Liviyada niyə inqilab oldu – axı, liviyalılar yaxşı yaşayırdılar, Afrikanın favorit ölkəsi sayılırdılar, illik milli gəlir adambaşına 12 min dollar idi; sosial güzəştlər vardı, təhsil, tibb əsasən pulsuz idi, yeni evlənənlərə Qəzzafinin atalıq qayğısı nəticəsində böyük məbləğdə pul verilirdi, evsizlərə ev tikilirdi?
Azərbaycanda çoxları bu suallar qarşısında yalnız bir cavab tapırlar: Siyasi azadlıq olmayanda, insan iqtisadi rifahı bir kənara qoyub, əvvəl-axır üsyana qalxır.
Yanlış informasiyaların nəticəsində çıxarılan yanlış qənaətdir, vəziyyətdən çıxmaq üçün çabalardır. Liviyada xalq firavan yaşayırdı? Nə imiş bu firavanlıq? Statistikadakı firavanlıqdan danışılır?
Elədə, gəlin Azərbaycana da baxaq. Ölkənin büdcəsi sürətlə artırmı? Böyük təmir-tikinti işləri aparılırmı? Ölkədə adambaşına düşən milli gəlir ilbəil çoxalırmı? Hətta bir-iki ilə Liviyadakı “adambaşına milli gəlir”i də keçəcəyik: bu il ölkəmizdə adambaşına 9.700 dollar düşürsə, gələn il bu rəqəm 11.148, 2013-də isə 12.915 dollar olacaq.
Gənc ailələrə qayğıdan danışırsınız? Azərbaycanda ipoteka kreditləri ilə gənc ailələrə güzəştli kreditlər verilmirmi? Tibb, təhsil pulsuz deyilmi? Orta aylıq əməkhaqqı Azərbaycan vətəndaşının normal yaşamasına kifayət etmirmi?
Əlbəttə, bütün bunların statistik saxtakarlıq olduğunu hamımız bilirik.
Bu ilin əvvəlində Liviyada inqilab başlayanda bu ölkəylə maraqlandım: orta aylıq əməkhaqqı 6 min dollar sayılırdı, hətta xüsusi ixtisas üzrə çalışanların 30 min dollar alması barədə internetdə indi də məlumat əldə edə bilərsiniz; guya Liviyada son illər Qəzzafinin sayəsində o qədər iş yerləri açılıb ki, əhalinin işsizlik problemi yoxdur, qonşu ölkələrdən 1,5 milyon əhali işləməyə Liviyaya gəlib. Inanırsınız?
Azərbaycanda da son 8 ildə 1 milyondan artıq yeni iş yeri açılıb, hətta addımbaşı Çindən, Gürcüstandan, Irandan işləməyə gələn miqrantlara da rast gəlmək olur. Bu rəsmi statistik cəfəngiyyat azərbaycanlının durumunu ifadə edirmi? Ölkədə real sosial durumun göstəricisidirmi?
Qəzzafinin xalqından oğurladığı vəsaitlərlə bağlı 5-6 ay öncə heç bir məlumat yox idi. Dünyanın aparıcı KIV-ləri, bankları bu barədə bir gilə də olsun, məlumat vermirdilər və ilkin vaxtlarda belə rəy yaranırdı ki, bədəvi paltarına bürünən, çadırda yaşayan, “evsiz-eşiksiz” Qəzzafi kristal adamdır; o qədər ki, hətta varisini də xalqına sırımaq niyyətində deyil. Amma inqilab başlayandan az sonra bəlli oldu ki, onun tək bir oğlunun aylıq xərci bir neçə milyon dollardır; diktator özü təpiklər altında can verəndə isə Qəzzafinin xalqdan oğurladığı sərvətin miqdarı açıqlandı: 200 milyard dollar – Liviyanın dövlət büdcəsindən təxminən 20 dəfə çox.
Əsl reallıq budur, bir də Qəzzafinin sürücüsünün dedikləri: 30 ildi diktatora xidmət edirmiş, ayda da cəmi 300 dollar əməkhaqqı alırmış! Bəs normal iş müqabilində Liviyada 6 min dollar əməkhaqqı almaqla bağlı statistik məlumatlar necə oldu? Diktatorun sürücüsü niyə 300 dollar alırmış?
Dövlət büdcəsindən 20 dəfə artıq sərvət oğurlayıb öz adına yığan, hələ bir o qədərini də indiyə qədər ailəsinin mənasız xərclərinə səpələyən bir diktatorun ölkəsində hansı iqtisadi tərəqqidən, xalqın firavan yaşayışından, yüksək əməkhaqqıdan söhbət gedə bilər?
Siyasi azadlıq olmayanda iqtisadi rifah mümkünsüzdür – Liviyanın yalançı statistikası qarşısında aldanıb bu aksiomaya zidd fikir yürütməyə dəyməz. Iqtisadi azadlıqlar və sosial rifah – birbaşa siyasi, söz, mətbuat, ifadə azadlığının tərkib hissəsidir. Dünyada elə bir ölkə göstərin ki, əhalinin dolanışıq səviyyəsinə görə 10-cu, ancaq siyasi azadlığa görə 100-cü yerdə durmuş olsun!
Göstərə bilməzsiniz – çünki xalqın sosial rifahı ilə siyasi azadlığı düz mütənasibdir. Siyasi azadlıq olmayanda mafioz hakimiyyətin yaratdığı sosial təbəqələşmə ölkəni Liviyanın gününə salır…