hər şeyi özü düşünür, götür-qoy etdikdən sonra qərar verirdi.

30 illik sürücüsü polkovnikin son günləri haqda nələri dedi?

Bununla yanaşı Müəmmər Qəzzafinin sürücüsü Huneyiş Nasr Ingiltərənin “The Guardian” qəzetinə verdiyi müsahibəsində Liviya diktatorunun son günləri haqda bəzi şeylər söyləyib. Onun sözlərinə görə, paytaxt Tripoli üsyançıların nəzarətinə keçəndən sonra Müəmmər Qəzzafi ilə birlikdə Siirt şəhərinə gedib, burada isə hücuma məruz qalmamaq üçün tez-tez yer dəyişdiriblər.
Huneyiş Nasr oktyabrın 20-də Qəzzafinin doğma şəhəri Siirtdən ayrılmağa qərar verdiyini söyləyib: “Çünki güclü döyüşdən sonra xarabaya çevrilən şəhərdə yemək tapmaqda belə, çətinlik çəkirdik. Siirtdən çıxarkən NATO qırıcı təyyarələrinin hücumuna məruz qaldıq. Üzərimizə bomba yağdırırdılar. Qısa müddət sonra qiyamçıların üzərimizə doğru irəlilədiklərini gördük”.
Öldürülmüş diktatorun sürücüsü bildirib ki, NATO və üsyançıların hücumundan sonra Müəmmər Qəzzafi avtomobildən enib. Onun üzündə qorxu ifadəsi olmayıb. Lakin ilk dəfə qərarsız olduğu görünürmüş. Müəmmər Qəzzafi ilə eyni tayfadan olan Huneyiş Nasr üsyançıların hücumu zamanı özünün təslim olduğunu, başına endirilən küt zərbədən sonra yerə yıxıldığını söyləyib. Qəzzafinin ona 300 funt-sterlinq maaş verdiyini dilə gətirən Huneyişin sözlərinə görə, o, 30 il Liviya diktatoruna xidmət göstərib: “Allah şahiddir ki, heç zaman ondan pis davranış görmədim. Mənə qarşı yaxşı davranırdı”.

Tural