Yumurtanın qiymətini qaldırın
Hörmətli prezident, korrupsiyaya qarşı mübarizə kampaniyanızın 1 yaşının tamamına az qalıb. Nəyə nail olunub? Sizi bilmirəm, amma mən bu kampaniyanın fəal izləyicisi kimi deyə bilərəm ki, yadımda qalan yalnız sizin “yumurta müşavirəsi” adı ilə məşhur olan tədbirdəki çıxışınızdır. Həmin müşavirədən sonra həqiqətən yumurtanın qiyməti tarappıltıyla 10 qəpiyə düşdü. Hələ indiyə qədər heç bir çıxış, hədə, bəyanat nəyinsə qiymətinə bu şəkildə təsir göstərməyib. Bunu tam məsuliyyətlə demək olar. Təsəvvür edin ki, ta o müşavirədən üzü bəri yumurtanın qiymətində cəmi 2 qəpik artım olub. Yəqin bu artımla bağlı sizi məlumatlandırmayıblar. Düz də ediblər, ciddi artım deyil…
Hörmətli prezident, amma nəzərə alın ki, insan təkcə yumurtayla yaşaya bilməz. Bizim xalqımız ət yeməyə meyllidir, yəqin bunu siz də bilirsiz. Problem ondadır ki, yumurtanın qiyməti bir sözünüzlə endiriləndən sonra başqa ərzaq mallarının – ətin, yağın, düyünün, şəkər tozunun… bütün ərzaqları sayıb vaxtınızı almaq istəmirəm, hamısının qiyməti qalxıb. Bu artımda sizin əlinizin olub-olmadığını bilmirəm. Onu bilirəm ki, ətin qiyməti fəlakətli həddə çatıb. “Yumurta müşavirəsi” vaxtı mal əti 6 manata satılırdısa, artıq xeyli vaxtdır 8-9-10 manatadır.
Qabaqdan müqəddəs Qurban bayramı gəlir. Soraqlar var ki, işbazlar xeyli vaxtdır mal-qoyun alıb yığırlar; Qurban bayramında baha qiymətə satmaq üçün. Məncə, daha bir müşavirəyə ehtiyac var. Yenə əyanları bir yerə toplamaq, başa salmaq, vəziyyəti izah etmək, hətta kimisə əməllicə danlamaq gərəkdir. Ədliyyə Nazirliyi sayaq kiməsə irad bildirmək də olar. Nəticə çıxararlar yəqin.
Bugünlərdə keçirdiyiniz müşavirədə bütün səhələrdə artım (qiymət artımı yox ha) olduğunu dediniz. Deyəsən kənd təsərrüfatı naziri Ismət Abbasov da orada çıxış edib inkişaf yönündə rəqəmlər sadaladı. Uyğun gəlmir axı. Istehsalın artması qiymətlərin azalmasına birbaşa təsir etməlidir. Iqtisadçılarınızdan da bunu soruşa bilərsiniz. Biznesdən sizin özünüzün də xəbəriniz var, bəlkə heç məsləhətə ehtiyacınız da yoxdur. Kimsə izah edə bilərmi? Ərzaq məhsullarımız, istehsal necə artıb ki, qiymətlər ceyran belindədir.
Adamlar var ki, əti toydan-toya yeyir. Çağırılsa…
Ola bilsin bu statistikanı sizə vermirlər. Imkan düşmüşkən diqqətinizə çatdırım. Qonşu Gürcüstanda mal əti 2,5-3 manatdır. Qoyun ətinin qiyməti də 3 manatdan yuxarı deyil. Bəs deyirsiz lider ölkəyik?! Sizin Statistika Komitənizin məlumatından bəlli olur ki, 2010-cu ildə Azərbaycanda adambaşına 28 kq ət istehsal olunub. Həmişə müqayisə aparmağı sevdiyiniz MDB ölkələrində adambaşına ət istehsalı bizdən yüksəkdir. Qırğızıstanda 35, Gürcüstanda 40, Ukraynada 45, Rusiyada 50, Qazaxıstanda 57, Belarusda isə adambaşına 102 kq ət istehsal olunur. Bəs bu göstəriciləri kim təhlil edəcək, kim bundan nəticə çıxaracaq? Divar qaşımaqla, hasar çəkməklə, körpü, yeraltı-yerüstü keçid tikməklə öyündüyünüz kimi, xalqın güzəranı ilə də öyünmək yaxşı olmazmı? Ən uca bayraq dirəyi qaldırıb hansısa kitaba düşməyin xalqa bir çürük qoz qədər faydası yoxdur, bununla kiminsə qarnı doymayacaq.
Bir fakt deyim. Yəqin siz də bilirsiz ki, tibb bacıları, həkimlər xəstələrdən dolanır. O sadə səbəbə görə ki, səhiyyə işçilərinə verdiyiniz maaş dilənçilərin qazancından azdır. Həmin tibb bacılarından biri deyir ki, hansısa rayondan bugünlərdə qəbul etdikləri xəstə hədsiz imkansız olub. Çox nimdaş paltar geyən xəstəyə tibb bacıları yığışıb əyin-baş alıb. Mən heç vaxt vətəndaşı bu gündə olan ölkəylə öyünmərəm…
Hörmətli prezident, belə qənaətə gəlmişəm ki, bütün bəlalar yumurtanın başındadır. Təcili onun qiymətini qaldırmaq gərəkdir. Müşavirəli, ya müşavirəsiz. Bəlkə ondan sonra başqa ərzaq mallarının qiymətləri qaydasına düşdü. Əks halda təbəələrinizin çoxunun bu bayramda da qazanı qaynamayacaq…