Nazir kinoteatrın satılmasından xəbərsizdir

Əbülfəs Qarayev: «Ola bilsin, ora insanlara daha zəruri olan məsələlərdə xidmət etsin»

«Azərbaycan» kinoteatrıyla bağlı məsələdə general Vaqif Axundovun adı hallanır

“Azərbaycan” kinoteatrı ilə bağlı ötən sayımızda məlumat vermişdik. Qeyd etmişdik ki, kinoteatr hərraca çıxarılıb. Düzdür, rəsmilər bu informasiyanı təsdiq etməsələr də, inkar da etməmişdilər. Ancaq ötən gün kinoteatrın fəaliyyətinin dayandırılmasıyla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyi mövqe nümayiş etdiriblər.
Əmlak Məsələləri Dövlət Komitəsi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov APA-ya açıqlamasında bildirib ki, Ilham Əliyevin 2006-cı il 23 avqust tarixli “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncamına uyğun olaraq digər obyektlərlə yanaşı “Azərbaycan” kinoteatrı da özəlləşdirməyə açıq elan edilib. Onun sözlərinə görə, qeyd edilən sərəncama uyğun olaraq, özəlləşdirmə haqqında qanunvericiliyə əsasən, kinoteatr özəlləşdirildikdən sonra gələcəkdə öz profilinə uyğun fəaliyyətini davam etdirəcək.
Tələblərə görə, gələcəkdə bura qoyulan investisiyalar nəticəsində “Azərbaycan” daha müasir təmir, müasir avadanlıq və texnologiyalarla təchiz olunmuş, günün tələblərinə cavab verən kinoteatr kimi fəaliyyətini davam etdirəcək.
“Mən bu gün yarı sınmış, işığı olmayan, sınıq-salxaq kinoteatrların özəlləşdirilməsində faciə görmürəm. Əksinə, bunlar özəlləşdirilməlidir, sərmayədarlar pul qoymalıdır, biz də öyrəşdiyimiz kimi normal yerdə kinoya baxmalıyıq. Bu addıma mən sevinirəm” – bu sözləri isə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir oktyabrın 24-də fəaliyyətinin dayandırıldığı açıqlanan adıçəkilən kinoteatrın hansı istiqamətdə fəaliyyət göstərəcəyindən xəbərsiz olduğunu diqqətə çatdırıb: “Bununla maraqlanmıram və bu barədə xəbərim yoxdur. Azərbaycanda kinoteatrların hərraca çıxarılması təbii, qarşılıqlı prosesdir, sərmayədarlar onları yenidən quracaqlar. Ola bilsin, orada yenə də film göstərilsin, ya da ki, insanlara daha zəruri olan məsələlərdə xidmət etsin. Kino sistemi bütün dünyada özəl sektora məxsusdur. Artıq biz görürük ki, özəl sektor bu sahəyə vəsait qoyulmasına əhəmiyyət verir. Hər hansı böyük bir ticarət, əyləncə mərkəzlərində kino nümayişi üçün imkan var”.
“Bu kasadlıqda, kinoteatrın barmaqla sayılan vaxtında bir kinoteatrın bağlanmağını pis qarşıladım. Mən də sizin kimi bunu kənardan eşitmişəm, səbəbini, mənasını mən də bilmirəm. Yəqin bunu da nə məqsədlə etdikləri bilinəcək” – bu sözləri isə “Azadlıq” radiosuna aktyor Rasim Balayev deyib.
O, “Azərbaycan” kinoteatrının yerləşdiyi binada Kinematoqrafçılar Ittifaqının da yerləşdiyini deyir: “Ofis olsa da, ancaq fəaliyyəti yox idi. Kinoteatr özü əvvəllər bizim balansımızda idi. Sonra iş adamları oranı təmir etdi, biz isə onlardan kirayə pulu alırdıq, amma sonradan bu da ləğv olundu. Kinoteatr tam bizim balansımızdan çıxdı”.
Bəzi məlumatlara görə, “Azərbaycan” kinoteatrı “Park Bulvar”a qurban verilir. “Azadlıq”a verilən məlumata görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun yaxınlarına məxsus kinoteatr Bulvarda fəaliyyət göstərir. “Azərbaycan” da yeni filmlər nümayiş etdirir. Bu isə generalın yaxınlarına məxsus olan kinoteatrın yaxşı fəaliyyət göstərməsinə mane olur. Məhz buna görə “Azərbaycan”ın kitabını bağlamaq qərarına gəliblər.

Ramin DEKO