Onlar Saleh rejiminin zorakılıqlarına etirazlarını bildiriblər
Yəməndə Əli Abdullah Salehin istefası tələbilə etiraz aksiyaları davam edir. Hökumət qüvvələrilə müxalifət tərəfdarları arasında atəşkəs sazişi imzalansa da, ölkənin müxtəlif bölgələrində kiçik silahlı insidentlər baş verib. Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
Bu arada, yəmənli qadınlar Əli Abdulla Salehin anti-hökumət nümayişlərinin zorakılıqla yatırılmasına etiraz olaraq, çadralarını yandırıblar. Minlərlə qadın paytaxt Sənada toplaşaraq aksiya keçiriblər. Onlar “Qatil Saleh qadınları öldürür və bundan qürur duyur!”, “Onun gözündə qadınların heç bir dəyəri yoxdur!” kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçılarının sözlərinə görə, təkcə oktyabrda nümayişlərdə 60-dan çox qadın öldürülüb. Qadınlar səssiz durmayacaqlarını, kişilər onları müdafiə edə bilmədikləri halda, özlərini müdafiə edəcəklərini deyiblər. Aksiya iştirakçıları tayfa liderlərinin bu məsələyə münasibətdə səssizliyini isə təhqir kimi qiymətləndiriblər.
Qeyd edək ki, bu, Yəməndə prezident Salehin hakimiyyətinə qarşı etirazların davam etdiyi 9 ay ərzində ilk bu cür aksiyadır.


